Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kanalizasiya pulunu yeyən Qorxmaz - “Neft daşları”ndan “Azərsu”ya qədər gələn yol

15-11-2019, 09:53   

Kanalizasiya pulunu yeyən Qorxmaz

Neftçi dostlar “Azərsu” da pul yumağı necə öyrəndi?

Yaxın günlərdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun daha bir “aforizmi” sosial şəbəkələrə məsxərə olmuşdu. Sədrin “Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin artması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur” sözləri sosial şəbəkələrdə günlərlə lağa qoyulmuşdu. Əhali boş yerə “Azərsu”ya kanalizasiya milyardlarını yeyən qurum adı verməyib. O, ölkə əhalisinin problemləri ilə bağlı ən çox gündəmə gələn dövlət qurumlarından biridir. Qurumun adı həm də zaman-zaman böyük korrupsiya qalmaqallarında hallanıb. Mediada yer alan məlumatlara görə, təkcə 2005-2014-cü illər arasında bu quruma kreditlərlə birgə ayrılan vəsaitin ümumi məbləği 4, 8 milyard manat olub. Həmin vəsaitlərin böyük bir hissəsi paytaxtda kanalizasiya sistemlərinin qurulmasına xərclənsə də, şəhər əhalisi illərdir bunun nəticəsini görə bilmir. Göy üzünə bulud gələn kimi, paytaxtın küçələrində əvvəlki mənzərə təkrarlanır, keçidlər, yollar, dayanacaqlar sel içində üzməyə başlayır. Biz hələ suyun keyfiyyəti ilə bağlı məsələləri demirik, o ölkənin daha ağrılı, daha köklü problemidir. Hamı bilir ki, Qorxmaz Hüseynov SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adamıdır . İllərdir biri neftin, biri suyun qabağını kəsib, arxı öz bostanına axıdır. Amma biz bu bəladan qurtarmağını yolunu hakimiyyətə göstərə bilərik. Bir halda ki, ölkədə müxtəlif qurumların birləşdirilməsinə başlanıb, fəaliyyətsiz “Azərsu”nun mövcud qurumlardan birinin tabeçiliyinə verilməsi təklifinə niyə baxılmasın? Axı, bu qədər milyardlar xərclənib, ortaya səmərəli bir iş qoya bilməyən təşkilat kimin nəyinə gərək? Onu müzakirəsiz, mübahisəsiz ləğv edib, Ekologiya Nazirliyinin tabeçiliyinə vermək olmazmı məsələ bitib getsin?

“Neft daşları”ndan “Azərsu”ya qədər gələn yol

İllərdir iri məmurlar arasında didişmə meydanına çevrilən “Azərsu” zaman-zaman fərqli adamların nəzarətində olub. İndi Hüseynovu hamı “SOCAR”-ın prezidenti Rövnəq Abdullayevin adamı kimi tanıyır. Deputat İqbal Məmmədovun açıqlamalarından da aydın olur ki, onların dostluğu tələbəlik illərindən başlanıb. “Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Təyinatla Neft Daşlarına düşmüşdük. Çox yaxın dostlarıq. Xalq Təsərrüfatı bitirənlərdən imkanlılar çox idi, onları yaxşı yerlərə təyin edirdilər. Bizim kimi adamı olmayanlar isə Neft Daşlarına göndərilirdi. Bu gün hərəsi dövlətdə yüksək vəzifədədir. Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var. Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım.” Deputat bircə onu deməyib ki, hər üçü pillələri qalxa-qalxa yaxşı pul yumağı öyrəniblər. Abdullayev SOCAR-a prezident keçən kimi Qorxmaz Hüseynovu yanına gətirib, Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsinə qoyub. 2007-ci ildə o, şirkətin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib, 2011-ci ildə isə həmin vəzifədən azad edilərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə göndərilib. O vaxtdan Abdullayev “Azərsu”dan şəxsi təsərrüfatı kimi istifadə etməyə başlayıb. İş o yerə gəlib çatıb ki, adam şəxsi obyekti “Xalq Bank”ın ofisini də “Azərsu”ya məxsus ərazidə tikdirib.

Böyük balıqların yem davası

“Azərsu”nun hesabından böyük pullar gəlib keçdiyinə görə, qurum ətrafında hər zaman qalmaqallar yaşanıb. Amma iki il əvvəl mətbuatda belə bir iddia ortaya çıxdı ki, Qorxmaz Hüseynov öz tələbəlik dostu və otaq yoldaşı Abdullayevə xilaf çıxıb. O, SOCAR-ın prezidenti olmaq üçün müəyyən qüvvələrlə danışıqlar aparıb. Bu məsələdə ona vasitəçilik edən şəxsin keçmiş səfir Eldar Həsənov olduğu da yer alan iddialar arasında idi. Yazıda bildirilirdi ki, Qorxmaz Hüseynovun Eldar Həsənovla müxtəlif ölkələrdə şərikli biznesi var. Onlardan biri də ikisinin Türkiyədə şərikli sahib olduqları zavoddur. Qorxmaz Hüseynovun başqa bir çox biznes obyektləri olduğu da məlumdur və onların yaxın qohumları tərəfindən idarə olunduğu deyilir. Sədrin “Azərsu”da da bütün iri işləri öz qohumlarına, bacısı oğlu Yusifəli, qaynı Namiq və qardaşı Məhəmmədə həvalə etdiyi bildirilir. İndilərdə Rövnəq Abdullayevə Hüseynovun arasının necə olduğunu bilmirik. Amma adamın dost sarıdan da, neft sarıdan da, su sarıdan da bəxti gətirib. Bu uzun illərdə hər üçü ona tonlarla çirkli pulu yumağa yardımçı olub. Amma bu işin bir nəhs tərəfi də var, çirkli əllər adamı qaranlıq yerlərə aparıb çıxa bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar