Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parlamentdə növbədənkənar sessiya başladı

14-06-2019, 08:46   


Özəl təhsil müəssisələri ilə bağlı dövlət rüsumları təsdiqləndi;  “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər etiraz doğurdu

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi.

İlk məsələ - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.

Deputat Tahir Kərimli isə ombudsmana əlavə səlahiyyətlərin verilməsini təklif etdi: “Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Qanunvericilik təşəbbüsü olan orqan ombudsmanın təkliflərini məcburi şəkildə müzakirəyə təqdim edilməlidir, bilinsin ki, rədd olunmayacaq”. O bildirdi ki, sədrin göstərişi ilə ombudsmanın qanunverici təşəbbüsləri Milli Məclisin komitələrində məcburi qaydada baxıla və plenar iclasın müzakirəsinə təqdim oluna bilər. T.Kərimli ombudsmanın bir müddət öncə amnistiya təşəbbüsü ilə çıxış etdiyini, lakin ona baxılmadığını da xatırlatdı.

Layihə 106 lehinə, 1 əleyhinə olmaqla əsas kimi qəbul edildi. İkinci oxunuşda isə yekdilliklə təsdiqləndi.

“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.

“Biz spikerin tapşırığına uyğun olaraq araşdırma apardıq, təklif edilən rüsumların dərəcələrinin digər ölkələrlə müqayisədə aşağı olduğu məlum oldu”. Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  qanunlara dəyişikliyin müzakirəsi zamanı bildirdi.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilk oxunuşda deputatların akkreditasiya ilə bağlı rüsumların yüksək olması barədə fikirlərinə cavabında bildirdi ki, narahatlığa əsas yoxdur: “Təhsil müəssisələrində akkreditasiyanın 5 ildən bir keçirilməsi nəzərdə tutulur. Şəffaflığa nail olunması və reytinqi müəyyənləşdirmək üçün əhəmiyyətli məsələdir. İnkişaf etmiş ölkələrdə akkreditasiyadan keçməyən təhsil müəssisələri ciddi təhsil müəssisələri kimi qəbul olunmur”.  Komitə sədri bildirdi ki, akkreditasiya 1 aydan 3 ayadək, mübahisəli məqamlarda 6 ayadək davam edir". Qeyd edək ki, ilk oxunuşdan sonra tələb olunan məbləğ aşağı salınıb. İ.Həbibbəyli paralellik də apardı: “Böyük Britaniyada akkreditasiyaya görə 28-65 min avro, Almaniyada 30-45 avro, Finlandiyada 30-40 min avro, hətta Ermənistanda 15 min avro - bizim təklif etdiyimizdən xeyli dərəcədə çox - tələb olunur”. Komitə rəhbəri əlavə etdi ki, indiki halda təklif olunan məbləğ müəssisə üçün və ödənişli qaydada oxuyan tələbə üçün heç bir gərginlik yaratmır: “Özəllərdə bir tələbənin ödəniş haqqı 3-4 min manatdır. Bir müəssisədən tələb olunan akkreditasiya haqqı təqribən bir tələbənin ödənişi miqdarındadır. Yaxud məktəbəqədər müəssisələrdə bir uşaq üçün bir ayda 300 manat ödəniş edilir. Bağça üçün təklif edilən rəqəm bir uşağın 1 illik təhsil haqqından da aşağıdır. Deməli, bu, müəssisənin özü üçün də gərginlik yaratmır. Ona görə də təklif edilən rəqəmlər məqbuldur. Deputat həmkarlarımızın həyəcanına da heç bir əsas yoxdur”.

İ. Həbibbəyli nəzərə çatdırıb ki, özəl təhsil müəssisələrində bir tələbənin təhsil haqqı 3-4 min manat civarındadır: “Ona görə də ali təhsil müəssisələrinin akkreditasiyası üçün rüsumun məbləği böyük rəqəm deyil. Özəl bağçalara gəlincə, özəl bağçalarda bir uşaq üçün ayda 200-300 manat haqq alınır. Özəl bağçalar üçün təklif edilən 2 min manat bir uşağın 1 illik təhsil haqqından da aşağıdır. Ona görə də təhsil müəssisələrinin akkreditasiyası üçün təklif edilən rüsumlar problem yaratmır, minimum hədlərdir”.

Spiker Oqtay Əsədov da dedi ki, Rusiya və Qazaxıstanda tələb olunan məbləğ Azərbaycandan 2 dəfə yarım çoxdur.

Qanun layihəsi səsə qoyuldu və 98 səslə qəbul edildi.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Qanuna əlavə edilən edilən 31-1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 2 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 5 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 12 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 12 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 12 000 manat dövlət rüsumu ödəməlidir.

Sənəd birinci oxunuşda qəbul edilən zaman akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 15000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15000 manat dövlət rüsumunun tutulması qeyd edilmişdi.

Miqrasiya Məsələsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi isə birinci oxunuşda müzakirə edildi. Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli qanun layihəsinə edilən dəyişikliklər barədə məlumat verdi: “Biz əcnəbinin Azərbaycanda qeydiyyatsız olma müddətini 3 gündən 15 günədək uzatmışıq. Dünyada bu müddət 15-20 gündən artıq deyil. Əgər 15 gündən sonra da belə hallar baş verərsə, onda nə etməlidir, bu məsələ də qanunvericilikdə əksini tapıb. Yəni əgər əcnəbi yerini dəyişirsə, 5 gün müddətində məlumat verməli, yenidən qeydiyyata düşməlidir”. Komitə sədri ikili vətəndaşlıqla bağlı məsələlərə də aydınlıq gətirdi: “Əgər hər hansı bir Azərbaycan vətəndaşı həm də digər ölkənin vətəndaşıdırsa, bu barədə 1 ay müddətində məlumat verməlidir. Bu barədə məlumat verməmək məsuliyyət yaradır, həm də vətəndaşlığın ləğvi üçün əsas yaradır. Lakin bu, heç də o demək deyil ki, həmişə Azərbaycan vətəndaşlığından məhrumetmə üçün əsasdır”. Ə.Hüseynli onu da bildirdi ki, Azərbaycan vətəndaşlığından çıxmış şəxs 30 gün ərzində ölkəni tərk etməlidir.

Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.  Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik də geniş müzakirə olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli layihə barədə danışarkən dedi ki, sahibkar və dövlət arasında yaranan mübahisələrə yeni yaradılacaq ixtisaslaşmış inzibati məhkəmələrdə baxılacaq: “Sahibkarlıq münasibətləri ilə bağlı məsələlərə isə yeni yaradılacaq kommersiya məhkəmələri baxacaq”. Ə.Hüseynli əlavə etdi ki, hazırda ümumi məhkəmələrdə baxılan bankın öhdəliyi, sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər kommersiya məhkəmələrinin səlahiyyətinə daxil edilir: “Sahibkarlıq bağlı məsələlərin məhkəmələrdə daha sürətli həlli ilə bağlı məsələlərə kommersiya məhkəmələri baxılacaq. Yeni formalaşdırılacaq inzibati məhkəmələrdə isə sırf inzibati işlərə baxılacaq”.

Ä°lgili resim

Deputat Tahir Kərimli isə yeni məhkəmələrin kommersiya məhkəməsi adlandırılmasına etirazını bildirdi: “Açığını deyim, camaat artıq alverçi ifadəsindən istifadə edir. Niyə iqtisadi yox, kommersiya adı olmalıdır? Yeni yaradılacaq məhkəmələrin ”kommersiya" adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə “alverxana”, “kommersant” deyirlər. “İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə “Kommersiya” verilir?"

Ə.Hüseynli isə cavabında dedi ki, kommersiya ifadəsi artıq bizim qanunda var, beynəlxalq təcrübədə də istifadə olunur: “Amma ikinci oxunuşda bu məsələyə bir daha baxa bilərik”.

Deputat Qüdrət Həsənquliyev dedi ki, prezidentin fərmanına əsasən, yeni iqtisadi məhkəmə gömrük, vergi, sığorta ödənişləri kimi məsələlərə baxmalı idi. Lakin deputatın sözlərnə görə, yenə də gömrük və vergi məsələlərinə inzibati məhkəmələr baxacaq: “Deməli, yeni bir dəyişiklik olmayacaq. Niyə vergi, gömrük, məcburi dövlət sığortasına kommersiya məhkəmələri baxmasın? Kommersiya mübahisələrinin də əhatə dairəsi dəqiqləşdirilməlidir. Deməli, sahibkarlar bundan sonra həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmələrinə müraciət edəcək. Niyə 3 məhkəməyə müraciət olmalıdır? Bütün bu məsələlərə bir məhkəmə - kommersiya məhkəməsi baxmalıdır”. Q.Həsənquliyev qeyd etdi ki, yeni məhkəmə yaradıldığı üçün onun adı kommersiya məhkəmələri də ola bilər: “Ancaq kommersiya məhkəmələri sahibkarlıqla bağlı bütün məsələlərə  baxmalıdır. İnanıram ki, növbəti oxunuşa qədər bu məsələyə baxılacaq”.

Q.Həsənquliyev bildirdi ki, yaradılan yeni kommersiya məhkəməsi prezidentin imzaladığı fərmanının 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələri həll etmir: “Yəni faktiki surətdə bu, prezidentin fərmanının icrası deyil. Əslində nə baş verir? Azərbaycan Respublikası prezidentinin 17 iyun 1999-cu ildə yerli iqtisad məhkəmələrinin yaradılması haqqında Fərmanı olub. 17 iyun 2010-cu ildə isə iqtisad məhkəmələri inzibati İqtisad məhkəmələrinə çevrilib. Yəni inzibati məhkəmələrlə iqtisad məhkəmələri birləşdirildi. İndi faktiki surətdə biz bunları ayırırıq. Real baş verən əslində budur. İqtisad məhkəmələrinin də adını dəyişib kommersiya məhkəməsi qoyuruq. Amma mahiyyət etibarilə ciddi bir dəyişiklik baş vermir. Əslində fərman ona görə imzalanmışdı ki, yeni yaradılacaq ixtisaslaşmış məhkəmə - birbaşa qeyd olunurdu - gömrük, vergi və məcburi dövlət sığortası ilə bağlı mübahisələri həll etmiş olsun”.

Deputat qanun layihəsinə əlavə və dəyişikliklər təklif etdi: “Söhbət müraciətin asanlaşdırılmasından gedir. Yəni sahibkar bir ünvan tanımalıdır. Amma burada nə baş verir? Əvvəllər sahibkar bəzi mübahisələr üzrə ümumi məhkəmələrə və İnzibati İqtisad Məhkəməyə müraciət edirdi. İndi artıq bu məhkəmələrin sayı 3 oldu. Deməli, sahibkarlar həm ümumi məhkəmələrə, həm inzibati, həm də kommersiya məhkəmələrinə müraciət edəcəklər. Burada asanlaşdırmadan söhbət getmədi ki. Biz əslində sahibkarların üz tutacağı ünvanların sayını ikidən üçə qaldırdıq. Ona görə də sahibkarlıq fəaliyyəti ilə bağlı bütün mübahisələrə yeni yaradılan kommersiya məhkəmələrində baxılmalıdır”.        

Deputat, tanınmış ürək cərrahı Rəşad Mahmudov bir neçə gün öncə Bərdədə təcili yardım əməkdaşlarına qarşı törədilmiş zorakılıqdan danışdı. “Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır” - deyən deputat əlavə etdi ki, iş başında təcili tibb yardım işçilərinə zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir: “Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələrdə nümunələr var. Mən bütün səhiyyə işçiləri adından bir daha geniş müzakirələr aparılmasını təkidlə xahiş edirəm. Onlara qarşı olan zorakılıq, sadəcə, cinayət məsuliyyəti deyil. Həm də təcili yardım əməkdaşlarının aldığı siqnala uyğun olaraq yeni ünvana getməsini əngəlləmək deməkdir”.

Milli Məclis bu gün öz işini davam etdirəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar