Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hakimiyyət İmamverdi İsmayılova görə Sumqayıtda söyülür

7-11-2019, 08:56   

Məcburi köçkünlərin 25 illik paslanmış deputatı

Bizim “Striptiz” Məclisin başıbəla deputatları siyahısı ilə gəlib çatdıq məcburi köçkünləri təmsil edən mandat sahiblərinə. Zəngilan-Qubadlı seçki dairəsindən 25 ildir mandat alan İmamverdi İsmayılovu buralarda yaxşı tanıyırlar. Amma sözün bütün mənfi mənalarında. Qubadlı-Zəngilan camaatı dərd-sərini söyləmək üçün onu on illərdir axtarıb tapa bilmir. Bəzi seçicilər adamın öldü-qaldısından belə nigarandır. Sağ olduğunu ara-sıra mətbuatdan oxuduqlarını deyirlər. Bu xəbərlər də ancaq onun biznes fəaliyyəti və qaranlıq işləri haqqında olur. Adam on illərdir deputat olduğunu unudub, öz biznesi ilə məşğuldur. Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları var, buradakı tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır. Deputatın həm də bahalı maşınlara həvəskar olduğu məlumdur. Bununla bağlı mediada vaxtaşırı yer alan xəbərlərdən yalnız birini xatırladırıq: “Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır. Bundan başqa, bizə çatan məlumata görə, İmamverdi İsmayılov Sumqayıtda özünə yeni bahalı villa da tikdirir. İndiyədək deputat bu villanın tikintisinə 700 min manat sərf edib.“


Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyası da varmış. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur və onu “özəlləşdirən” də deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovdur. Həmin İlkin İsmayılov ki, adı qalmaqallı bir qətl işinə qarışmışdı. Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu. O vaxt Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilmişdi. Bu hadisə zamanı İlkin İsmayılovun nömrə alveri ilə məşğul olması barədə söz-söhbətlərin də yayılmasına səbəb olmuşdu. Bundan başqa, deputatın adı daha bir qalmaqallı işdə- MTN işində də keçib. O zaman həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktorunun istintaqı zamanı onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxıb. İmamverdi İsmayılovun qəzet vasitəsilə bəzi məmurlar haqqında informasiyalar yazdırdığı bəlli olub. Mətbuatda onun oğlu ilə bağlı başqa bir qalmaqallı xəbər də çıxmışdı-deputat oğlunun direktoru şagirdlərin önündə döyməsi xəbəri.

Amma göründüyü kimi, deputat bütün bu qara işlərin içindən sapasağ çıxıb və hələ növbəti seçkilərdə də deputat olmaq iddiasındadır. Məclislərin birində İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını bildirib. Onun seçicilərlə 25 illik münasibətsizliyi də bunu açıq şəkildə sübut edir. Deputat həyatında bir dəfə Sumqayıtdakı məcburi köçkünlərin arasına gəlib un paylayıb. O undan da insanlar kütləvi şəkildə zəhərlənib. Araşdırma zamanı məlum olub ki, həmin un məcburi köçkünlərə yardım üçün gəlib, paylanmadığına görə anbarda vaxtı keçmiş məhsul olub. Bəlli ki, Azərbaycan reallığında deputatdan seçicilərin razı qalıb-qalmadığı çox da önəmli deyil axı. Əsas odur ki, yuxarılar onun işindən razıdır. Hələ üstəlik prezident adamın fəaliyyətini yüksək qiymətləndirib, ona “Şöhrət” ordeni də verib.

Maraqlısı odur ki, çayxanada dedi-qodu ilə ən çox məşqul olan deputat məhz İmamverdi İsmaylovdur. Hansı deputat hansı xarici ölkəyə gedib, toya nə gədər pul salıb, İlham Əliyev kimə nə deyib… İmamverdiyə hər şey maraqlıdır.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar