Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parlament xarici ölkələrdə xalqın milyonlarını səpələyib

6-12-2019, 09:02   

MM niyə hər il xarici səfərlər üçün əlavə vəsait istəyir?

Ezamiyyətlərə yeni büdcədən əlavə pul tələb olunur


Tarixin ən maraqlı və ən əcaib günlərini yaşayırıq. Biyabırçı Parlament ilə dörd illik fəaliyyətini yarıtmaz sayıb, buraxılması üçün prezidentə müraciət etdi. Adamların içi qan ağlayır. İllərlə başdakının əmrinə müntəzir ol, sonra da adını “yarıtmaz” qoysunlar. Getdi o çağlar, o maaşlar, o katibələr, o maşınlar, o səfərlər! Bir az əvvəl parlament üçün tutulan növbəti ilin xərclər smetasından narazı qaldığını yazmışdıq. Hətta MM-nin işlər müdiri 2020-ci il üzrə müəyyənləşən 45 milyon 488 min 15 manat xərc smetasının 1,9 milyon manat artırılması üçün Maliyyə Nazirliyinə müraciət etmişdi. Müdirin müraciətindən belə aydın olurdu ki, parlament üzvləri mühüm işlərlə məşğul olduqlarına görə, ayrılan vəsait onlara azlıq edir. Yeni fəaliyyət ili üçün əlavə vəsait tələb olunan sahələr arasında xarici ezamiyyətlər də var. Məlum müraciətdə “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat əlavə vəsait ayrılması xahiş olunur. Təbii, adamlar komforta öyrəşiblər. Guya xarici ölkələri gəzib-dolaşmaq, qonaqları bahalı restoranlarda gəzdirmək və hədiyyələrlə yola salmaq üçün ayrılan pula qənaət etmək olmazmış.

Turist deputatlar hər ilin sonunda ezamiyyət davası aparır

Diqqətinizi maraqlı bir məqama çəkmək istəyirik. Parlament nədənsə hər il ezamiyyət xərclərinin artırılması davasını döyür. Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı da bənzər hal baş vermişdi. O zaman da MM-nin İşlər İdarəsinin müdiri bildirmişdi ki, parlamentə gələn qonaqlara və xaricə gedən deputatlara görə ezamiyyətlərin sayı artıb. “Ona görə də əlavə vəsaitə ehtiyac var. Odur ki, o, xarici ezamiyyətlər üçün 200 min manat, digər zəruri məsələlərin həlli üçün 300 min manat, mətbəə xərclərinə 50 min manatın ayrılmasını xahiş edirik”. Deyilmişdir ki, 2017-ci ildə ezamiyyət xərclərində problemlər olub. Deputat Qüdrət Həsənquliyev də ayrılan vəsaitin azlığından şikayət etmişdi: “Biz beynəlxalq qurumlarda təmsil olunuruq, çoxlu xarici ezamiyyətlər həyata keçirilir. Prezident Administrasiyasının saxlanılmasına Mİlli Məclisin saxlanılmasından 4 dəfə çox vəsait, yəni 94 milyon manat nəzərdə tutulub. Maraqlıdır, bu fərq nə ilə bağlıdır? Biz hörmətli nazir Samir Şərifovdan xahiş edirəm ki, bunun səbəbini açıqlasınlar. Bəlkə Prezident Administrasiyasında işçi ştatı, xarici ezamiyyətlər Milli Məclisdən daha çoxdur”.

O böyük milyonlar hara gedir?

Ezamiyyət xərclərinin artırılmasını nədən belə israrla istədikləri aydındır. Son bir neçə ildə dövlət büdcəsindən bunların turist səfərlərinə böyük milyonlar xərclənib. Adamlar hər il dövlətin hesabına dünyanı dolaşıb zövq-səfa sürürlər. Bu səfərlərə necə böyük pulların israf edildiyi də mətbuatda dəfələrlə yazılıb. Ötən illərin belə yazılarından birində deyilir ki: “Prezident Administrasiyasındakı müvafiq nəzarət şöbəsi Milli Məclisə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyini, yeni korpusun tikintisində yol verilən mənimsəmələri araşdırıb. Bu zaman külli miqdarda yeyinti aşkarlanıb… Milli Məclisdə yeyinti istiqamətlərindən biri də xarici səfərlərdir. Milli Məclisin III çağırışı zamanı xarici səfərlərə 4 milyon manat sərf olunub. Keçmiş spiker Murtuz Ələsgərov isə xarici səfərlərə ümumi reysin ”ekonom klas”ında gedib-gəlirmiş. Dövlət hesabına turist səyahətlərinə alışmış müftəxorlar depressiyaya düşə bilərlər. Elə yalanlar uydururlar ki, guya bu səfərlərə ölkənin taleyüklü məsələlərini həll etmək üçün çıxırlar. Dünyada nə oyunlar çıxardıqlarını, Azərbaycan parlamentin necə təmsil etdiklərini “kürü diplomatiyası”ndan hamımız gördük.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar