Ana səhifə

Məmur-oliqarxların villaları olan “Mayak”da Kərbəla müsibəti

    Tarix: 16-06-2020 11:31   
 

Prezident İlham Əliyevin həyata keçirdiyi Oğuz-Qələbə-Bakı su kəməri paytaxtın əksər hissəsinə içməli suyun verilməsini təmin edib.Bununla yanaşı, vətəndaşların içməli su ilə təmin olunması məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə hər il dövlət büdcəsindən dotasiyalar ayrılır. Ancaq Bakı kəndlərində bəzən içməli su problemi çörək qədər vacib məsələyə çevrilir. Anaxeber.info məlumat verir ki, hazırda davam edən karantin dövründə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Mayak” adlanan ərazidə təqribən 500-ə yaxın ailənin susuz qalması isə indiki halda daha acınacaqlı vəziyyət yaradıb.Birincisi, yayın bu isti günlərində susuzluq ən dəhşətli problemdir. İkincisi də koronavirus pandemiyasının tüğyan etdiyi günlərdə təmiz içməli su sağlamlıq üçün ən vacib nemət sayılır.Amma bu ərazidə sakinlər əlacsızlıqdan quyu suyundan istifadə edirlər. Bu da içməyə yararlı olmadığı üçün insanların sağlamlığına ciddi təhlükələr yaradır.Demokrat.az xəbər verir ki, sakinlərin içməli suya həsrət qaldığı həmin ərazidə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və qardaşının, yəhudi əsilli oliqarx Qod Nisanovun, "Nobel Oil Group” şirkətinin sahibi Nəsib Həsənovun və digər məşhur və vəzifəli şəxslərin milyonluq villaları da yerləşir. Amma bu məşhur və vəzifəli şəxslərin sakinlərin çəkdiyi əziyyətdən xəbərləri belə yoxdur. Çünki kifayət qədər imkanları olan bu adamlar kənar ərazilərdən şollar suyu gətizdirməklə, öz villalarında bahalı su filtirləri quraşdırmaqla içməli suya olan təlabatlarını tam ödəyirlər.Hazırda isti hava şəraiti və pandemiyaya görə tətbiq olunan karantinə görə əksər insanlar rahatlığı üçün bağ evlərinə köçürlər. Ancaq içməli su problemi onların rahatlığını zəhər etməklə yanaşı, həm də böyük fəlakətlərə yol aça bilər.Prezident İlham Əliyev respublikada su infrastrukturunun qurulması və inkişafı, vətəndaşların içməli su ilə təmin edilməsi üçün kifayət qədər iş görüb və hər il dövlət büdcəsindən "Azərsu”ya ayrılan dotasiyalar da bu məqsədlərə xidmət edir. Lakin bu işin icraçısı olan Qorxmaz Hüseynov və müvafiq səlahiyyətli orqanların səhlənkarlığı Prezident İlham Əliyevin vətəndaşa xidmət siyasətinə tamamilə ziddir.Dövlət başçısı hər dəfə çıxışında bildirir ki, vətəndaşları ciddi narahat edən problemləri həll etmək məmurların vəzifə borcudur. Amma hələ də bəzi məmurlar nə bu çıxışlardan, nə də vətəndaşa xidmət etməyənlərin cəzalandırılmasından örnək götürməyiblər. Uzun illərdir bir qəsəbənin içməli su probleminin həlledilməməsi bunun bariz nümunəsidir. "Mayak” adlanan ərazinin sakinləri artıq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyə hazırlaşırlar. Çünki onlar nicatı yalnız ölkə rəhbərliyində görürlər. Bundan sonrasını vətəndaşı susuz qoyanlar düşünməlidir.



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net