Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hansı daha təhlükəlidir: Koronavirus, yoxsa Pərviz Abubəkirovun susqunluğu?

8-02-2020, 08:38   
Hansı daha təhlükəlidir: Koronavirus, yoxsa Pərviz Abubəkirovun susqunluğu?

Tural Ağatlı: “Pərviz Abubəkirovun mətbuat xidmətinin rəhbəri təyin edilməsi ilə Səhiyyə Nazirliyi qapalı bir təşkilata çevrildi”

 

2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində meydana çıxan koronavirus (2019-nCoV) qısa müddət ərzində Tayland, Cənubi Koreya, Yaponiya və bir sıra digər ölkələrə yayıldı. Bu günlərdə isə, sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda 12 nəfərin koronavirus qurbanı olması ilə bağlı iddialar meydana çıxdı.

 

Bu məlumatın həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlamağa çalışdıq, amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Səhiyyə Nazirliyinin “qaynar xətt”inə düşmək də mümkün olmadı.

 

Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevaya müraciət etdik. O, Azərbaycanda 12 nəfərin koronavirus qurbanı olması ilə bağlı yayılan məlumatı təkzib etdi: “Azərbaycanda bir nəfərdə də koronavirus infeksiyası qeydə alınmayıb”.

Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəlal İsayev də ölkədə yoluxma halları barədə məlumatın yalan olduğunu dedi: “Bu məlumatın haradan gəldiyi bəlli deyil. Bu günə qədər Azərbaycanda koronavirus infeksiyası halı qeydə alınmayıb. Çindən gələn bütün insanlar dərhal xüsusi tibb müəssisəsinə yerləşdirilir və 14 gün ərzində nəzarətdə saxlanılırlar. Allaha şükür ki, indiyədək müayinədən keçənlərdən heç birində koronavirus aşkarlanmayıb”.

 

Çində epidemiyanın miqyası barədə məlumat yayıldıqdan sonra hər kəs - həm cəmiyyət, həm də media narahatlıq keçirməyə başladı: Azərbaycanda bu virusun yayılma ehtimalı nə qədərdir və ən əsası Səhiyyə Nazirliyi tərəfindən hansı profilaktik tədbirlər görülür? Bu və digər suallar ortaya çıxdı. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən heç bir “dişədəyən” məlumat əldə etmək mümkün olmadı. Görünür P.Abubəkirov həmkarlarının çağırışlarına məhəl qoymaq istəmir.

 

Ayna.az saytının redaktoru Tural Ağatlının sözlərinə görə, Pərviz Abubəkirovun səsini son olaraq televiziya kanallarından birində aparıcılıq edərkən eşidib: “Pərviz Abubəkirovun mətbuat xidmətinin rəhbəri təyin edilməsi ilə Səhiyyə Nazirliyi qapalı bir təşkilata çevrildi”.

 

“Koronavirusun yayılmasından sonra Səhiyyə Nazirliyinin mətbuat xidməti ictimaiyyətə, çaxnaşmanın yayılmasının qarşısını ala biləcək hərtərəfli məlumat vermək məcburiyyətindədir. Amma Pərviz Abubəkirovun rəhbərlik etdiyi mətbuat xidməti özündə bu məcburiyyəti hiss etmir və susmağa üstünlük verir. Jurnalistlər məlumat mənbələrini axtarmağa məcbur olurlar. Həmin mənbələrdən əldə edilən məlumatları yayanda isə Səhiyyə Nazirliyi mətbuatı qərəzli şəkildə günahlandırır” – deyə Tural Ağatlı bildirdi.

 

Minval.az saytının əməkdaşı Yanina Mədətova da mövcud vəziyyətdən narazıdır: “Mətbuat xidməti telefon zənglərinə cavab vermir. Səhiyyə Nazirliyi millətin sağlamlığı üçün məsuliyyət daşıyan orqandır və Səhiyyə Nazirliyinin mətbuat xidməti koronavirusun yayılması ilə bağlı məlumatları ictimaiyyətin diqqətinə çatdırmalı idi”.

 

“Lakin bunun əvəzində mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təlaşa səbəb olan səssizliyə üstünlük verir. Səhiyyə Nazirliyinin işi lazımi tədbirlərin görülməsi və panika üçün səbəb olub-olmadığına aydınlıq gətirməkdir”, - Yanina Mədətova qeyd etdi.

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar