Ana səhifə

Azərbaycanda xalq insan hüquqlarına qarşı həssaslaşmağa başlayıb

    Tarix: 09-05-2019 09:10   
 

Tarixi abidəyə qarşı həssaslıq elə insan hüquqlarına həssaslıqdır
2019-cu il başlayandan ölkədə əvvəl görünməmiş mövzularda etiraz aksiyaları ortaya çıxmaqdadır. Çox uzağa getməsək, bu ilin əvvəlindən indiyə kimi Azərbaycanda baş vermiş etiraz kampaniyalarını analiz etsək görərik ki, bu cür etirazlar müasir Azərbaycan üçün yenidir. Belə ki, əvvəl ancaq cəmiyyətin siyasi fəal hissəsi insan hüquqları ilə bağlı narahatçılıqlarını dilə gətirirdilərsə, indi siyasətlə elə də maraqlanmayan daha böyük qüvvələrin insan hüquqlarına çox fərqli sahələrinə belə həssaslaşması nəzərə çarpmaqdadır.
Bu il mart ayının 8-də feminist qadınların, qadınlara qarşı zorakılıq və ayrıseçkiliyə qarşı şəhərin mərkəzində keçirdiyi “8 Marş” adlı yürüşü də yuxarıda bəhs etdiyim tendensiyanın davamıdır. Qadınlar artıq öz cinslərinə qarşı çoxsaylı hücumları ölkədə baş verməkdə olan kütləvi hüquq pozuntuları fonunda dəyərləndirir. Bir növ, əgər cəmiyyətdə başqa hüquq pozuntularına səs çıxara bilməyirlərsə, ən azından öz hüquqlarını  qorumağa can atırlar.
Aprelin 4-də Bakı məktəblərinin birində intihar etmiş 14 yaşlı məktəbli Elinanın ölümünün ictimai sferada doğurdurduğu etiraz Azərbaycan cəmiyyəti üçün yeni idi. Buna qədər orduda, məktəblərdədə, iş yerlərində, universitetlərdə qısnama, ələ salma hallarıyla bağlı kütləvi etirazlar olduğu məlum deyil. Elina Hacıyevanın ölümündən sonrakı kütləvi etirazlar isə məktəblərdə minlərlə uşağın hüquqlarının ələsalma və başqa formada pozulmasına qarşı cəmiyyətin həssaslaşması idi.

Cəmiyyətimizin  hüquq pozuntularına  qarşı daha bir həssaslığı da heyvan hüquqlarına qarşı yaranmaqdadır. Doğrudur,  Bakıda və regionlarda itlərin kütləvi güllələnməsinə qarşı əvvəlki illər də kiçik etiraz kampaniyaları aparılmışdı. Ancaq, indi bu etirazlar daha intensiv və medianın daha çox qabartmasıyla gündəmə gəlməyə başladı.
Azərbaycan həbsxanalarında və polis idarələrində həmişə işgəncə yayğın hal olub, ancaq məhz indi hüquq müdafiəçiləri və media “Gəncə işi”, “Nardaran işi”, “Heykəl məhbuslarının işi” kimi cinayət işlərində işgəncə hallarını daha çox qabartmağa və üzərinə getməyə başladı. Bu mövzunun hələ də gündəmdə qalmasının səbəbi isə yenə də Azərbaycan cəmiyyətində son dövr yaranmış insan hüquqlarının pozulmasına qarşı xüsusi həssaslıqdır.
Daha iki etiraz aksiyası da lap bu günlərdə qeydə alınıb. Bunlardan biri Bakının Xətai rayonunda may ayının 6-da insanların ağac qətliamına kütləvi etirazı idi. Bu artıq Azərbaycanda çox yayılmış bir etiraz mövzusu olsa da, bu dəfəki etiraza toplaşan insanların sayı əvvəlki ağac qətliamlarına etirazlarla müqaisədə daha böyük idi.
Həmçinin mayın 3-də Meydan.TV-ilə əməkdaşlıq etmiş və ölkədən çıxış qadağası olan 8 nəfər jurnalsitin Baş Prokurorluq qarşısında etirazı da Azərbaycan cəmiyyəti üçün qismən də olsa yeni tip etirazdır.
Nəhayət ölkədə baş verən ən son səs-küylü etiraz aksiyası Bakının Süleyman Rüstəm Küçəsində yerləşən və 1903-cü ildə tikilmiş Molokan kilsəsinin sökülməsinə olan etirazdır. Bu etirazı unikal edən səbəblərin birincisi odur ki, Molokan kilsəsinin sökülməsinə etiraz edənlərin heç biri nə molokan deyil, nə də xristian deyil. Bu etiraz kampaniyası sosial şəbəkələr vasitəsilə sırf binada yerləşən “Salaam Cinema”nın təsisçiləri və tərəfdarları həmçinin kino və sənətsevərlərin tərəfindən aparılıb. Etirazı maraqlı edən ikinci səbəb isə, binanın uzun illər baxımsız qalması, arxitekturasının isə elə də nəzərəçarpan olmamasına baxmayaraq indi, məhz bu ərəfələrdə vətəndaşların diqqət mərkəzinə gəlməsidir.
Bütün bu vərdiş etmədiyimiz etirazların ortaq cəhəti odur ki, onlar sosial şəbəkə və müstəqil media tərəfindən verilən dəstəklə gücləndirilir və davamlılığı təmin olunur. Sanki, sosial media insanlara şəxsi hüquqlarıyla bağlı yeni bir şüur bəxş edir. İnsanlar düşünür ki, bir halda ki, ölkənin taleyi ilə bağlı fundamental məsələlərə: yəni azad seçki, toplaşmaq azadlığı, milli gəlirlərin ədalətli və şəvvaf bölünməsi, azad məhkəmə, azad media, işgəncəsiz polis və hüquqların pozulmadığı ordu tələb edə bilmirik, onda heç olmasa birbaşa özümüzə aid olan hüquq pozuntularına reaksiya verək. Axı, hakimiyyət xalqın hamısına dəxli olan haqq və hüquq pozuntularına etiraz edənləri dərhal siyasiləşməkdə və müxalifətin tərəfdarı olmaqda suçlayaraq saxta ittihamlarla həbs edir, ya da ona qarşı çoxlu təqib üsullarından istifadə edir. Buna görə də insanlar siyasiləşmə sayılmayan etiraz askiyalarına həvəslə qoşulur və bu cür etirazlar qısa müddətdə böyüyə bilir.
“Abzas”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net