Ana səhifə

TÜRKİYƏNİN SURİYA ƏMƏLİYYATI ERMƏNİSTANDA TƏŞVİŞ YARADIB:"Kürdləri niyə satdılar?"

    Tarix: 14-10-2019 09:38   

Aram Amatuni

“1in.am”, Ermənistan, 12 oktyabr 2019-cu il

 

Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat Ermənistanda geniş ictimai rezonans doğurub. Erməni nöqteyi-nəzərincə, burada, sanki elə də aktual olmayan, lakin eyni zamanda erməni “ekzistensial” mövzusu və ya narahatlığı olan bir reallıq kifayət qədər çox yer tutur.

Cəmiyyətin bir hissəsi soruşur: “Niyə ABŞ öz müttəfiqi olan kürdləri müdafiə etmədi?” Və bu sual kontekstində deyirlər: “Niyə Ermənistan təhlükəsizlik baxımından Rusiyaya etibar etməlidir?” Əgər Rusiya hərbi bazası olmazsa, Türkiyə günün birində Ermənistanı da işğal edə bilər.

Cəmiyyətin digər hissəsi isə sual edir:“Nə üçün ruslar Türkiyəni durdurmur, axı onlar Suriyanın suverenliyinin müdafiəçisi mövqeyindən çıxış edirlər?” Belə sual verənlər də ola bilər: “Nə üçün Tehran Ankaranın qarşısını almır, axı onun da Suriyada əhəmiyyətli maraqları və iştirakı var?”

Məişət və ya internet səviyyəsində bu suallar, ola bilsin, yerindədir və ya “Bu sualların yeri bu səviyyədir” demək daha düzgün olardı. Çünki məqsəd yalnız simpatiya və ya antipatiyanın arqumentləşdirilməsi olduqda, siyasi səviyyədə bu sualların verilməsi tamamilə yersiz olur.

Aydındır ki, Suriyanın şimalındakı kürd qüvvələrini hamı, hərə bir səbəblə atıb və ya tərk edib. Özünə xas olan daha açıqlıqla və necə deyərlər, üzgörənlik etməyən ritorika ilə ABŞ Prezidenti Donald Tramp çıxış etdi. O, birbaşa bəyan etdi ki, kürdlər II Dünya Müharibəsinədək Amerika maraqlarını yetərli qədər dəstəkləməyiblər.

Ərdoğan Suriyaya müdaxilədən öncə yalnız Trampa deyil, Putinə də zəng edib. Putinin nə dediyi məlum deyil, lakin aydındır ki, ruslar mane olmadılar. Hərəsi bir yol seçməklə, praktiki, heç kim mane olmadı. Hərənin bir motivi, səbəbi vardı. Ola bilsin, gözləyirdilər ki, kürdlər Ankaranın boğazında “qalacaq”. Və ya sadəcə Suriyanın bu parçası Ankaraya çatacaq və müharibə yolu seçilib, çünki başqa yolla alması mümkün olmazdı.

Ümumiyyətlə, uzun illərdir Suriyada hadisələrin praktiki olaraq öz dövriliyinə uyğun şəkildə hansı məntiqlə inkişaf etməsi həddindən artıq dumanlıdır. Bir şey aydındır ki, region uzun illər ərzində insan faciəsi mühitinə çevrilib. Lakin böyük siyasət kontekstində, bu asılı durum, təbii, ən mühüm vəzifə, maraqlar uğrunda aparılan sərt mübarizədir. Burada ABŞ-ın kürdləri nə üçün qorumadığı və ya rusların nə üçün Türkiyəni durdurmadığı, o cümlədən türklərin Suriyaya necə müdaxilə ediblərsə, bir gün Ermənistana da elə müdaxilə edə biləcəkləri və yenə onları kimsənin durdurmayacağı haqqında düşünmək primitiv olur.

Axı sonunda hər bir dövlətin və xalqın risk və çağırışları, hər şeydən öncə, onun maraqlarının dəqiq ifadə olunması və beynəlxalq güc mərkəzlərinə təqdim olunması ilə şərtlənir. Və bu məsələdə hər hansı bir digər xalqın “nümunəsi”, çox yaxşı və ya faciəli olmasından asılı olmayaraq, heç bir şəkildə “tipik” ola bilməz. Sadəcə öz davranışını öyrənmək və inkişaf etdirmək məsələsi, necə deyərlər, dərslik materialı ola bilər.

Qlobal inkişaf prosesində hər hansı bir dövlətin və ya xalqın təhlükəsizliyi öz ərazisində hər hansı bir ölkənin hərbi bazasının mövcud olmasından deyil, milli maraqların və təhlükəsizliyin güc mərkəzlərinin maraqları və təhlükəsizliyi ilə nə dərəcədə uzlaşdırılmasından asılı olur. Əgər baza vardırsa belə, yuxarıda göstərilən müqayisədə olduğu kimi, yenə də bu hərbi bazanın nəyə xidmət edəcəyi şəraitdən asılı olacaq. Aydındır ki, kürdlər bu uzlaşdırmaya nail ola bilməyiblər.

Ermənistan isə bütövlükdə, geniş kontekstdə, buna nail olub. Şübhəsiz, Artsax (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) qələbəsindən sonra “status-kvo”nun saxlanması erməni ordusunun fəaliyyətinin, eyni zamanda Ermənistanın hətta öncəki qeyri-effektiv sistem şəraitində, – balansın nazik bir ipdən asılı olduğu dövrlər olsa da, – təmin edə bildiyi geniş uzlaşdırmanın nəticəsidir. Ermənistanın strateji vəzifəsi – bu ipləri müxtəlif köhnə və yeni istiqamətlərdə, mümkün olduqca və davamlı olaraq artırmaqdır.

Təcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net