Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Monopoliyaları, inhisarları dağıtmaq lazımdır” - Açıqlama

24-05-2019, 11:30   
 

İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirəsi aparılıb.
Deputat Əli Məsimli 2018-ci ilin büdcəsində gəlirlərin və xərclərin bütün bəndlər üzrə təxminən 30 faiz artdığını deyib.
O bildirib ki, neft amilinin üstünlüyü insan amilinin inkişafına yönəldilməlidir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyilən fikirlə razılaşmayıb.
Z.Səmədzadə qeyd edib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayırır: "Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur".
İqtisadçı ekspert Toğrul Maşallı Z.Səmədzadənin Azərbaycanı Nigeriya ilə müqayisə etməsinə münasibət bildirib: "Əslinə qalsa, ümumiyyətlə, neft ölkələrinin müqayisəsi düzgün deyil. Burada iki vacib məqam var: Birincisi, Nigeriyanın iqtisadi durumu  tamam başqadır. Orada vaxtilə sənaye də, kənd təsərrüfatı da vardı. Bunlar Nigeriyada əvvəldən yox idi,  nigeriyalılar bu sahələri yarada-yarada gəldilər. İkincisi isə orada dövlət dəstəyi və dövlətin iqtisadiyyatda rolu çox aşağıdır. Azərbaycanda isə vəziyyət başqadır”.
Ekspert Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı olmasına toxunaraq rəsmi məlumatların həqiqətəuyğun olmadığını deyib: "Fikrimcə, bizdə yoxsulluq Nigeriyadan aşağıdır. Hətta qat-qat aşağıdır. Amma yenə də rəsmi məlumatda bu barədə heç bir şey yoxdur. Çünki rəsmi məlumat ehtiyac meyarına əsaslanır. Ehtiyac meyarı isə reallıqdan çox uzaq bir rəqəmdir. Azərbaycanda yaşayış minimumu adam başına 180 manatdır. Amma əhalinin ehtiyacları heç 180 manata da çata bilmir. Ona görə yoxsulluq bizdə də yüksəkdir. Yoxsulluğun uçotu barəsində də normal iş aparılmır. Rəqəmlər çox şübhəlidir. Ona görə ki neçə illərdir, eyni rəqəm qalır, dəyişmir. İqtisadiyyatda isə proseslər baş verir, daimi və eyni rəqəm heç vaxt qala bilmir”.
Politoloq Azər Rəşidoğlu isə hər hansı müqayisə aparmaqla yox, ölkədə bir sıra azadlıqları bərpa etməklə inkişafa nail olmağın mümkünlüyünü qeyd edib: "Bu müqayisələrin aparılması, ölkəni hansısa başqa ölkə ilə müqayisə etmək düzgün deyil. Azərbaycanda çox şey lazım deyil. Azad məhkəmə sistemi və monopoliyaları, inhisarları dağıtmaq lazımdır. İnsanlara müxtəlif sferalarda fəaliyyət azadlığı verilməlidir. Məncə, Azərbaycan öz inkişaf yolunu tapacaq. Ölkənin Nigeriya, Somali və Anqola ilə müqayisəsində qüsur və təsbit olunacaq bir hal yoxdur. Bir daha deyirəm: Azərbaycana azad məhkəmə sistemi, monopoliyaları dağıtmaq və insanlara rahat fəaliyyət göstərə bilmələri üçün şərait yaratmaq lazımdır. Qalan məsələlər düşünürəm ki, düzələcək”.
2018-ci ildə büdcənin gəlirləri 20 milyard 127 milyon, xərcləri 21 milyard 47 milyon manat olub.
Bu il isə büdcənin gəlirləri 23 milyard 168 milyon manatdır. Xərcləri də 25 milyard manatdan çoxdur.
Rəsmilərin deməsinə görə, Azərbaycanda yoxsulluq cəmi 5 faizdir.
Müxalifət və müstəqil ekspertlər isə hesab edirlər ki, statistika düzgün aparılmayıb, reallıqda yoxsullar göstərilən rəqəmdən dəfələrlə yüksəkdir.  
Toplum.Tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar