Ana səhifə

Milli Məclisin ömürlük deputatının qanunsuz təhsil biznesinə havadarlıq edir - VİDEO

    Tarix: 03-03-2020 08:51   



Milli Məclisin ömürlük deputatının qanunsuz təhsil biznesinə havadarlıq edir - VİDEO

Məhəmməd peyğəmbərin məşhur bir kəlamı var: “Beşikdən məzara qədər oxuyun!”

Bu kəlamdan da göründüyü kimi, təhsil yalnız orta məktəblərdən başlamamalı, insan körpəliyindən öyrənməyə başlamalıdır. Deməli, məktəbəqədər təhsil sisteminin qurulması bütün ölkələr kimi Azərbaycanın da təhsil strategiyasının ən ümdə məsələsi kimi aktuallıq qazanır. Statistik məlumatlar isə Azərbaycan uşaqlarının çox az qisminin bu imkandan yararlandığını göstərir. Belə ki, hazırda ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin sayı 1700-dən bir qədər artıqdır. Onların əksəriyyəti isə dövlət bağçalarıdır. Azərbaycan hökumətinin uşaq bağçaları və inkişaf mərkəzləri yaratmaq üçün həyata keçirdiyi bütün təşviqedici qərarlarına baxmayaraq, indiyədək cəmi 90 özəl müəssisə lisenziya ala bilib. Hazırda məktəbəqədər təhsil müəssisələrində yetişdirilən gələcək nəsillərimizin sayı isə qətiyyən ürəkaçan deyil. Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu gün ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə övladlarımızın cəmi 25%-i gedə bilir. 75% isə valideynlərinin imkansızlığı və uşaq bağçalarındakı qiymətlərin ailə büdcəsinə uyğun olmaması səbəbindən beynəlxalq qanunlarla təsbit olunmuş bu hüquqdan məhrum olunublar.

 

Halbuki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yaradılması şərtləri o qədər sadələşdirilib ki, hətta xaricdən gəlib burada uşaq bağçası açmaq belə mümkündür. Bir çox ölkələrdə milli təhsil strategiyasına, vətəndaş yetişdirmək siyasətinə zidd hesab edərək əsla icazə vermədiyi bu avantaja baxmayaraq, hələ də bu sahədə ciddi boşluqların olması xeyli düşündürücüdür. Valideynlərin öz uşaqlarını uşaq bağçalarına göndərməməsinin əsas səbəbi isə bayaq da qeyd etdiyimiz kimi ailə büdcəsi ilə təhsil haqqı arasındakı uyğunsuzluqdur. 

Uşaq bağçalarının qiymətini öyrənmək üçün jurnalist qrupu olaraq Empaty uşaq bağçasında apardığımız reyd əsnasında öyrəndik ki, bu müəssisədə bir uşağın aylıq təhsil haqqı 350 manatdır. Azərbaycanda orta aylıq nominal əmək haqqının 500-550 manat civarında və bir ailədə adətən 2 uşağın olduğunu nəzərə alsaq, məktəbəqədər təhsil müəssisələrində təklif edilən xidmət haqqının ortagəlirli ailələrin aylıq büdcəsindən belə çox olduğunu görə bilərik. Üstəlik, aylıq maaşı orta nominal həddən aşağı olan ailələrin çoxluq təşkil etdiyi də sirr deyil. Ən əsası isə azmaaşlılar adətən gənclərimizdən təşəkkül tapır və onlar ailə qurarkən övladlarının necə yetişdirilməsi problemi ilə üz-üzə qalırlar.

 

Empaty uşaq bağçasında gözümüzə çarpan bəzi məqamlar problemin bununla məhdudlaşmadığını ortaya çıxartdı. Məlum oldu ki, ölkədə fəaliyyət göstərən bir çox məktəbəqədər təhsil müəssisələrində dövlət standartlarına da tam cavab vermir. Belə ki, Nazirlər Kabinetinin ötən il qəbul etdiyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında 351 saylı qərarının 5-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaq bağçalarının infrastrukturuna həyətyanı sahə, sadə idman qurğuları da daxil olmalıdır. Biz isə Emapty uşaq bağçasına bitişik hər hansı həyətyanı sahə və bu sahə üzərində qurulan idman qurğularına rast gəlmədik. Müəssisə çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərdiyindən yerləşdiyi məkan da bu cür infrastrukturu yaratmağa imkan vermir. Belə ki, uşaq bağçaları gərək bu təyinat üçün uyğun olan yerlərdə tikilsin, tələb edilən bütün infrastruktur şərtləri həyata keçirilsin. Empaty uşaq bağçası isə həyətyanı sahəsi olmadığı üçün bağçadan daha çox uşaq inkişaf mərkəzini xatırladırdı. Çünki uşaq inkişaf mərkəzləri uşaqlara müxtəlif peşələrə yiyələnmək vərdişləri öyrətdiklərindən həyətyanı sahələrə ehtiyac duymurlar. Uşaqlar öz günlərinin bir və ya iki saatını bu mərkəzlərdə keçirdiyindən yemək və yataqla da təmin olunmurlar. Biz də bu faktı dəqiqləşdirmək üçün Empaty uşaq bağçasının rəhbərliyindən uşaqlara yemək verib vermədiklərini, yataq otaqlarının olub olmadıqlarını soruşduq. Aldığımız cavab ilsə belə oldu:

Müəssisə rəhbərliyinin bu açıqlamasından məlum oldu ki, “Empati” uşaq inkişaf mərkəzi yox, bağçasıdır. O halda həyətyani sahəsinin olmaması, bu müəssisənin Nazirlər Kabinetinin 351 saylı qərarla müəyyənləşdirdiyi infrastruktur qaydalarına əməl etmədiyini göstərir. Elədirsə, sual yaranır: Bu müəsissənin uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün müvafiq lisensiyası varmı? Müəssisədən bizə lisenziyalarının olduğunu desələr də, bunu göstərmək istəmədilər. Əgər həqiqətən də haqlıdırlarsa, dövlət standartlarına cavab verməyən bu müəssisəyə lisenziyanı kim verib? Yeni qaydalara əsasən, bunu Xətai icra hakimiyyəti verməlidir. Bəs İcra hakimiyyəti niyə lisenziya verərkən bu çatışmazlığa göz yumub?

Araşdırmalarımız nəticəsində “xoruzun quyruğunu” yaxalaya bildik. Sən demə, bu müəssisə Azərbaycan Milli Məclisinin dəyişilməz deputatlarından olan Məlahət İbrahimqızının bacısı Mətanət Cabbarlıya aid imiş. Bu o Mətanət xanımdır ki, bacısının deputat seçildiyi Nizami rayonunun 62 saylı məktəb-liseyinin direktorudur. Hansı ki, bu məktəbdə baş alıb gedən özbaşınalıqlar barədə məlumatlar bir zamanlar tez-tez mətbuatın gündəminə gəlir, amma heç bir tədbir görülmürdü. Emapti uşaq bağçasının sahibi Mətanət xanımı daha yaxından tanımaq üçün gəlin, 2012-ci ildə “Yeni Müsavat” qəzetində dərc olunan “DEPUTATIN BACISININ MƏKTƏBİNƏ QARŞI RÜŞVƏT İDDİASI” sərlövhəli yazının bəzi sətirlərinə nəzər salaq:

“Müəllimlər və valideynlər 62 saylı məktəbdəki rüşvət yığımından narazı olsa da direktordan şikayət etməyə heç kim cəsarət göstərmir. Narazı valideyn və müəllimlərin qəzetimizə bildirdiyinə görə, bunun səbəbi məktəbin direktoru Mətanət Cabbarlının deputat Məlahət İbrahimqızının bacısı, deputatın isə YAP-çı olmasıdır.

 

Məktəblə bağlı narazılıqlar isə saysız-hesabsızdır. Valideynlərin sözlərinə görə, ötən ilin sentyabrında dərs ili başlanandan məktəbdə onlardan mütəmadi olaraq pul tələb edilir. Valideynlər hər bayramda onların övladlarından 50-100 manat məbləğində pul yığıldığını söyləyir. Onlar məktəbdə tez-tez keçirilən qanunsuz test imtahanlarından da şikayətlənir. Belə ki, məktəbin direktoru bu testlər zamanı şagirdlərin qiymətini aşağı salır, kəsir və onlardan pul tələb edir. Şagirdlərə paylanan surəti çıxarılmış test vərəqi isə onlara 2 manata satılır. Həmçinin yuxarı sinif şagirdlərinin qiyməti aşağı salınaraq sinifdə qalmaması üçün valideynlərdən 500-1000 manat tələb olunur. Bu imtahanların nazirlik tərəfindən keçirilən imtahanlara heç bir aidiyyəti yoxdur”.

Narazı müəllimlər isə bildirir ki, uzun illər məktəbdə işləyən savadlı müəllimlər direktor tərəfindən sıxışdırılıb işdən çıxarılıb. Müəllimlərə direktor tərəfindən təzyiq göstərilir ki, işdən çıxmaq barədə özləri ərizə yazsınlar. Çünki yalnız həmin halda müəllimə əmək kitabçası normal halda qaytarılır. Başqa əlacı olmayan müəllimlər də bununla razılaşmağa məcbur olur. İl ərzində 5-6 müəllimin işdən bu cür çıxarıldığı bildirilir. Onların yerinə isə direktorun qohumları və tanışları gətirilir. Narazı müəllimlər direktorun tanışlarının və yerlilərinin əvvəlcə məktəbdə laborant kimi işə götürüldüyünü, az müddət sonra isə başqa müəllimin işdən çıxarılması hesabına müəllim işlədiyini qeyd edirlər.

Valideynlərin sözlərinə görə, ötən ilin sentyabrında dərs ili başlanandan məktəbdə onlardan mütəmadi olaraq pul tələb edilir. Valideynlər hər bayramda onların övladlarından 50-100 manat məbləğində pul yığıldığını söyləyir. Onlar məktəbdə tez-tez keçirilən qanunsuz test imtahanlarından da şikayətlənir. Belə ki, məktəbin direktoru bu testlər zamanı şagirdlərin qiymətini aşağı salır, kəsir və onlardan pul tələb edir. Şagirdlərə paylanan surəti çıxarılmış test vərəqi isə onlara 2 manata satılır.

Şikayətçilərin sözlərinə görə, hər bayramda siniflərdən direktor üçün mütləq pul yığılmalıdır. Bu məbləğ direktor üçün 100, tədris hissə müdiri üçün isə 50-60 manat civarında olur.

Müəllimlər onu da qeyd edir ki, direktor məktəb üçün lazım olan kompüteri və digər texniki avadanlıqları onlara öz hesablarına aldırır: “Direktor bizi onları almağa məcbur edir, həm də baha qiymətə”.

 

Təhsil işçiləri il ərzində məktəbə gələn iki komissiya üçün də onlardan pul yığıldığını bildirir. Bu məbləğ ibtidai siniflər üçün 50, yuxarı siniflər üçünsə 25 manatdır. Müəllimlərdən bu il artıq dördüncü dəfə qəzet pulu da yığılıb: “Hər dəfə də 10 manatdan yığıblar. Ancaq qəzet üzü görməmişik”.

“Müəllimlər deyir ki, 2004-cü ildən direktor işləyən M.Cabbarlı indiyədək bir saat da olsun dərs deməyib: “Ancaq adında dərs yükü gedir. Yəqin adını axşam şöbəsinə yazdırıb, ancaq faktiki olaraq dərs demir””.

Xüsusilə sonuncu məqam bizim də diqqətimizi cəlb etdi. Belə ki, Empati uşaq bağçasında reydimiz saat 16-17 arasında düşmüşdü. Məntiqlə həmin vaxt Mətanət xanım 62 saylı məktəbdə olmalı idi. Hətta dərs yükü çox olmasa belə, bu, onun bir məktəb direktoru kimi, təhsil ocağının ən qaynar zamanında öz işinin başında dayanmaq məsuliyyəti var. O isə həmin saatlarda Empati uşaq bağçasında bizimlə sövdələşirdi.

"Hürriyyət"

YOU MAY LIKE
Mgid


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net