Ana səhifə

“Jurnalistlərin sərbəst hərəkətinə icazə verilməlidir” - " Nazirlər Kabineti qanunu pozur "

    Tarix: 21-06-2020 09:30   


 

Azərbaycan Nazirlər Kabinetinin 19 iyul qərarı jurnalistlər tərəfindən etirazla qarşılanıb. Səbəb jurnalistlərin 21 iyun-5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonununda sərbəst hərəkətinə qadağa qoyulmasıdır.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu barədə yerli mediaya açıqlama verib. İbrahim Məmmədov deyib ki, jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” portalının baş redaktoru Elçin Şıxlı Meydan TV-yə Nazirlər Kabinetinin qərarının tam əleyhinə olduğunu bildirib.
Elçin Şıxlı deyib ki, görünür, Nazirlər Kabinetində “freelancer” (sərbəst fəaliyyət göstərən) jurnalistlərin kimliyindən, yaxud bu sözün nə olduğundan xəbərləri yoxdur:
“Azərbaycan Jurnalistlər Birliyinin minlərlə üzvü var, aralarında “freelancer” də var və legitim şəkildə vəsiqə daşıyırlar. Bəs onlar nə etsinlər? Ona görə də əvvəl olduğu kimi jurnalistlərin sərbəst hərəkətinə icazə verilməlidir”.

Hüquqşünas Ələsgər Məmmədli xatırladıb ki, jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub.
Ələsgər Məmmədli jurnalistlərə tövsiyə edib ki, iki həftəlik müddətdə onları saxlasalar, yerində akt tərtib edib, məhkəməyə müraciət etsinlər:
“Jurnalistlərin fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq. Bəli, sual edə bilərsiniz ki, ökədə müstəqil məhkəmə var, 3-4 il çox zaman deyil. Avropa Məhkəməsində Konvensiyanın 10-cu maddənin pozuntusu ilə həm mənəvi, həm maddi baxımdan haqq etdiyinizi alacaqsınız”.
Hüquqşünas “Kütləvi informasiya vasitələri haqqında” qanunun 8-ci maddəsini xatırladıb:
“Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ var. Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Yaxud 7-ci maddə, senzuranın yolverilməzliyi, kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur”.


Ələsgər Məmmədli bildirib ki, yalnız fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər:
“Yeni Baş nazirin son danışıqlarından məlumdur ki, dövlət dilini yaxşı bilmir. İndi heç olmasa dövlət dilini yaxşı bilən Nazirlər Kabineti işçiləri qanunvericiliyi ona tərcümə etsinlər. Görsünlər ki, Nazirlər Kabineti fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə konstitusiya, nə də digər qanunlar ona verməyib. Bizdə qanunvericilik dövlət dilində qəbul edilir və sadəcə, Azərbaycan dilində bütün hüquqi baza mövcuddur. Onlar da öz ana dillərində (oxu: rus dili) mətnləri oxumadıqlarından ağıllarına əsəni etməkdə özlərini sərbəst hesab edirlər”.
Hüquqşünas Hafiz Həsənov Nazirlər Kabinetinin insan hüquqlarını məhdudlaşdırmaq səlahiyyətinin olmadığını və bu cür qərar verməsini Konstitusiyaya zidd adlandırıb. Onun fikrincə, Milli Məclis fövqəladə vəziyyət elan edəcəyi təqdirdə məhdudlaşdırma ola bilərdi:
“İndiki halda Milli Məclisinin qərarı yoxdur və Operativ Qərargahın hüquqi statusu Konstitusiyaya söykənmir, legitim deyil. Hazırda hakimiyyət AXC iqtidarı zamanı, 1993-cü ildə qəbul olunmuş “Sanitar-epidemologiya qaydaları haqqında” qanununa istinadən hərəkət edir. Halbuki, həmin qanun Konstitusiyadan əvvəl qəbul edilib. Məsələ ondadır ki, 1995-ci ildə müstəqil dövlət olaraq qəbul etdiyimiz Konstitusiya tamam fərqli mənzərə yaradıb və indiki addımlar da Ana Yasaya ziddir. Məsələn, AXC hakimiyyəti zamanı qəbul edilən qanunda Azərbaycan hökuməti termini var, amma Konstitusiyada belə ifadə yoxdur, Nazirlər Kabineti qeyd olunub. Ona görə də Operativ Qərargahın məsələni bu cür şərh etməsi düzgün deyil. Ümumiyyətlə, jurnalistlər icazə olmadan vəsiqəylə fəlaiyyət göstərməlidirlər, vəkillər, deputatlar kimi”.


Hafiz Həsənov bildirib ki, qərar mətbuat və media azadlığına ziddir. Çünki jurnalistlərin məlumat almaq hüquqları məhdudlaşdırılır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Meydan TV-yə deyib ki, hazırda Operativ Qərargahla jurnalistlərin sərbəst hərəkəti ilə bağlı müzakirə aparır:
“Ötən dəfə “freelancer” jurnalistlər sərbəst hərəkət edirdilər və heç bir problem yox idi. Çalışacağıq ki, bu dəfə də belə olsun”. O, bu gün danışırların nəticəsi barədə məlumat yayacağını bildirib.
Müəlliflər: Meydan TV
Tarix:  20 İyun 2020Məqalə yeniləndi:  20 İyun 2020



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net