Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zahid Oruc ilk sorğuya Bərdədən niyə başlamadı? - Vidadi İsayev islahatlara qarşı...

24-10-2019, 22:44   
 
Prezident islahatların “yol xəritəsi” çərçivəsində Sosial Tədqiqatlar Mərkəzini təsis etdi və deputat Zahid Orucu da quruma sədr təyin elədi ki, ictimai rəy obyektiv öyrənilsin.
Daha ona görə bu Mərkəz yaradılmadı ki, “gözə kül üfürən” hesabatlar açıqlansın, cəmiyyətin problemləri alayarımçıq, səthi araşdırılsın.
Z.Oruc kifayət qədər intellektual, analitik qabiliyyətə malik, dünyagörüşü olan siyasətçidir.
Onun parlamentdə və mətbuat səhifələrində çıxışlarına ötəri nəzər kifayət edir ki, hansı mütaliə baqajına sahibləndiyi təsəvvürü yaransın.
Lakin onun istərsə deputat, istərsə də STM sədri kimi səlahiyyəti çatır ki, millət vəkili olduğu Bərdə rayonunda problemləri, şikayətləri öyrənsin, qurumun əməkdaşları sorğu keçirsin, camaatı narahat edən məsələlər dilə gətirilsin.
Z.Oruc bu fəaliyyətinə elə deputatı olduğu Bərdədən başlamalıydı. Əvəzində nə müşahidə edirik? - sözügedən rayon məmur tapdağı altında inildəyir, icra başçısı Vidadi İsayev əhaliyə “divan tutur”, özbaşınalıq xirtdəyə çatıb, sakinləri isə narazı salan problemlər tədqiq olunmayıb.
Halbuki, Bərdədə yetərincə nüfuzu və hörməti olan Zahid Oruc STM əməkdaşlarını rayona ezam edə, sorğu keçirə, ictimai rəyi öyrənə bilərdi.
Anaxeber.info-nun məlumatına görə, Bərdənin icra başçısı Vidadi İsayev prezidentin islahatlar kursu ilə tam daban-dabana fəaliyyət göstərməkdədir. Onun yaşı 70-i keçməsə də, rayonda ictimai rəy vəzifəsindən istefa verməsini tələb edir.
Çünki Bərdədə incitmədiyi vətəndaş, sahibkar qalmayıb, şəhid ailələrinə, məcburi köçkünlərə kobud münasibəti dəyişməyib, rayonun küçələrini qarış-qarış satmadığı yer qalmayıb, elə icra nümayəndəsi, bələdiyyə sədri tapılmaz ki, V.İsayevdən dad eləməsin.
Çünki vaxtaşırı xərac yığımı, əsassız tələblər sonuncuların da səbr kasasını daşırıb. Bu, hələ vəzifə tutan çinovniklərdir. Aztəminatlı ailələr, köçkünlər, şəhid ailələri, eyni zamanda sosial şəraiti ağır olan sakinlər V.İsayevə yaxın düşə bilmirlər.
Bu iki zümrənin birləşdirən Bərdə ziyalılarına gəlincə, onların bir müddət əvvəl yaydığı bəyanat rayondakı acınacaqlı mənzərəni çılpaqlığı ilə ortaya qoyurdu. Z.Oruc mətbuata, şikayətçilərə inanmsa belə, ən azı bərdəli ziyalıların bəyanatına diqqət yetirməklə nəticə çıxara bilər.
Doğurdan da rayonda idarəçilik dözülməz hala çatıb. Sanki prezidentin həyata keçirdiyi islahatlar başqa planetdir, Bərdə başqa...
Faktlara nəzər yetirək: Heydər Əliyevin adına Bərdədə park salınıb.Bu park prezidentin ayırdığı vəsaitlə istifadəyə verilib. Əhalinin tez-tez gəzintiyə çıxdığı parkdır. Amma park bərbad vəziyyətə düşüb, baxımsız qalıb.
Məlum olur ki, parkın salınmasına ayrılan vəsaitin bir qismi mənimsənilib, işlər keyfiyyətsiz görülüb. Amma lampalar sıradan çıxıb, metlaxlar çat verib, lampaların plafonu məftillə bağlanıb, otlar quruyub.
Əvəzində isə nə olsa yaxşıdır - Vidadi İsayevin Yasamal RİH-də baş məsləhətçisi işləyən oğlu Tural İsayevin olduğu iddia edilən kafenin işıqları parkda bərq vurur.
Qaynı Çingizə də böyük şərait yaradıb. Başçı qaynına məxsus rayonda avtoyuma məntəqəsi, müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Ancaq  köçkün, şəhid ailələrinin bu rayonda bir qarış torpağı yoxdur.
Bərdə - Tərtər yolunda yaşıllıq məhv edilib. Gənclər İdarəsinin sabiq rəisi Anar Şahbazov vaxtilə bu ərazidə öz puluna yaşıllıq salmışdı.
Onları sulamışdı, baxmışdı, böyütmüşdü. Ancaq Vidadi İsayev ağacları qırdırıb, yerini satıb.
Bundan əlavə, rəsmi sənədlərə əsasən məlum olur ki, Bərdə RİH-nin sifarişi ilə 2011-ci ildə Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı kənd avtomobil yollarının təmiri üçün 3 996 500 manat ayrılıb.
2012-ci ildə isə Bərdənin küçələrində yolların təmiri üçün 119 944,22 manat ayrılıb. Bu da azmış kimi, 2015-ci ildə Yeni Daşkənd - Umudalılar kəndlərarası avtomobil yolunun tikinti işləri üçün 1 999 999, 76 manat dəyərində olan dövlət satınalmaları həyata keçirilib.
Bu müsabiqələrin qalibləri isə Alpout, Mustağaağalı, Qaratəpə, Nazırlı yollarının təmiri üçün 28 saylı Yol İstismar İdarəsi, Bərdə küçələrində yolların təmiri üçün “Elegant-CO” MMC, Yeni Daşkən - Umudalılar, kəndlərarası avtomobil yolunun təmiri üçün “Tac- 2014” MMC elan olunub.
Rəsmi sənədlərə istinad edərək, qeyd olunan məbləğlərin müqabilində görülən işlərin nəticəsinə baxanda, böyük ziddiyyətlər aşkarlanır.
Məlum olur ki, Bərdənin küçələrində yolların təmir edilməsi ilə bağlı müsabiqənin qalibi olan “Elegant CO” MMC (VÖEN 3300293521) 2011-ci ilin, yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərinə görə, qurumun hüquqi ünvanı Ağdaşın Pirəzə kəndi göstərilib və şirkətin qanuni nümayəndəsi Rüstəmov Anar Səməd oğludur.
Lakin araşdırmadan çıxan nəticə ondan ibarətdir ki, Ağdaşın Pirəzə kəndində bu adda şirkət fəaliyyət göstərmir. Dəhşətdir.
Bərdənin icra başçısı dövlət satınalmalarında yol verdiyi maxinasiyaların izini azdırmaq üçün bu rayona aidiyyatı olmayan və fəaliyyətsiz bir şirkəti tenderdə "qalib" elan edir və ünvan olaraq Ağdaşda bir kəndi göstərir.
Onlarla belə maxinasiya faktı mətbuatda sənəd-sübutla var. Amma Z.Oruc seçiciləri ilə görüşdə yaxud STM-in sorğu sayəsində bunları öyrənə bilər.
Anaxeber.info yazır ki, ziyalıların “Məktəb” qəzetində dərc olunan müraciətində V.İsayevin həbsini istəmişdilər.
Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin binası sökdürüb, ailəyə dəyən zərəri ödəməyib.
Bəyanatda deyilir: “Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdıb, şəhidlərin şəkillərini gecə zibilxanada basdırıb.
Bərdəli olan yerli kadrları işdən kənarlaşdırmış, ayrı-ayrı rayonlardan özü kimi quldurları Bərdədə vəzifə ilə təmin edib.
Siz ziyalıları nadanlardan qoruduğunuz halda, bu cahil Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı çərlədib öldürüb.
Vidadi Bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir. Vidadi 2011-ci ilin martından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməmişdir. Hüzn məclisində beş dəqiqə oturmayıb.
Vidadi çoxillik çinarlardan 50-dən çoxunu gecə kəsdirib, gecə Bərdədən çıxartdırıb. Şəhərdə çinar yoğunluğunda, çinar hündürlükdə bir cökə ağacı vardı, onu da gecə kəsdirmiş və gecə də aparıb. Vidadi Bərdədə olan arxeoloji qazıntını zir-zibillə, torpaqla doldurub.
Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırdı.
Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.
Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb.
Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını gecə daşıtmışdır. Doxsan yeddi gözdəki mebelləri daşıdıb.
Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və tikdi, materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırdı. 9 nömrəki betonzavod vardı.
Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürdü və avadanlıqlarını gecə də daşıtdırdı. Mədəniyyət sarayının sökülməsi on ay, zavodun sökülməsi 1 il, 2 ay çəkdi.
Vidadi İsayev haqda o qədər ittihamlar, informasiyalar meydana çıxdı ki, prezident onların bir neçəsi ilə tanış olarsa, ertəsi sərəncamını verərək vəzifəsindən azad edər.
Əslində, onun E.Vəliyevlə yaxınlığı, sabiq Gəncə şefi hesabına Bərdəyə rəhbər posta gətirilməsindən aydın olmalıydı ki, rayonu necə idarə edəcək.
Misal üçün, V.İsayev prezident İlham Əliyevdən fərqli olaraq, şəhid ailələrini, qaçqınları görən gözü yoxdur. O mənada ki, onları görmək, görüşmək istəmir, qapısına gələni qəbul eləmir, birinin dərdinə yanmır.
Xatırlayırsınızsa, şəhid xanımı Yasəmən İsmayılovanı qəbul etməmiş, qovmuş, məsələ ictimailəşəndən sonra evinə polis göndərib onu həbslə təhdid etmişdi. Yəni, bu tip adamdır.
İkincisi, Vidadi İsayev şəhərin mərkəzində əlini hara qoyursa, oranı səhər 150-200 minə imkanlı biznesmenlərə satır. Prezident son çıxışında bu məsələdən sərt danışmışdı.
Vidadi İsayevin əlindən bir qarış səki, torpaq, yaşıllıq qalmayacaq. İcra başçısı yaşıllıqları iş adamlarına satır, tikintiyə qurban verir, heç kəs də ona qarışa bilmir.
Hətta Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti də Bərdədə yaşıl terrordan yazmışdı, deputat Bəxtiyar Sadıqov Vidadi İsayevi tənqid etmişdi. Amma nə deputatın çıxışı, nə parlamentin qəzetinin tənqidləri, nə də prezidentin son mesajları Vidadi İsayevə dərs olub.

Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar