Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parlamentin Amfibiya Deputatı Arif Rəhimzadə

29-10-2019, 09:35   



Zamanında dövlət müstəqilliyimizin əleyhinə səs verən Arif Rəhimzadə növbəti dəfə parlamentdə yer almaq istəyir. Deyəsən 25 ilin deputatlığı adamın gözünü doydurmayıb. 25 il parlamentdə oturub böyük bir iş görürmüş kimi, yenidən mandat almaq iddiasındadır. 78 yaşlı qocanı qınamayın, nə qədər ağrılı olsa da, müstəqilliyimizin əleyhinə səs verənlərin çoxu bu hakimiyyətin dövründə ən yüksək vəzifələrə oturdulub. Bir çoxu illərdir parlamenti zəbt edib, mandat hesabına oliqarx olub, milyonlar qazanıb. On illərdir kresloya qır-saqqız olan Rəhimzadəyə hər zamankı kimi, 2015-ci ilin seçkilərində də Neftçala seçki dairəsində 73 faiz səs yazıblar. Onun ən yaxın rəqibi isə 9 faiz səs alıb. “Bu rəqəmlər göstərir ki, rəqabətsiz seçkidə Rəhimzadə deputat təyin edilib. Yəni onu üzgüçülük hovuzuna buraxıblar, sonra da rəqiblərinin qollarını bağlayaraq Rəhimzadənin onları üzüb keçməsini təşkil ediblər.
Rəhimzadənin gələn il yenidən deputat təyin olunmaq istəyinə gəldikdə, onun yaşda iqtidar düşərgəsində olanların düşünməli olduğu bir məsələ var. Görəsən, ölkədə 65 yaşdan yuxarı yaşlılar arasında öz təqaüdü ilə dolanan və sağlamlığı üçün vəsaiti çatan vətəndaşımız nə qədərdi? Məhz bu göstəricilərlə müqayisə də Rəhimzadə kimilərinin 25 il ərzində qurduqları sistemi müdafiə etməsi müstəsna həyasızlıqdı.” Bunu uzun illərdir ölkədə seçki monitorinqi məsələləri ilə məşğul olan SMDT-nin rəhbəri Anar Məmmədli yazıb.

Rəhimzadənin 78 yaşında deputat olmaq dirənişi, həqiqətən, “müstəsna həyasızlıqdır.” Adam bir dəfə də olsun, müstəqilliyimizin əleyhinə səs verməsindən peşmanlığını dilə gətirməyib. Əksinə, hər dəfə yüz bəhanə ilə özünə haqq qazandırmağa çalışıb. Təəssüflər olsun ki, bu hakimiyyətin zamanında ölkənin istiqlal mübarizəsində böyük xidmətləri olan bütün insanlar atılıb kənara, müstəqilliyin bəhrəsini isə sovet təfəkkürlü Rəhimzadələr görüb. Ölkənin istiqlalı uğrunda həyatını vermiş insanlar on illərdir ehtiyac və məhrumiyyət içində yaşasa da, Rəhimzadə kimi azadlıq düşmənləri kefini sürüb. Adamın içindəki sovet sevgisi, müstəqillik antipatiyası indi də özünü açıqca büruzə verir. Azərbaycanın İstiqlal Bəyannaməsinə imza atan 43 şəxsdən biri – Sülhəddin Əkbər ötən müsahibələrinin birində o dövrü belə xatırlayır: “Həmin dövrdə Müstəqillik Aktının əleyhinə çıxan qüvvələr Kremlə, xüsusi xidmət orqanlarına bağlı qüvvələr idi və onlar Azərbaycanın müstəqilliyini istəmirdilər. Ehtiyat edən deputatlar heç olmasa bitərəf qalırdılar, müstəqilliyə qarşı aqressiv mövqe ortaya qoymurdular. Arif Rəhimzadə müstəqilliyə qarşı ən çox aqressiv çıxış edən şəxslərdən biri idi. Sona qədər müstəqilliyə qarşı bir neçə deputat çıxış etdi və onlardan biri də Arif Rəhimzadə idi.”
Əlavə sözə ehtiyac varmı? Bu adamın nədən parlamentdə qalmaq iddiası ilə inadla dirəndiyinin, mandatını təzələmək üçün, az qala, həkimdən sağlamlıq kağızı gətirib millətin gözünə soxmaq istəyinin arxasında hansı maraqlar dayanır, sizcə? Hər şey aydındır və nəticə çıxarıb müstəqilliyimizə düşmən olan bu adamlardan qurtulmaq hünəri özümüzə qalıb. Azadlığımıza düşmən kəsilmiş bu tiplər on illərdir o azadlığı qazanmış insanların haqqını yeyir. Artıq o haqqı bu adamlara haram etməyin zamanı yetişib. Növbəti parlament seçkilərində bunların hamısını süpürüb tarixin zibilliyinə atmalıyıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar