Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İDİ media monitorinqin ilkin nəticələrini açıqlayıb - "informasiyalarda əsasən müxalifət mövcud deyil kimi davranılıb"

26-01-2020, 09:41   
 



Qurum 37 günlük dövr ərzində apardığı monitorinqlə bağlı hesabat yayıb
Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 9 fevralda keçiriləcək növbədəkənar parlament seçkiləri ilə bağlı media monitorinq aparıb. Monitorinqin birinci dövrü üçün nəticələr barədə ilkin hesabatda deyilir ki, monitorinq və qiymətləndirmənin əsas məqsədi seçicilərin səsvermədən öncəki düşüncələrinin formalaşmasındakı ideoloji-təbliğat faktorlarının minimuma endirilməsinə yardımçı olmaq, elektron medianın seçkilərdə tutumunu, davranışlarını, qanunlara əməl etmə nisbətini, tərəfsizliyini, ədalətliliyini, qərəzsizliyini, obyektivliliyini seçkilərdən öncə cəmiyyətə təqdim etməkdir. Bu, seçkilərin qanunvericilik normalarına, demokratik prinsiplərə və ölkənin götürdüyü öhdəliklərə, habelə qoşulduğu beynəlxalq sənədlərə uyğun olub-olmamasını qiymətləndirməyi asanlaşdıracaq.
Ümumilikdə 60 günlük dövr üçün, monitorinqin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Səsvermə gününədək olan 60 günlük müddətin əvvəlindən monitorinqlərə start verilib. İlkin monitorinq seçkiqabağı təşviqat dönəminin başlanma tarixi olan 17 yanvar 2020-ci ilədək 37 günlük dövr üzrə aparılaraq, nəticələr təqdim edilib.
“Bütün irili-xırdalı media qurumlarını əhatə etmək çətin və imkansız olduğundan, monitorinq ümumi mənzərəni müəyyən etməyə kömək edən bir metod üzərindən aparılıb. Cəmiyyətin informasiya aldığı kateqoriyada elektron media üstünlük təşkil etdiyindən, televiziyaların, habelə internet medianın siyasi palitrasını əks etdirəcək bir seçim edilib, dövlət yayımı (AZTV), ictimai yayım (İTV) və ən son lisenziya alıb, xəbərləmə üzərində ixtisaslaşan Real TV bu məqsədlə monitorinq edilib. AZTV, İTV və Real TV kanallarının praym-taym zamanı olan 19:00-23:00 yayım aralığı 4 saat monitorinqə alınıb. Beləliklə, gündəlik 12 saatlıq yayım müşahidə edilib. Bu zaman seçkilərdə vətəndaşların səsverməsinə təsir göstərə biləcək informasiyalar, xəbərlər proqramları, xəbər-törəmə proqramları, tok-şoular, debatlar, müzakirə verilişləri, analitik proqramlar və xüsusi buraxılışlar monitorinq edilib. Ölçmə metodu kimi vaxt ölçmək üçün saniyələr seçilib, sonda saat, dəqiqə və saniyələr dəqiq göstərilıb. Ayrıca, monitorinqə düşən verilişlər, onlar haqqında qısa məlumat, qonaqların kimliyi, mövzu və s. bilgilər də xüsusi olaraq vaxtı göstərilməklə qeyd edilib. Televiziyaların monitorinqi üçün ən uyğun yol seçilib, sürətli internet bağlantısı ilə televiziyaların canlı internet resursları izlənilib, habelə televiziya proqramları birbaşa televiziyadan izlənməklə bütün yayımlar diqqətlə incələnib.
Sürətlə inkişaf edən internet medianın, habelə ənənəvi qəzetlərin da diqqətdən kənar qalmaması məqsədi ilə seçmə üsulu ilə (siyasi mövqeyi də nəzərə alınaraq) iqtidar, müxalifət və tərəfsiz media qurumlarından ən çox İP alan onlayn media qurumları və qəzetlər də monitorinq edilib. Bu zaman siyasi mövqeləri də nəzərə alınaraq, rəsmi informasiya agentliyi Azərtac (www.azertag.az), Milli Məclisin rəsmi orqanı “Azərbaycan” qəzeti, “Report” İnformasiya Agentliyinin saytı olan www.report.az , “Turan” İnformasiya Agentliyinin saytı olan www.turan.az , Meydan TV, habelə müxalifətə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin internet resursu (www.azadliq.info) monitorinq edilıb. Bu resurslarda seçki prosesi ilə əlaqələndirilə biləcək informasiyalar işarələrin həcminə görə qeydə alınıb və informasiyaların mahiyyətinə görə təsnifatlandırılıb”, - hesabatda bildirilir.
Televiziyaların monitorinqi zamanı bu suallara cavab axtarılıb:
  1. İnformasiya praym-taym zamanı hansı vaxtda efirdə gedib; (saat-dəqiqə-saniyə göstərilməklə)
  2. Bilgi-maarifləndirici mahiyyətdə olan informasiyalar;
  3. Təşviqata rəsmi start verilməsə də, xəbər-təşviqat mahiyyətli informasiyalar;
  4. İqtidar və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar; (vaxt-miqdar göstərilməklə);
  5. İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə (vaxt-miqdar göstərilməklə);
  6. Balanslı informasiyalar;
  7. Müxalifət və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
  8. Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
  9. Monitorinqdə qiymətləndirilən verilişlər və vaxtları.
Onlayn media və qəzetlər üçün də eyni yanaşma əsas götürülüb. Sadəcə orada vaxt məqalə sayı ilə əvəz olunub və göstərilib.
Monitorinq edilən 37 gün ərzində “prime-time” vaxt 3 TV üçün (37 gün x 3 tv x 4 saat ) cəmi 444 saat müddəti əhatə edib. 444 saatlıq “prime-time” vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib. Televiziyanın toplam “prime-time” zamanının 23,19 %-i keyfiyyət monitorinqi üçün uyğun olan verilişlər olaraq müəyyən edilib və qiymətləndirməyə daxil edilib. Bütün televiziyalarda 444 saatlıq müddətdə cəmi 103 saat 32 dəqiqə 46 saniyə seçki prosesi ilə əlaqələndirilən, yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilib. Bu, bütün “prime-time” vaxtının 23,19%-ini əhatə edir.

Hesabatın “İnformasiyaların təsnifatlandırılması” bölümündə deyilir ki, 103 saat 32 dəqiqə 46 saniyə informasiyanın cəmi 33 dəqiqə 40 saniyəsi (0,53%-i) 37 gün ərzində 3 televiziyanın maarifləndirici xarakterli məlumatları olub. Həmçinin, xəbər-təşviqata aid olan informasiya müvafiq olaraq 180 dəqiqə 32 saniyə (2.89%) tərəfsiz informasiyalar isə yalnız 60 dəqiqə 57 saniyə (0.96%) təşkil edib.
103 saat 32 dəqiqə 46 saniyə informasiyanın böyük əksəriyyəti, 97 saat, 23 dəqiqə 56 saniyə vaxtı iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyaları əhatə edib. Bu isə bütün informasiyanın təqribən 94%-ini əhatə edir. 444 saatlıq “prime-time” vaxtında, o cümlədən 103 saat 32 dəqiqə 46 saniyə informasiya içərisində 1 saniyə belə (0%-i) iqtidar və onu dəstəkləyən tərəfinə əleyhinə olmayıb.
444 saatlıq prime-time vaxtında 103 saat 32 dəqiqə 46 saniyə informasiyanın heç bir saniyəsi müxalifət və onu dəstəkləyən tərəfin lehinə olmadığı halda , 444 saatlıq “prime-time” vaxtında 103 saat 32 dəqiqə 46 saniyə informasiyanın 93 dəqiqə 43 saniyəsi (1,49%) müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə olub.
“Beləliklə, televiziyaların nəticələrindən belə çıxır ki, ölkədə müxalifət mövcud deyil. Xüsusilə AzTV, İTV və RealTV televiziyasının 444 saatlıq yayım müddətinin heç bir informasiyasında müxalifətin lehinə məlumata rast gəlinmir. Bu TV-lərin yanaşmasına görə ölkədə belə bir siyasi mövqeli təbəqə və ya siyasi rəng yoxdur.
444 saatlıq prime-time vaxtında 103 saat 32 dəqiqə 46 saniyəlik siyasi əhəmiyyətli informasiyaların heç birində balanslı informasiya verilməyib, beləliklə, sadəcə, təktərəfli məlumatlar təqdim edilib. Odur ki, balanslı məlumat kateqoriyasında nəticə 0% olub.
480 saatlıq prime-time vaxtında 37 saat, 53 dəqiqə, 34 saniyəlik siyasi əhəmiyyətli informasiyaların heç birində balanslı informasiya verilməyib, beləliklə, sadəcə tək tərəfli məlumatlar təqdim edilib. Odur ki, balanslı məlumat kateqoriyasında nəticə 0% olub”, - hesabatda vurğulanır.
İnformasiyaların televiziyalar arasında paylaşımına gəlincə, monitorinqdə qiymətləndirilən informasiyaların 55.1%-i AzTV –nin payına düşür. Bu, onu göstərir ki, dövlət televiziyasının siyasi təbliğat prosesinə ciddi təsiri davam edir. 2-ci yer RealTV-nin payına düşür. RealTV 33.7% -lik payla AzTV-dən sonrakı yeri tutur. İTV-nin payı isə 11.1%-dir.
“Televiziyalarda informasiyaların siyasi tərəflərə görə paylaşımı” bölümündə qeyd olunur ki, 37 gün ərzində 3 televiziyanın 444 saatlıq monitorinq müddətində maarifləndirici xarakterli məlumatlar 0,53% olub. İqtidarın lehinə olan informasiyaların çəkisi ümumi informasiyalar içərisindəki yerinə görə (94%) olduğu halda, müxalifətin lehinə 0% saniyə olub. Ümumiyyətlə iqtidar və onu dəstəkləyən tərəfin lehinə 97 saat 23 dəqiqə 56 saniyə (350 636 saniyə) informasiya getdiyi halda, müxalifət və onu dəstəkləyən tərəfin lehinə (0 saniyə) informasiya olmayıb.
Əleyhə olan informasiyalarda da balans eyni formada pozulub. Ümumiyyətlə, informasiyalarda əsasən müxalifət mövcud deyil kimi davranılıb, 444 saatlıq monitorinq edilən zaman kəsimində müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə 1 saat 33 dəqiqə 43 saniyə (5623 saniyə) informasiya gedib. Bu isə ümumi informasiyalar içərisində (1,49%) yer təşkil edir. 444 saatlıq monitorinq edilən prime-time zamanında iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə heç bir saniyə informasiya verilməyib.
Hesabatda qeyd olunur ki, Real TV prime-time vaxtında hər 30 dəqiqədən bir (gündə təqribən 8 dəfə) xəbər verir. Xəbərlər əsasən təkrarlanır. İqtidarın təbliğatında ən çox sətiraltı və açıq müzakirələr Real TV efirində aparılır.
Real TV-nin efirində 1869 dəqiqə 38 saniyə (112178 saniyə) tərəfli informasiya iqtidar və onu dəstəkləyən tərəfinə lehinə olan informasiya kimi qiymətləndirilib. Müxalifət və onu dəstəkləyən tərəfin lehinə informasiya (0 saniyə) olmayıb.
Müxalifətin əlehinə 50 dəqiqə (3000 saniyə) informasiya olduğu halda, bu kanalda iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə informasiya (0 saniyə) olmayıb. Nə iqtidarın əleyhinə, nə də müxalifətin lehinə informasiya efirə gedib. Beləliklə, siyasi balans baxımından tərəfli informasiya kimi qiymətləndirilən bütün informasiyalar Real TV-də iqtidarın lehinə və müxalifətin əleyhinə olub, bu yayımçıya görə tək siyasi rəng iqtidar və onu dəstəkləyən tərəf olmuş, 100%-lik nəticə onun lehinə olub.
AzTV-nin 37 günlük prime-time zamanı 148 saatlıq informasiyası monitorinq çərçivəsində qiymətləndirilib. Bu zaman cəmi 2 dəqiqə 20 saniyə informasiya maarifləndirici, 44 dəqiqə 32 saniyə xəbər-təşviqat və 7 dəqiqə 15 saniyə tərəfsiz xarakterdə olub.
Tərəfli informasiyanın paylaşımı da monitorinqçilərin diqqətini çəkib. Belə ki, iqtidar və onu dəstəkləyən tərəfin lehinə 3329 dəqiqə 34 saniyə, əleyhinə isə 0 saniyə olub. Müxalifət və onu dəstəkləyən tərəfin əlehinə 39 dəqiqə 43 saniyə olduğu halda, lehinə 1 saniyə belə olmayıb. Ölkənin siyasi palitrası tək rəngli olaraq təqdim edilib. Nə balanslı, nə müxalifətin lehinə, nə də iqtidarın əleyhinə informasiya efirə verilib.
Dövlət televiziyasında lehinə informasiya olan və tərəfli informasiya kimi qiymətləndirilən bütün informasiya 55 saat dəqiqə 34 saniyə (199774 saniyə) iqtidar və onu dəstəkləyən tərəfin təbliğatı olub, müxalifətin lehinə və ya tərəfəsiz qəbul ediləcək informasiyaya rastlanmayıb.
Dövlət televiziyasında əlehinə informasiya olan və tərəfli informasiya kimi qiymətləndirilən bütün informasiya 39 dəqiqə 43 saniyə (2383 saniyə) müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə olub, iqtidarın əleyhinə sayılacaq informasiyaya yer verilməyib.
Monitorinq dövründə İTV-də 11 saat 32 dəqiqə 48 saniyə, yəni 692 dəqiqə 48 saniyə informasiya qiymətləndirməyə cəlb edilib. Bu məlumatlardan 0.43 %-i marifləndirici, 1.01% tərəfsiz, 4.76%-i isə xəbər-təşviqat xarakterli olub. Qalan 93% informasiya tərəfli informasiya kimi qiymətləndirilib. Bu informasiyaların 99,9%- i yəni, 644 dəqiqə 44 saniyəlik informasiya iqtidar və onu dəstəkləyən tərəfin lehinə olmuş, cəmi 0,57%-lik informasiya 4 dəqiqə müxalifət və onun əleyhinə qiymətləndiriləcək informasiya kimi xarakterizə edilib.
Hesabat dövründə İTV tamamilə təktərəfli informasiya yayıcısı kimi özünü göstərib. İTV-də də digər iki televiziyada olduğu kimi iqtidar və onu dəstəkləyən tərəfin əleyhinə, müxalifət və onu dəstəkləyən tərəfin lehinə informasiya verilməyib. Televizyanın tərəfli informasiyası ümumi informasiyanın 94%-ni təşkil edib. Lehinə olan informasiyaların bütünü iqtidar və onu dəstəkləyən tərəfin xeyrinə olub. Bu, 10 saat 44 dəqiqə 44 saniyəlik bir müddəti əhatə edir. Müxalifətin lehinə hər hansı informasiya mövcud olmayıb.
İTV-nin efirində əleyhinə informasiya kimi qiymətləndirilən məlumatların miqdarı cəmi 4 dəqiqə olub. Bu isə müxalifətin əleyhinə yönəlib. İqtidarın əleyhinə hər hansı informasiyaya yer verilməyib.
“Ümumiyyətlə, monitorinq edilən biri dövlət, biri ictimai və biri özəl televiziya olan 3 fərqli yayımçının seçkilərə start verildikdən sonrakı 37 günlük prime-time monitorinqi iki önəmli nəticəni ortaya çıxarır;
  1. ”Teleradio Yayımı haqqında” Qanunun 3-cü maddəsində yer alan teleradio fəaliyyətinin əsas prinsiplərində qeyd edilən: ”Yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır”-şərtləri kobud şəkildə pozulub.
  2. Media etikası prinsipi kimi unversal dəyərə çevrilən obyektivlik, qərəzsizlik, tərəfsizlik, siyasi rəngarənkliyə hörmət və balanslı olmaq şərtlərini kobud şəkildə pozub.
Bu monitorinqdə aydın görünür ki, ölkədə milli tezliklərədə yayımlanan elektron resurslar-televiziyalar demokratik cəmiyyətin mediası olmadan çox uzaqdır və demokratik dəyərlərin formalaşması istiqamətində fəaliyyət göstərmir”, - hesabatda deyilir.
Digər media qurumları üzrə ümumilikdə yazılı mətnlər monitorinq edildiyinə görə məqalə sayı qeydə alınıb və belə təsnifatlandırılıb: Bilgi-maarifləndirici, Xəbər- təşviqat, İqtidar və onu dəstəkləyən tərəfin lehinə, İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə, Tərəfsiz, Müxalifət və onu dəstəkləyən tərəfin lehinə, Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə.
12 dekabr 2019-cu ildən 16 yanvar 2020-ci ilədək 5 media qurumunda cəmi 703 məqalə və ya yazı monitorinq çərçivəsində qiymətləndirilib.
Ən çox seçki prosesini işıqlandıran və monitorinqə tuş gələn tərəf “Azərtac” İnformasiya Agentliyidir. Onun 324 informasiyası, 46% lik bir payı əhatə edib. İkinci yer, 29%-lə 205 informasiya ilə “Azərbaycan” qəzetinə məxsusdur. 3-cü yer „Report“ İA-nın olub. O, 16%-lik nəticə ilə 113 informasiya təşkil edib. “Turan” İA 34 informasiya ilə 4-cü yerdə olub. Onun informasiyası 34 yazı ilə yekunlaşıb. 5-ci yerdə 3%-lik nəticə ilə Meydan TV saytı gəlir. Onun informasiya sayı 18 olub. Sonuncu yerdə seçkiləri boykot edən müxalif tərəflərdən Milli Şura və AXCP-yə yaxınlığı ilə fərqlənən “Azadlıq” qəzeti olub. Onun cəmi 9 informasiyası monitorinqə düşüb və 1 faizdən bir az çox olub.
Monitorinq edilən resurslarda “Bilgi-maarifləndirici“ məlumatlar kateqoriyasına toplam 703 materialdan 31 material düşüb. 31 məlumat sırası ilə “Azərbaycan” qəzetində 42%, “report.az” saytında 29%, “Azərtac” və “Turan”da 10%, Meydan Tv-də 6% və “Azadlıq” qəzetində 3% olub.
“Xəbər-təşviqat“ məlumatlar kateqoriyasına toplam 703 materialdan 181 material düşüb. 181 məlumat sırası ilə “Azərbaycan” qəzetində 36%, “report.az” saytında 36%, “Azərtac” 18%, “Turan”da 7%, Meydan Tv-də 4% və “Azadlıq” qəzetində 0% olub.
“İqtidar və onu dəstəkləyən tərəfin lehinə” məlumatlar kateqoriyasına toplam 703 materialdan 399 material düşüb. 399 məlumat sırası ilə “Azərtac” 69%, “Azərbaycan” qəzetində 24%, “report.az” saytında 7%, “Turan”da 0%, Meydan Tv-də 0% və “Azadlıq” qəzetində 0% olub.
“İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə” məlumatlar kateqoriyasına toplam 703 materialdan 6 material düşüb. 6 məlumatın hamısı “Azadlıq” qəzetində gedib. Digər resurslarda iqtidarı və onu dəstəkləyən tərəfin əleyhinə qiymətləndiriləcək məlumata rast gəlinməyib.
“Müxalifət və onu dəstəkləyən tərəfin lehinə” sadəcə 2 material müəyyən edilib. Bunlar “Azadlıq” qəzetində yayılıb. Digər resurslarda müxalifətin lehinə qiymətləndirilə biləcək material olmayıb.
“Müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə” olduğu qiymətləndirilən 5 material müəyyən edilib. Bunlar “report.az” saytında 3, “Azərbaycan” qəzetində 1 və “Azərtac”da 1 məqalə olub. Nisbət olaraq 60% “Report”da, 20% isə digər 2 resursda yer alıb.
“Tərəfsiz” olduğu qiymətləndirilən 79 material yer alıb. Bu, ümumi informasiyaların 11,24%-ni təşkil edir. Tərəfsiz məlumatlar resurslara görə aşağıdakı kimi sıralanıb. “Azərbaycan” qəzeti 39%, “Turan” 23%, “Azərtac” 16%, “Meydan” 11% və “Report” 10%. “Azadlıq”da isə bu kateqoriyada qiymətləndirilən məlumat olmayıb.
Monitorinq edilən toplam 703 məlumatın kateqoriyalar arasında paylaşımında 399 məlumat iqtidar və onu dəstəkləyən tərəfin lehinə olub. Bu 57%-lə üstün mövqe təşkil edir. İkinci yerdə xərəb-təşviqat kimi qiymətləndirilən məlumatlar 181-lə 26%-lik bir paya sahibdir. Tərəfsiz informasiyalar 703 toplam informasiyanın 79-u təşkil edir və 11%-lik nəticə ilə 3-cü yerdədir. Bilgi-maarifləndirici kateqoriyada qiymətləndirilən 31 informasiya olub və 4%-lik nəticə ilə 4-cü yerdədir. İqtidarın əleyhinə qiymətləndirilən informasiyaların sayı 6 olub və 0,85%-lik nəticə ilə hətta 1%-ə çatmayıb. Müxalifət əleyhinə olan məlumat sayı 5 (0,71%) olub. Ən aşağı nəticə cəmi 2 informasiya ilə müxalifət lehinə olub. Bu, 0,28%- lik nəticədir və bu məlumatlar müxalifyönümlü qəzet olan “Azadlıq” qəzetində gedib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar