Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

9 fevral Ümidi: erkən seçkiyə hansı liderlər gecikir?

11-12-2019, 11:00   
 


9 fevral seçkisinə ən böyük namizəd ordusu ilə səfərbər olan müxalif təşkilat Ümid Partiyasıdır.
Anaxeber.info məlumat verir ki, 85 namizədlə növbədənkənar parlament seçkisinə gedən Ümid Partiyasının artıq sədri də hansı dairədən seçkiyə qatılacağını elan edib.
Partiya sədri, keçmiş millət vəkili İqbal Ağazadə Xətai 35 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlayıb. O, ilk müxalifət partiyası sədridir ki, namizədliyini irəli sürəcəyi dairəni göstərib.
Hazırda Tural Abbaslının sədri olduğu AĞ Partiya 25, Sərdar Cəlaloğlnun lideri olduğu ADP 28, Qüdrət Həsənquliyev BAXCP-si 30, İlqar Məmmədovun ReAl-ı 40, Fazil Mustafanın BQP-si 60 namizədlə seçkiyə qatılır.
Yalnız S.Cəlaloğlu İ.Ağazadədən sonra Yasamaldan namizəd olacağını elan edən ikinci müxalif partiya rəhbəridir.
Qalan siyasi təşkilatların başçıları hakim partiyanın açıqlanacaq siyahısını gözləyirlər. Bu faktorun özü ilk növbədə Ümid Partiyasının və liderinin daha iddialı, özünəinamlı olduğu göstərir.
İ.Ağazadə YAP-ın namizədlərini hansı dairədən irəli sürəcəyini gözləmədən iddiasını ortalığa qoydu və klassik siyasi mübarizə ritorikasından, açıq döyüş kombinasiyasından yenə də kənara çıxmadı.
Əslində, proseslərin gedişatı və reallıqlar Ümid Partiyasının, sədr İ.Ağazadənin şanslarının yüksək olduğunu göstərir. Çünki deputat olmadığı son 4-5 ildə Ümid lideri yenə də deputat statusunda görünürdü. Onun siyasi çəkisi, eşidilməsi, çıxışlarının təsirlilik dərəcəsi göstərdi ki, İ.Ağazadə siyasətdən, parlamentdən, ictimai həyatda rolundan kənarda saxlana bilməz.
Cəmiyyətin də, Milli Məclisin də bu cür peşəkarlara hava-su kimi ehtiyacı var. Son seçkidə qalib gəldiyi halda onun yerinə Araz Əlizadənin təyin olunması hansı elə hakimiyyətin başına nə kimi problemlər açdığını ortaya qoydu.
Sizcə, İqbal Ağazadə parlamentdə olsaydı Araz Əlizadə kimi cəmiyyətin əsəblərini tarıma çəkən, vətəndaşları gah milli kimliyinə, gah sosial şəbəkələrdə fəallığına görə təhqir edərdimi?
Digər tərəfdən son 4-5 illik yaxın keçmişin təcrübəsi sübut elədi ki, İ.Ağazadə istərsə siyasi konyuktura, istərsə ideoloji yanaşma, istərsə də siyasi mübarizə metodu baxımından dəyişməyib.
Parlament üzvü olduğu dövrdə hansı məsələləri, problemləri qanunverici orqanın tribunasından kəskin tənqidlə səsləndirirdisə, partiya sədri postunda da eyni imiclə, nüfuzla, reputasiya ilə fəaliyyətini, çıxışlarını davam etdirdi, tempi bir gün də olsun aşağı salmadı.
Bu, ölkənin, cəmiyyətin, elə hakimiyyətinin özünün nə qədər belə yetişkin, professional siyasətçilərə ehtiyacı olduğunu təsdiqlətdi.
Əlbəttə, sən parlament meydanını ağzından horra tökülənlərə buraxanda, məcbur qalıb 2019-cu ildə Milli Məclisi buraxmalı, erkən seçkiyə getməliydin.
Onlar nələr demədilər - bənnalıq edin, soğan əkin, “otxod”lar, feysbukda avaralar və s. ilaxır
Hakimiyyət özü etiraf etdi ki, bu parlament ölkənin siyasi həyatına, islahatlar prosesinə adekvat deyil. O baxımdan təkcə söhbət İ.Ağazadədən getmir, siyasi kluarlarda möhrünü vurmuş, kifayət qədər həm hüquqi, həm siyasi savadı olanlar Milli Məclisdə xalqı təmsil etməlidirlər.
Ümid sədri də onlardan biri istisnasız olmalıdır və heç bir intəhası, əmması yoxdur. Çünki onun parlament üzvü olduğu dönəmdə fəaliyyəti uzaq keçmiş deyil, yaddaşlardadır - həm seçicilərə münasibəti, həm aktivliyi, həm də problemləri açıq şəkildə dilə gətirməsi...
Üstəlik, İ.Ağazadə qisascıl, hikkəli siyasətçi deyil, hansısa ambisiyalarla yaşamır. O, hər zaman iqtidara olan tənqidlərilə yanaşı, ölkənin milli maraqları, təhlükəsizliyi, Qarabağ məsələsində dövlətçi bir deputat kimi mövqe ortaya qoyub.
Nəzərə almaq lazımdır ki, İ.Ağazadə qarabağlıdır və onun parlamentə yenidən seçilməsindən hamı udacaq - seçici, MM, müxalifət və iqtidar...
Ən əsası Ümid Partiyasının strategiyası rasionaldır. Partiya köhnə ədavətlərin, intriqaların yaradığı eybəcərliklərdən cana doymuş təşkilatdır, heç bir müxalif qüvvə ilə əməkdaşlıqda perspektiv görmür.
Ona görə də İ.Ağazadə səmimi birlik mühiti olmadıqca heç bir “ölü doğulmuş” bloklara, birliklərə qoşulmur və partiyası öz resursları hesabına mübarizə aparır.
Təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti də parlamentdə yeganə müxalifət kimi Ümid Partiyasını tanımışdı. Eləcə də müxalifət düşərgəsində ənənəvilikdən kənar olması, çıxışlarında hər qaragüruhdan, şüarçılıq, bayraqçılıqdan uzaq, konkret proqramlar, real platforma, təkliflərlə çıxış edən biri kimi yadda qalması, zaman-zaman müxalifətin hansı səbəblərdə zəifləməsini etiraf etməsi İ.Ağazadənin siyasətdə səmimiyyətini ortaya qoyur.
Beləliklə, hakimiyyət islahatlar apardığını deyirsə və ardınca bu dəfə də səslər saxtalaşdırılaraq İ.Ağazadə deyil, hansısa əlizadələr mandat sahibi olacaqsa, onda siyasi mühitdə reformalardan, açılımlardan danışa bilməyəcəyik...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar