Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ağsu sakinləri zəlzələdən, yoxsa məmurlardan daha çox ziyan çəkir

9-08-2019, 10:26   

Məmurun, imkanlının pul ala bildikləri adamların evini təmir edirlər

Redaksiyamıza bir qrup Ağsu sakini adından məktub gəlib. Şikayətçilər bu ilin fevralında Şamaxıda və Ağsuda baş vermiş zəlzələdən evləri qəzalı vəziyyətə düşənlərdir. Aradan xeyli müddət keçməsinə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən pullar ayrılmasına baxmayaraq onlar hələ də qəzalı evlərdə yaşayır. Üz tutduqları rayon icra hakimiyyətindəsə onları “yola verməklə” məşğuldurlar. Şikayətçilər hər gün Fövqəladə Hallar Nazirliyinə, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna onlarla məktub və teleqramlar yollasalar da, şikayətləri ordan “tədbir görülmək üçün” şikayətçi olduqları adamlara göndərilir deyə məktubda vurğulanır:

“2019-cu ilin fevralında Şamaxıda baş vermiş zəlzələ ilə əlaqədar yaradılmış Fövqəladə Hallar Nazirliyinin komissiyası rayon icra hakimiyyətlərinin başçıları ilə əlbir olub dövlətin ayırdığı milyonları özləri mənimsəməklə məşğuldurlar. Təkcə Ağsu rayonunda qəzalı vəziyyətə düşmüş minlərlə ev ya təmirə yazılıb, ya da, ümumiyyətlə, zərər çəkmiş ev kimi qeydiyyata alınmayıb. Əvəzində, başçının, müavinlərinin, şöbə müdirlərinin, idarə müdirlərinin, kənd icra nümayəndələrinin özlərinin, qohumlarının və çəkindikləri insanların sağlam daş evləri sökülüb yenidən tikilir, yaxud da güclü bərpa olunur.

Rayonda yayılmış məlumatlara görə, evi qəzalı yazılan sadə insanlardan 5-8, bərpa yazılanlardan 3 min manat alıblar. Min manat verənlərin evlərini isə ala-babat təmir edirlər. Pulu kənd icra nümayəndələrinin əli ilə yığırlar. Deyilənə görə, kassir funksiyasını rayonun baş memarı Mirəli Qurbanov yerinə yetirir. Yığılan pulu ora-bura və ciblərinə ötürənlər isə başçının müavini İqbal Mikayılov, şöbə müdiri Füzuli Kərimovdur. Mirəli Qurbanov özünün Ağsudakı evini super təmir elətdirir, eyni zamanda Bico kəndindəki, 20 ildən artıqdı yaşayış olmayan ata evini. Maraqlı və saxta bir əməl – Mirəli Qurbanov halalca arvadını sənəd üzərində boşayaraq ata evinə qeydiyyata saldırıb ki, guya evdə yaşayış var. Əslində baş memar evi kəndə kənardan gəlmiş təmir briqadasının ixtiyarına verərək, oranı material bazasına çevirib. Qurbanov həm də bütün qohumlarının evini güclü bərpa elətdirir.

Hər həftənin 2-4-cü günləri FHN-nin Həsən və Mühəndis adlı nümayəndələri Ağsu rayon İH-nin binasında narazı insanları qəbul edir, ancaq nəticə yoxdur. Camaatı başdan edirlər. Evlərin qeydiyyatını çoxdan dayandırıblar, gözdən pərdə asmaq üçün camaatı qəbul edirlər. “Mənim evim çiy kərpicdəndi, 90 ildi tikilib, zəlzələdən qəzalı vəziyyətə düşüb, başıma uçur, təmirə yaramır!” – deyənlərə bir cavabları var: “Qeydiyyat qurtarıb, baxış keçirilməyəcək, təmirə icra hakimiyyəti baxır”.

Əvəzində, məmurlar rüşvət verənlərin və oğurlanan tikinti materiallarının hesabına varlanır, özləri pullarını artırır, sahibsiz əhali isə icra hakimiyyətinin yolunda sürünür. İcra Hakimiyyəti təmirə yazılmış hər evə 7-8 kisə sement, 3-4 vedrə emulsiya paylayır, təmir-bərpa işləri üçün smeta sənədləri də camaatdan gizlədilir. Hansı evə nə qədər vəsait ayrıldığı dövlət sirri kimi qorunur.

Hər gün FHN-ə, PA-ya, H.Əliyev Fonduna onlarla məktub və teleqramlar göndəririk. Cavablar İH-ə qaytarılır; şikayət olunan Mirəlilərə, İqballara, Füzulilərə…”

Məktublar şöbəsi

Redaksiyadan: Şikayətdə adları çəkilənləri də dinləməyə hazırıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar