Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“EGE” hospitalda ölümlər səngimir: morqdan yeni – Faktlar…

17-09-2019, 10:42   

Ötən həftə “EGE” hospitalda növbəti ölüm hadisəsi baş verdi və klinika tərəfindən susqunluqla qarşılandı.

“EGE” rəhbərliyi izaha vermədi ki, hospitalda müalicə alan Sabirabad sakini, 20 yaşlı Şamxal Məmmədov niyə vəfat edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılsa da, hələlik heç bir versiya açıqlanmayıb. Amma bu, “EGE”də ilk belə ölüm deyil.

Reportyor.info xatırladır ki, cəmi 3-4 ay qabaq, iyunun 10-da Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko hospitalda dünyasını dəyişmişdi.

Görünür ki, klinikanın adının və personalının dəyişməsi heç nəyi həll etməyib. Əvvəl “Grand” hospital kimi fəaliyyət göstərən klinikada ardıcıl ölüm faktları adının “EGE” ilə əvəzlənməsinə səbəb oldu.

Hətta elan olundu ki, rəhbərlik dəyişib, Türkiyədən yeni personal gəlib, azərbaycanlı həkimlər isə ixtisar olduqlarına görə şikayətlənmişdilər.

Lakin ad və kadr dəyişiklikləri ilə heç nə düzəlməyib. İyun və sentyabrda ölüm hadisələri hospitalda vəziyyətin ürəkaçan olmadığını göstərir. Bundan öncə yayılan xəbərləri də gözardı etmək olmaz.

Məsələn, Türkiyədən doktor Aytəkin Başarğan dəvət olunub. Onun öz ölkəsində 53 yaşlı bir xəstənin başına açdığı oyunlardan agah olmaq kifayətdir.

53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb.

Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib.

Bəs, Türkiyədən gətirilən neyrocərrah Özkan Tehli haqda nə demək olar? 65 yaşlı Həsən Qurbanovun qızı deyir ki, atası beyin qanaması keçirib.

Reklama inanıb “EGE” hospitala gediblər, Özkan Tehlinin yanında olublar. Uzun sözün qısası, kişinin gözünü şikəst edib, özü də yoxa çıxıb.

“Buna qədər “EGE” hospitala 20 min manatdan artıq ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq.

Məlum oldu ki, atam “EGE”də yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra “EGE”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu”, – deyə qızı bildirib.

Son xəbərlərə görə, türkiyəli həkimlər Azərbaycanı tərk etməyə başlayıb. Bir il əvvəl böyük ümidlərlə adını dəyişən və demək olar, bütün yerli kollektivi qalmaqallı şəkildə işdən qovaraq xəstəxanaya türkiyəli mütəxəssisləri dəvət edən rəhbərlik, reklam kampaniyalarına böyük büdcələr ayırsa da, gözlədikləri nəticələri ala bilməyiblər.

Türkiyəli həkimlərin ölkələrinə qayıtmaqlarının bir səbəbi kimi də onlara verilən böyük vədlərin yerinə yetirilməməsi göstərilir. Bildirilir ki, xəstəxananın rəhbərliyi həkimlərə yüksək maaşlar vəd edib Azərbaycana dəvət etsə də, bir müddət sonra bu vədlərini yerinə yetirməkdə çətinlik çəkməyə başlayıblar.

Reportyor.info xəbər verir ki, müğənni Əbdül Xalidin xalası oğlu 37 yaşlı Ramin Ələsgərovun, 20 yaşlı Ayşən Mirzəyevanın, 56 yaşlı Nurağa Qasımovun və saysız-hesabsız “həkim qurbanı” olan ölülərin siyahısı ilə rekord qıran “Grand” ləkələnmiş imicini ad dəyişməklə – yəni “rebrendinq”lə ört-basdır etməyə çalışdı.

Amma göründüyü kimi, hospitalda müalicə alan 20 yaşlı Şamxal Məmmədovun ölümü bu siyasəti alt-üst etdi. Axı 20 yaşlı cavan niyə ölməlidir, səbəbi varsa klinika açıqlama verməlidir, həkim danışmalıdır.

Ancaq hadisədən neçə gündür ki, keçib və “EGE” səsini çıxarmır. Hər iki adı ilə ölüm faktları qeydə alınan klinika sanki bir morq, qəssabxanadır.

Artıq cəmiyyətdə bu hospitala heç bir etibar, inam qalmayıb. İnsanlar güvənmir deyə “EGE”dən yan qaçırlar, yaxınlarına da ora müraciət etməyi məsləhət görmürlər. Üstəlik, qiymətlər baha…

Bir müddət əvvəl işdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə görə təcili adı dəyişiblər.

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir. Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib.

REPORTYOR.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar