Ana səhifə

Koronavirusun milyarderlərə “qayğısı”: 643 ZƏNGİNİN ÜMUMİ SƏRVƏTİ 3,531 TRİLYON DOLLARA QƏDƏR YÜKSƏLİB

    Tarix: 21-06-2020 09:06   

Ketrin Funq

Newsweek”, 18.06.2020

 

Koronavirus pandemiyası əsnasında milyonlarla amerikalı işsizlik müavinəti üçün müraciət etməyə davam edərkən, ABŞ-lı milyarderlər sərvətlərini 583 milyard dollar artırıb.

“Amerikalıların Vergi Ədaləti Üçün” (ATF) və Siyasi Tədqiqatlar İnstitutunun Bərabərlik üzrə Proqramının hesabatına əsasən, 18 mart-17 iyun tarixləri arasında milyarderlərin sərvəti 20 faiz çoxalıb.

“Forbes” məlumatlarının hər iki qrupda təhlili ABŞ aktivlərinin ümumi xalis dəyərini göstərir. Milyarderlər üç aylıq müddət ərzində sərvətlərini 2,948 trilyon dollardan 3,531 trilyon dollara qədər yüksəldib.

Mart ayının ortalarında başlayan məhdudiyyətlər dövründən bəri ABŞ-da siyahıya 29 milyarder əlavə olub, indi ölkə daxilində onların sayı 643 nəfərdir. Artan siyahıda 12 milyarder son 3 ayda sərvətlərini ikiqat artırıb. Onlardan biri, yük maşını istehsalçısı “Nikola Motor”-un qurucusu Trevor Milton sərvətini hətta beşqat yüksəldib.

“Üç ayda təxminən 600 milyarder sərvətini 330 milyon vətəndaşa xidmət göstərməni davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyduğunu söyləyən əyalətlərə nisbətən qat-qat artırıb”. Bunu ATF-in İcraçı direktoru Frank Klemente deyib.

“Onların sərvəti federal hökumətin birdəfəlik çeklərlə 150 milyondan çox amerikalıya ödədiyi vəsaitdən ikiqat çoxdur. Pandemiya dövründə nəsə aşkarlanacaqsa, bu, cəmiyyətimizin nə qədər qeyri-bərabər və nə qədər kəskin şəkildə dəyişməli olduğudur”, – deyə o əlavə edib.

Ölkənin ən tanınmış 5 milyarderi – Ceff Bezos, Bill Qeyts, Mark Zukerberq, Uorren Baffett və Larri Ellison – sərvətinin 101,7 milyard dollar artdığını bildirib. Bu, bütün 643 milyarderin ümumi sərvət artımının 17,4 faizi deməkdir.

Bezos və Zukerberqin birləşmiş sərvəti 583 milyard dolların 13 faizini təşkil edir.

Ceff Bezosun “Amazon”-u hər pərakəndə satışçıya nisbətən koronavirus xəstəliyindən daha çox faydalanıb, çünki dövlətin qadağa tədbirlərinə uyğun olaraq fərdi ticarət mağazaları bağlandığından elektron ticarətə artan tələbat yaranıb. Bezosun dollarla sərvət artımı digər milyarderlərdən daha çoxdur.

Qlobal səhiyyə böhranına görə 45,5 milyon amerikalı işsiz qalıb. ABŞ-da təsdiqlənmiş virusa yoluxma hallarının sayı 2 milyon nəfəri keçib. Həm sağlamlığa, həm də iqtisadiyyata təsir qeyri-bərabərlik az maaşlı işçilərə, qararəngli insanlara və qadınlara daha çox sirayət edib.

İlk beş milyarderin hamısı ağ irqdən olan kişilərdir.

Siyasi Tədqiqatlar İnstitutu Bərabərsizlik Proqramının direktoru Çak Kollinz bildirib: “Milyarderlərin sərvətinin artması, iş itkisi və ortababların rifah səviyyəsinin azalması ilə müqayisədə, pandemiyanın qeyri-bərabərliyi artırma təcrübəsini dramatikləşdirir. Ən pisi, o, bir yerə toparlanmaq və hamı üçün işləyən iqtisadiyyat qurma üçün tələb olunan vəhdəti sarsıdır”.

“ABŞ cəmiyyətinin ehtiyac duymadığı son şey böyük iqtisadi və irqi qütbləşmədir, – deyə Kollinz əlavə edib. – Milyarder sərvətlərinin artması və pandemiya ilə möhtəkirlik Amerika xalqının sağalmaq və vəhdətdə yüksəlmə naminə birlik və həmrəyliyini də pozur”.

Klemente “Newsweek”-ə açıqlamasında bildirib ki, bu müqayisələr mövcud qanunvericiliyin əksər amerikalılara kömək etmədiyini göstərir. “Konqres hərəkətə keçməlidir. Biz bu hesabatı bütün müzakirələrə əlavə üçün dərc edirik. Konqresdə hərəkətsizlik var. Xüsusən də Senat işin yaxşı getməsinə kömək etməlidir, orta və kiçik müəssisələrin batmamasına çalışmalıdır”.

O əlavə edib: “Böyük sərvət artımına sahib olan bir ovuc şəxsin mövcudluğu utandırıcıdır. ABŞ-da milyonlarla insana kömək edəcək qanunvericiliyə mane olan Senat liderinə sahib olmağımız da başqa bir ayıbdır”.

Klemente bildirib ki, Senatın çoxluq lideri Mitç MakKonnell milyarderlərin maraqlarını qanunvericilik yolu ilə dəstəkləyir. ATF İcraçı direktoru Nümayəndələr Palatasının bu yaxınlarda qəbul etdiyi “Sağlamlıq və İqtisadi Təminat Omnibus Fövqəladə Hallar (HEROES) Qanunu”nun Senata təqdim edilməsinə ümid edir. Onun fikrincə, Senat bu il 43.000 milyonçu və milyarder üçün nəzərdə tutulan, orta hesabla 1.6 milyon dollar vergi endirimi dəliyini bağlamalıdır.

Bu rəqəm Konqresin Vergi üzrə Birgə Komitəsində açıqlanıb.

Komitə bu boşluğun bağlanmasının 246 milyard dollar gəlir gətirəcəyini təxmin edir və qurumun üzvləri pandemiyadan qaynaqlanan tənəzzüldən əziyyət çəkən milyonlarla amerikalı işçiyə bu vəsait hesabına yardım veriləcəyinə inanırlar.

Tərcümə: Strateq.az




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net