Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“MTN İŞİ” ÜZRƏ HƏBS OLUNANLAR DA BURAXILIR… – “Rabitə işi”ndə tutulanların hamısı azadlıqdadr

26-05-2019, 09:58   


           
“MTN İŞİ” ÜZRƏ HƏBS OLUNANLAR DA BURAXILIR… – “Rabitə işi”ndə tutulanların hamısı azadlıqdadr
2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu. Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, ümumilikdə 22 əməkdaşı həbsə alınmışdı.

Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda “MTN işi” “Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib.

Bu gün hər iki iş üzrə müttəhimlər kürsüsünə çıxarılmış vəzifə daşıyıcılarının bir çoxu artıq azadlıqdadır. Yaxın aylarda MTN generalı Akif Çovdarovun işçisi olmuş, onunla birgə həbs olunaraq məhkum edilmiş Akif Əliyev də azadlığa çıxacaq. “MTN işi”ni izləyənlərin bir çoxunda belə fikir formalaşıb ki, yaxın zamanlarda Akif Çovdarovun özü də azadlıqda ola bilər. Bunun üçün müvafiq zəmin yaranıb. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Akif Əliyev kasasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib. 2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir. Akif Əliyev MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə məhkum olunmuşdu. Elə həmin məhkəmədə Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesin son mərhələsində Akif Çovdarovun vəkili Sadiq Rəsulov generalın günahsız olduğunu, ittihamları qəbul etmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum olunub. Bu gün “MTN işi” üzrə həbs olunanlardan 10 nəfəri həbsdədir. Qalanları isə məhkəmələrdə cəzaları azaldılaraq azad olunublar.

“Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.

Qeyd edək ki, “MTN işi” çərçivəsində həbs olunanlardan nazirliyin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev 2 ay sonra saxlandığı istintaq təcridxanasında asılı vəziyyətdə aşkar olunmuşdu. Akif Çovdarov vəkili vasitəsilə İlqar Əliyevin döyülərək asılmasını açıqlamışdı.

“Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər” –deyə Akif Çovdarovun vəkili onun sözlərini ictimiyyətə çatıdırmışdı. Bu gün azadlıqda olanlar sırasında MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi, polkovnik Mirəziz Əsgərov da var. Onun cəzası öncə 3 ilə endirilib, daha sonra o, azadlığa buraxılıb.

Generallardan Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya elə birinci instansiya məhkəməsi şərti cəza verib. O, istintaq və məhkəmə dövründə də həbsdə saxlanmayıb. General xanımın rəhbərlik etdiyi idarənin əməkdaşları Fərhad Atayev və Elşad Əzizova da məhkəmə şərti cəza verərək, onları azadlığa buraxıb. MTN-in digər əməkdaşlarından Anar Şirəliyev və Eşqin Əliyevin hər birinə verilən 3 il həbs cəzası isə başa çatdığına görə onlar da xeyli vaxtdır azadlıqdadır.

Məhkəmənin hökmü ilə general rütbəsi alınanlardan A.Çovdarovla yanaşı, Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev və Zaur Məmmədov həbsdədir.

“Rabitə işi”ndə məhkum olunan vəzifə daşıyıcılarının bir çoxu Ali Məhkəmənin qərarına əsasən azadlığa çıxıblar. “MTN işi” üzrə həbsdə olan şəxslərin, o cümlədən Akif Çovdarovun işinə hələlik Ali Məhkəmə baxmayıb.

Belə ehtimallar var ki, ilin sonuna qədər “MTN işi” üzrə həbsdə qalan olmayacaq(musavat.com).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar