Ana səhifə

İnsanları özlərini təcrid etməyə məcbur edən hökumət onların tələbatını ödəmir

    Tarix: 29-03-2020 14:39   
x

 .turan.azTeleviziyada çıxış edən Azərbaycan Nazirlər Kabinetinin nümayəndəsi İbrahim Məmmədli ciddi karantin tədbirləri görülməsə ölkədə koronavirusla bağlı vəziyyətin İspaniya variantı üzrə inkişaf edəcəyi barədə xəbərdarlıq edib. Bu ölkədə təkcə martın 27-də pandemiyadan 769 nəfər ölüb. İ.Məmmədlinin çıxışından sonrakı gün Azərbaycan polisi küçəyə çıxan 65 yaşdan yuxarı şəxsləri 200 manat cərimə etməyə başlayıb.
Yaşlı insanların neçə müddət dustaq kimi yaşamalı olacağı məlum deyil. Əvvəllər mütəxəssislər iyunda istilərin başlaması ilə pandemiyanın başa çatacağını proqnozlaşdırırdılarsa, Harvard Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Aşiş Ca koronavirus pandemiyasının 12-18 ay davam edəcəyini proqnozlaşdırdığını bildirib. Yalnız təsirli peyvəndin ortaya çıxması ilə COVİD-19 üzərində qələbə qazanmaq mümkün olacaq. Almaniyada Robert Kox İnstitutundan koronavirus epidemiyasının 2 il davam edə biləcəyini bildiriblər, belə ki, pandemiya adətən dalğalı şəkildə keçir.
Özünütəcrid vəziyyətində yaşamaq məcburiyyətində olan Azərbaycan vətəndaşları ölkə hökumətinin onların elementar tələbatını təmin etmədiyi bir şəraitdə bu vəziyyətdə yaşamağın qeyri-mümkün olmasından gileylənir. Sosial şəbəkədə ərzaq və dərman gətirilməsini xahiş etmək üçün sosial xidmətin zəng mərkəzlərinə düşməyin mümkün olmadığı yazılır.
İstefada olan podpolkovnik Akif Həsənov Bakı Qalasındakı mənzildə yaşayır. O, məcburi dustaqlıq haqqında fikirlərini Turan-la bölüşüb.
"... rejimi pozanların 200 manata qədər cərimə olunması qərarının nəyə əsasən verildiyi məlum deyil, belə ki, küçəyə çıxanlar əsasən aptekə və ya mağazaya getmək istəyən təhna insanlardır. Yəni bu cəriməni ödəyən pensioner bir ay ac qalmağa məhkumdur və bu dieta koronavirusdan daha betər olacaq. 2500 manatlıq cəriməyə gəlincə, bunu onun yerinə həmin qərargahın öz üzvləri ödəməli olacaq.
Telefonla zəng edənlərə hansı sosial imtiyazlar təklif olunur və onların bu telefondan xəbəri varmı - bu da sual işarəsidir. Başqa ölkələrdə bu kontingent əvvəlcədən müəyyən olunub, könüllülər və ya polis hamının evini gəzərək xəbərdarlıq edib və zəngsiz də zəruri olan hər şeyi ünvan sahiblərinə çatdırırlar.
Özəl müəssisələrin işçiləri, gündəlik əməklə məşğul olanlar, başqa sözlə - "qul bazarlarında" dayananlar sosial cəhətdən necə təmin ediləcək? Axı kiçik müəssisələri işləməyən əməkdaşların əmək haqqını verməyə məcbur etmək bu müəssisələrin böyük hisssəsini iflasa məhkum etmək deməkdir.
Koronavirusa qarşı Mübarizə Fonduna daxil olan vəsaitin bir hissəsi büdcə təşkilatlarından daxil olur - bu, büdcə vəsaitinin mənimsənilməsi yolu ilə olur, ya büdcə işçilərinin əmək haqlarının köçürülməsi ilə? İkincisidirsə, yaşamaq üçün yeganə vəsaiti əmək haqqı olan insanları bu puldan məhrum etmək nə dərəcədə doğrudur?
Başqa sözlə, bütün toxunulan və toxunulmayan məsələlər konkret açıqlama tələb edir ki, əhali yaxın gələcəkdə onları nə gözlədiyini bilsin, belə ki, bu fəlakətin nə zaman başa çatacağı məlum deyil.
Özünütəcridə gəlincə, - bu, tamamilə doğru qərardır, amma insanları bu qədər uzun müddət evlərində saxlaya biləcək şərait yaradılmalıdır. Bu, kifayət qədər yorucudur və həyətyanı təsərrüfatı və ya ən azından həyəti olan fərdi evlərdə yaşayanlar özləri üçün hansısa məşğuliyyət tapa bilirlərsə, şəhər mənzillərində açıq havaya çıxmaq imkanı olmadan dörd divar arasında yaşayanlar üçün daha da çətindir. Bunun üçün yerli telestudiyaların maraqsız, cəlbediciliyi az olan, bəzən isə miskin proqramlarını yenidən nəzərdən keçirmək lazımdır ki, insanlar mavi ekranlar qarşısında zaman keçirə bilsin.
Özünütəcrid dövründə elektrik enerjisi, istilik və su daha çox sərf olunacaq, bəlkə də bu dövrdə onlardan istifadə normaları ləğv edilməlidir və ya dövlət ümumiyyətlə bu xərcləri öz üzərinə götürməlidir. Bu, internet və telefon danışıqlarına da aiddir.
Belə çətin vəziyyətdə dövlət qurumları açıqlama işinə daha fəal şəkildə cəlb edilməlidir, bu, şaiyələrin və ehtimalların yayılmasının qarşısını almağa imkan verər.
Xalq hökumət qarşısında yaranmış çətinlikəri başa düşür və hər biri açıqlama ilə müaiyət olunarsa, anlaşılmazlıqlara və ehtimallara yer qoymazsa, istənilən böhtan və şaiyələrin ortaya çıxmasına imkan verməzsə, qeyri-populyar qərarları da anlayışla qarşılayacaq.
Epidemiya ilə bağlı vəziyyəti obyektiv işıqlandırmaq lazımdır, belə ki, xalq bizi hansı real təhlükənin gözlədiyini tamamilə dərk etməlidir...", deyə A.Həsənov evindən yazdığı məktubda bildirib.
Özünütəcrid vəziyyətində yaşamaq məcburiyyətində olanların sağlamlığına bunun mənfi təsiri haqqında xarici həkimlər də danışır. Mütəxəssislər tənhalığın stres yaradacağı və az hərəkət etmə nəticəsində immunitetin zəifləyəcəyi barədə xəbərdarlıq edirlər. İmmuniteti aşağı olan insanlar koronavirusa daha tez yoluxur.
Dünən Ümumdünya Səhiyyə Təşkilatı tövsiyələr dərc edib.
"Kiçik mənzillərdə belə evin perimetri boyunca yerimək və ya yerinizdə addımlamaq sizin fəal qalmağınıza kömək edə bilər. Sizə zəng gəlirsə, söhbət edərkən oturmayın, ayaq üstdə dayanın və ya evdə gəzin. Gəzmək və ya idmanla məşğul olmaq üçün küçəyə çıxmaq qərarına gəlsəniz, başqa insanlardan ən az 1 metr məsafədə olduğunuzdan əmin olun", deyə ÜST-ün tövsiyə mətnində bildirilir.
Gün ərzində qısa idman hərəkətləri etmək, rəqs etmək, uşaqlarla oynamaq, evi yığışdırmaq və ya bağa qulluq etmək təklif olunur. Oturmuş vəziyyətdə çox zaman keçirmək tövsiyə olunmur - bundan başqa, fasiləsiz olaraq 30 dəqiqədən çox oturmamaq və tez-tez ayağa durmaq yaxşı olar.
"Ayaq üstdə işləməyə imkan verən yüksək ayaqlı masadan istifadə imkanını nəzərdən keçirin və ya altlıq kimi kitab və ya digər vasitələrdən istifadə edin. Oturmuş vəziyyətdə istirahət zamanı kitab oxumaq, masaüstü oyunlar və pazzllar kimi əqli fəaliyyət növlərinə üstünlük verin", deyə tövsiyələrdə bildirilir.
Həkimlər stresdən uzaq olmaq üçün dərin nəfəsi məsləhət görür. "Meditasiya, dərin nəfəs alıb-vermək sakitliyinizi qoruyub saxlamağınıza kömək edəcək", deyə ÜST həkimləri tövsiyə edir.
Həmçinin, düzgün qidalanmalı və kifayət qədər su - şəkər tərkibli içkilər deyil, saf su içməli olduğunuzu unutmamalısınız. ÜST israrla alkoqollu içkilərin istifadəsini məhdudlaşdırmağa və ya tamamilə dayandırmağa çağırır.turan.az
 
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net