Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Böyrəyini satan şahid: Kirayə pulu 3 min manata çatmışdı, işdən çıxarılmışdım...

28-04-2019, 10:18   
 



Şahid maddi imkansızlıqdan əməliyyata razı olduğunu deyib
Azərbaycanda maddi ehtiyac üzündən böyrəyini satdığını deyən daha bir nəfər Elvin Məmmədov məhkəmədə bu barədə danışıb. Aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində böyrək alverilə bağlı məhkəmə prosesində o, zərərçəkən qismində ifadə verib.
Yevlax sakini E.Məmmədov böyrəyini məhkəmədə müttəhimlər kürsüsündə əyləşən Vahib Xudadatov vasitəsilə satıb. Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində E.Məmmədov bildirib ki, V.Xudadatovdan şikayətçi deyil. O bildirib ki, böyrəyini pula ehtiyacı olduğu üçün satıb, V.Xudadatov da alıcı tapmaqda ona kömək edib: “Məni heç kim məcbur eləməyib. Özüm satmışam. Çünki maddi vəziyyətim pis idi”.
E.Məmmədov istintaqa ifadəsində bildirib ki, ailəsilə birlikdə kirayə qaldığı evin pulu ödəyə bilmirdi, məbləğ 3 min manata qədər artmışdı. İşlədiyi maşınyuma yerində baş vermiş hadisəyə görə, onun üzərinə 5500 manat ödəmək öhdəliyi qoyulmuşdu. Onun sözlərinə görə, müdir sənədlərini əlindən alıb, özünü də işdən çıxarmışdı. Nə vaxt pulu gətirib ödəsə, bundan sonra sənədləri qaytarılacaqdı: “Gündəlik xərclərə də pul tapa bilmirdim. Böyrəyimi satmaq qərarına gəldim. Həyat yoldaşımla danışdıq, razı olmadı. Sonra gördüm ki, başqa çıxış yolum yoxdur. Böyrəyin qiymətini öyrənmək üçün internetdəki elanlara baxdım. Böyrək almaq istəməsi barədə elandakı telefon nömrəsinə zəng elədim”.
Həmin nömrə V.Xudadatovun olub. Onlar danışıb görüşüblər, E.Məmmədov böyrəyini ehtiyacı olan başqa bir adama 10 min manata satmağa razılaşıb. Əvvəlcə müayinə üçün İrana getmək məsələsi ortaya çıxanda E.Məmmədov bildirib ki, borca görə sənədləri girov saxlanılıb. Xudadatov 500 manat ödəyərək, sənədini alıb. İrandakı müayinələrdən sonra onlar Gürcüstana gediblər. İranlı həkim Möhsen Tahiri də ora gəlib və transplantasiya əməliyyatı həyata keçirilib.
Şahid Şahmar Əsədovun isə özünə böyrək köçürülüb. O bildirib ki, Bakıda iranlı həkim Mohsen Tahirinin adını eşidib, onunla görüşüb. Şahidin sözlərinə görə, o, Tahiriyə ümumilikdə 30 min dollar pul verib. Bütün xərclər, o cümlədən donorun pulu, İranda müayinə, daha sonra Tacikistana səfər və orada əməliyyat xərclərinin hamısı bu vəsaitə daxil olub.
İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.
Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanset”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.
Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.
Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.
Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar