Ana səhifə

Azərbaycanlılar niyə “Dubaydakılar kimi” yaşamırlar? Səbəblər..

    Tarix: 27-11-2019 08:53   
 

Azərbaycanlı turistlər neft ixrac edən ərəb ölkələrini səfər edirlər, oradakı yerli əhalinin həyatını görür və sual verirlər: neft ixrac edən başqa bir ölkənin, Azərbaycanın vətəndaşları niyə bu qədər yoxsuldur? Azərbaycanda orta əməkhaqqı 600 manata yaxındır ki, bu da 352 dollar edir. Dubayda inşaat işçiləri ayda təxminən o qədər alır. BƏƏ və digər ərəb ölkələrinin vətəndaşları isə dövlətin bağışladığı və kommunal xidmətləri ödənilən ikimərtəbəli villada yaşayaraq heç zaman çalışmaya bilir. Bunun niyə belə olmasının səbəbləri barədə Turan-ın sualına iqtisad elmləri namizədi Şahmar Ağabalayev cavab verir.
***
- Niyə biz Dubaydakılar kimi yaşamırıq?
-  Ərəb monarxiyalarındakı həyat barədə cəmiyyətdə tez-tez suallar olur,  ölkəmizdə dövlət menecmentinin nə dərəcədə səmərəsiz olduğunu göstərmək lazım gəlir. Adamları başa düşmək olar, çünki Azərbaycanda və BƏƏ eyni əraziyə malikdir, əhalinin sayı da eynidir. Ölkələrimizin neftlə zəngin olmasına baxmayaraq, BƏƏ-də  iqtisadi göstəriciləri çox fərqlidir. Öncə iqtisadiyyatın bəzi keyfiyyət göstəricilərini nəzərdən keçirəcəyik, sonra yoxsulluğumuzun səbəblərinə toxunacağıq. Əgər Əmirliklərdə adambaşına bizdən 2,97 dəfə çox neft istehsal edilirsə, ÜDM 3,9 dəfədən çoxdur və milli gəlir 10 qat artıqdır. Sadalanan göstəricilər arasında uyğunsuzluq var. BƏƏ-də yaşayış səviyyəsi Azərbaycanda olduğundan qat-qat yüksəkdir. Bu, ancaq keyfiyyətli dövlət idarəetməsi ilə baş verə bilər. Bəs bu, niyə baş verir? Bunun tarixi və subyektiv səbəbləri var.
Bizdən fərqli olaraq BƏƏ 1820-ci ildən 1971-ci ildə müstəqillik elan edilənə qədər Britaniya müstəmləkəsi olub. Biz isə təxminən bu tarixi dövrdə Rusiya imperiyasının tərkibində idik. Böyük Britaniya həmişə dövlətin həm siyasi, həm də iqtisadi sisteminin inkişafı baxımından  hər zaman Rusiya imperiyasını qabaqlamışdı.
Nəticə etibarilə daha qabaqcıl bir sistemlə təmasda olan ərəblər daha keyfiyyətli idarəetmə bacarıqlarına sahib oldular. Əmirliklərdə, bizdən fərqli olaraq, sosialist inkişaf dövrü olmayıb, onlar dünya iqtisadiyyatından təcrid olunmayıblar. Bununla yanaşı, Böyük Britaniya keçmiş öz keçmiş koloniyalarına müxtəlif problemlər yaratmadı, BƏƏ-nin inkişafını əngəlləmədi. Bu, təsadüfi deyildir, çünki ingilis müstəmləkələri arasında uğurlu ölkələr çoxdur. Bizim malik olmadığımız üstünlüklərə ərəb ölkələri öncədən sahib olub.
Ancaq ərəblərin və azərbaycanlıların həyat səviyyəsindəki fərq belə nəzərə çarpmazdı, əgər hökumətimiz bir sıra səhvlərə yol verməsəydi. Dövlət xadimlərimiz maliyyə sunamisi ilə müqayisə olunan neft gəlirləri daxil  olduqdan sonra belə nəticəyə gəldilər ki,  kifayət qədər ehtiyatlar ilə ölkəni müstəqil, inteqrasiya prosesləri olmadan inkişaf etdirə biləcəklər. Siyasi və iqtisadi elitanın bəzi hissəsində belə bir təsəvvür yaranmışdı ki, bizim kiçik bazarımız var və açıq qapılar siyasəti bizim bazarda beynəlxalq oyunçuların sayını artıracaq və bu, yerli biznesin inkişafına mənfi təsir göstərəcək. Daxili bazarı qorumaq adı altında ölkə ÜTT-yə daxil olmadı, Aİ ilə assosiativ üzvlük haqda sazişi imzalamadı, böyük dünya banklarının bizim bazara çıxışını məhdudlaşdırdı. Bizim Aİ ölkələri ilə viza rejimimiz var, bunu, hətta Türkiyədə də anlamırlar. Yüksək gömrük rüsumları Əmirliklərdə məşhur olan təkrar ixracın inkişafına xidmət etmir. İzolyasiya istənilən iqtisadiyyatın inkişafında əsas əngəldir.
Oxuculara aydın olsun deyə konkret nümunələrə nəzər salaq. 2000-ci illərin əvvəlində İngiltərənin HSBC Bankı məlum olmayan səbəbdən bizim bazarı tərk etdi. Dünya bank reytinqində bu bank 7-ci yeri tutur. Orada respublikanın valyuta depozitlərinin 45 faizi toplanmışdı. Onun gedişindən sonra heç bir iri Qərb bankı bizim bazarda iştirak etmədi. Bizim rəqibsiz qalan və bu depozitləri öz aralarında bölüşdürən banklarımız kredit faizlərini maksimum dərəcəyə qaldıraraq və yüksək mənfəət əldə etdilər. Lakin buna baxmayaraq, 2014-cü ildən sonra Azərbaycanın bank sistemi karton ev kimi çökdü. Öz şirəsində qaynayan banklarımız dünya bank sahəsinin kənarında qaldı və bu, menecmentin inkişaf səviyyəsinə mənfi təsir göstərdi. Rəqabətsiz idarəetmə kor olur. Odur ki, onlar təhlükəni vaxtında sezmədilər və böhrandan çıxış yolu tapa bilmədilər. Rəqabətin olmaması inhisarın yaranmasına səbəb olur, bu da korrupsiyanın inkişafına səbəb olur. Birlikdə onlar qandal kimi iqtisadiyyatı aşağı çəkirlər.
Əmirliklərdən fərqli olaraq, infrastruktur layihələrinin xərcləri ilə müqayisədə insan kapitalı xərcləri arasında uyğunsuzluq var. Bu da cəmiyyəti qıcıqlandırır.
Neft müqavilələrinin uğuru nədədir? Ondadır ki, onlarda qabaqcıl texnologiyalardan və dünya səviyyəli menecmentdən, biznesin  aparılması üçün xüsusi şəraitdən istifadə edirlər.
İqtisadiyyatın istənilən sahəsi üçün belə yanaşma əldə etməliyik. Ancaq bunun üçün inteqrasiya məsələlərinə konseptual yanaşmanı dəyişmək lazımdır.
Böyük neft gəlirlərinə baxmayaraq, əmirliklər açıq qapılar siyasəti yürütdülər və nəticəsi də göz önündədir.
BƏƏ-nin strukturunda qeyri-neft sektoru 60 faiz təşkil edir ki, bunun da 49,8 faizi xidmət sahəsidir. Təkrar ixrac (başqa ölkələrdə istehsal edilən malların təkrar satışı)  130 mlrd. dollar təşkil edir. Bu, Əmirliklərin neft ixracından 2 dəfə çoxdur və bizim ixracdan beş dəfə çoxdur. BƏƏ ildə 15 mln. turist qəbul edir və 50 mln. tranzitçiyə xidmət göstərir. Məncə, bu rəqəmlər açıq qapılar siyasətinin üstünlüyünü göstərmək üçün kifayətdir.
Dünyada bir ölkənin təcrid olunmuş vəziyyətdə uğur qazanacağına dair nümunə yoxdur. Lakin bundan  ölkələrin süqut etməsinə dair nümunələr var- SSRİ. Çinin uğuru isə iqtisadiyyatın açıq olması səbəbindən  dünyanın ən böyük iqtisadiyyatıdır.
- İrandakı “benzin böhranı ABŞ-ın sanksiyaları səbəbindən ölkənin təcrid olunmasının nəticəsidir? İİR-dəki vəziyyəti Azərbaycanla müqayisə etmək olarmı?
- İrandakı vəziyyəti bizim reallıqlar ilə uyğunlaşdırmaq düzgün deyil. Orada insanlar teokratik rejimdən beziblər və onu dəyişmək istədikləri üçün qiymət artımına belə kəskin etiraz edirlər. Hazırda orada siyasi dəyişiklik tələbi iqtisadi islahatların vacibliyini qabaqlayır. Yeri gəlmişkən, iqtisadi problemlər İran iqtisadiyyatının təcrid olunmasının nəticəsidir.
Bizdə vəziyyət tamamilə fərqlidir. Azərbaycanda dünyəvi siyasi sistem mövcuddur, buna görə də insanlar hökumətin iqtisadi siyasətinin dəyişdirilməsində daha çox maraqlıdırlar. Bizdə benzinin qiymətini nəzərdən keçirək və bu göstəricini digər ölkələrlə müqayisədə qiymətləndirməyə çalışaq. Benzinin orta dünya qiyməti 1,10 ABŞ dollarına bərabərdir. Bizdə bir litr ucuz benzin 0,47 dollara, Türkmənistanda 43, Qazaxıstanda 0,48, Rusiyada 0,68, Belarusda 0,71, ABŞ-da 0,71 dollara satılır. Azərbaycan benzinin qiyməti aşağı olan ölkələr onluğuna daxildir. Qiymətləri MDB-nin neft istehsal edən ölkələri ilə müqayisə etdikdə görürük ki, tarifimiz Türkmənistan və Qazaxıstanla eyni səviyyədədir, lakin Rusiyaya nisbətən 45 faiz ucuzdur. Ancaq bir istehlakçı olaraq bizi maraqlandırır: benzinin maya dəyərini azaltmaq üçün ehtiyat varmı? Bundan ötrü benzinin maya dəyərinin strukturunu bilmək lazımdır. Ancaq açıq mətbuatda SOCAR ilə bağlı bu məlumatları tapa bilmədim. Buna görə bu məsələyə digər tərəfdən yanaşacağıq. Benzinin qiymətini aşağıdakı xərclər formalaşdırır:
Neftin dəyəri;
NEZ-ə çatdırılma;
Emal xərcləri;
Pərakəndə xərclər;
Müxtəlif vergilər.
SOCAR tərəfindən tədarük olunan neftin dəyəri 11,6 dollarıdır. Halbuki, Rusiyada bu göstərici 25 dollardır. Belə çıxır ki, bizim neft Rusiya neftindən  2,2 dəfə ucuzdur. Sonra: Rusiya NEZ-ləri və yataqları arasındakı məsafə, bizdən fərqli olaraq, çox böyükdür. Bizdə faktiki olaraq neftin daşınmasına xərc çəkilmir. Bizim neft keyfiyyətinə görə dünyada ən yaxşısı sayılır, buna görə də Rusiyaya nisbətən bir vahid xammaldan daha çox benzin istehsal edirik. Bu rəqəmlərə əsaslanaraq belə bir nəticəyə gələ bilərik ki, bizim hökumətin qazın qiymətinin aşağı salınması üçün ehtiyatı var. Amma bu, çox güman ki, vergi yükünü etməyə imkan vermir, çünki büdcənin əsas yükünü bildiyimiz kimi, neft sektoru daşıyır. Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin əhəmiyyətinin azalması üçün qeyri-neft sektoru inkişaf etməlidir, nəticədə vergiqoyuluşu bazası genişlənəcək. O zaman vergilərin azaldılması hesabına qiyməti azaltmaq mümkündür. Bundan ötrü isə yuxarıda söylədiklərimizi həyata keçirmək lazımdır.
Bu kontekstdə ABŞ nümunəsi də maraqlıdır. Orada neft NEZ-ə çatdırılması benzinin qiymətindən 50 faizə qədər bahadır. Lakin aşağı vergi yükü (20 -25%) və yüksək texnoloji emal üsulları (bir litr neftdən 480 ml. benzin, Rusiyada olduğundan 3 dəfədən çoxdur) benzinin qiymətini Rusiya səviyyəsində saxlamağa imkan verir, baxmayaraq ki, ABŞ-da əməkhaqqı çox yüksəkdir. Bu, Amerikanın büdcəsinin neftdən asılı olmamasının nəticəsidir.

 -  Neft dövrü başa çatdıqdan sonra nə olacaq?
- Qorxulu bir şey yoxdur. İnkişaf etmiş ölkələrin əksəriyyəti neft dövlətləri deyil. Keçmiş sovet respublikaları Estoniya və Gürcüstanın nümunəsində deyə bilərik ki, neft olmadan da yaşamaq olar. Gürcüstan açıq qapılar siyasəti yürüdür. Öz məhsulları üçün ən böyük Rusiya bazarını itirən Gürcüstan adambaşına daxili milli gəlir göstəricisini 4130 dollara çatdırıb və bu göstərici üzrə bizi qabaqlayır. Neft yastığı olmadan beyinlər daha iti çalışır.  Bu isə insanın əsas sərvətidir. Ona görə də bu məsələdə nikbinəm.
Turan.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net