Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda meşələri necə kürüyürlər?

22-11-2019, 09:22   


Azərbaycanda meşələri necə kürüyürlər? - Şəkidən xəbər var


"Həm örüş sahələrimiz əlimizdən çıxır, həm də təbiətin gözəlliyini məhv edirlər”

Kəndlilər meşə ərazilərinin kürüməsindən narahatdılar

"Heyvanlarımızın örüş sahəsini əlimizdən alıblar. Yerində fındıq bağları salacaqlarını deyirlər. Bu, azmış kimi meşə ərazilərini də otlaq sahələrinin gözünə qatıb kürüyürlər. Hazırda sahələrdə onlarla texnika bu işlə məşğuldur”.

Şəkinin Bideyiz kəndinin sakini Rasim Əzizov belə deyir.

O, meşə gözətçisidir. Deyir, fındıq bağı salmaq üçün qırılan ağacların 100 illərlə yaşı var.

Azərbaycanın şimal rayonları olan Qax, Şəki və Oğuzda meşə fondu torpaqları uzunmüddətli (49 illik) icarəyə verilib. Torpaqları icarəyə götürənlər ərazidəki ağacları, kolları və çoxillik bitkiləri sökərək, yerində fındıq bağları salmaq niyyətindədir. Hazırda ərazidə ağacları və kolları kökündən çıxarmaqla məşğuldurlar.

Nazirlik məsələdən xəbərdardır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məsələdən xəbərdardır. Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib deyirlər:

"Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır”,- ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

Eko-fəal Cavid Qara meşələrin, kolların, ağacların məhv edilib, yerində fındıq bağlarının salınmasının gələcəkdə böyük fəsadlar yaradacağını söyləyir. Kəndlilər isə həm örüş sahələrinin əllərindən çıxmasına, həm də doğulub-böyüdükləri ərazilərdəki meşələrin məhvinə görə narahatdılar.

"Kəndin gələcəyini təhlükəyə atırlar”

"Həm örüş sahələrimiz əlimizdən çıxır, həm də təbiətin gözəlliyini məhv edirlər. Bunu etməklə kəndin gələcəyini təhlükəyə atırlar. Gələcəkdə selin qarşısını almaq mümkün olmayacaq. Biz bilmirik, bu meşələri məhv etmək nə dərəcədə doğrudur. Bir tərəfdən deyirlər, meşələri qoruyaq, oksigen mənbəyidir. Bir tərəfdən də hər yeri texnika ilə kürüyürlər”, - kənd sakinlərindən Akif Qurbanovun sözləridir.

"Kəndlilər isə həm örüş sahələrinin əllərindən çıxmasına, həm də doğulub-böyüdükləri ərazilərdəki meşələrin məhvinə görə narahatdılar"
Mənbə: Foto: Meydan tv

"Meşələrin məhvinə qarşıyıq”

Sakinlər örüş sahələrinin zəbtini və meşələrin qırılmasını qanunsuz sayırlar. Prezident İlham Əliyevdən bu məsələnin araşdırılmasına göstəriş verməsini xahiş edirlər:

"Bizim kəndin 1400 nəfərdən ibarət əhalisi var. Bu insanların hamısı meşələrin məhvinə qarşıdır. Həmin yerlər bu kəndin örüş sahələridir. Hamısını məhv edib, yerinə fındıq bağı salmaq istəyirlər. Eşitdiyimizə görə onların bu etdiyi qanunaziddir. Buna qanun çərçivəsində baxılmasını istəyirik”, - sakinlər deyirlər.

Namiq Zakirov deyir ki, meşələri dağıdır, adını da qoyurlar, aqromeşə: "Halbuki prezidentin fərmanı var. Orada deyilir ki, aqromeşələr meşə ərazisi olmayan, boş yerlərdə salına bilər. Bunların etdikləri isə qanunsuzluqdur”.

"Meşələri dağıdanların cəriməsini kim kəsəcək?”

Bideyiz kəndinin müəllimi Şaban Osmanov ilk növbədə yaşıllığın məhvinə, ikinci bir tərəfdən isə kəndlinin örüş sahəsinin əlindən alınmasına qarşıdır. Deyir, bütün dünya yaşıllığı qorumaq, artırmaq üçün çalışır. Bizdə isə əksini edirlər, sökür, dağıdırlar:

"Kimdirsə, kənd adamları da bilmir. Sahələrimizi, meşələrimizi məhv edirlər. Halbuki kəndli gedib o ərazidən 1 ağac kəssə, 40 manatdan 700 manatadək cərimə edilər. Özləri minlərlə, milyonlarla ağacı kürüyüb tökürlər. Onlara cəriməni kim kəsəcək?”

"Kəndin örüş sahəsini isə heç kim icarəyə verə bilməz”

Kəndlilər aidiyyatı qurumlardan araşdırma aparmalarını tələb edir. Min illərlə istifadə etdikləri örüş sahələrini özlərinə qaytarmalarını istəyirlər:

"Kəndliyik, nə ilə dolanmalıyıq? Ailəmizi mal-heyvanla dolandırırıq. Bir qrup adam gəlib ki, buranı almışıq, bağ salırıq, nə bilim, nəsə edirik. Belə də haqsızlıq olar? Qanunla örüş sahələridir bunlar. Satışa qoyula bilməz. Kəndin örüş sahəsini isə heç kim icarəyə verə bilməz. Örüş sahələri ilə də kifayətlənməyib. 100-1000 illərin meşəsini dağıdırlar. Harada yazılıb bu qanun? Prezident bu işə müdaxilə etməlidir”.

"Kəndin örüş sahəsini isə heç kim icarəyə verə bilməz"
Mənbə: Foto: Meydan tv

"Gələcəkdə sel daşqınları qaçılmazdır”

Eko-fəal Cavid Qara bu ərazilərdəki yaşıllığın, kolların qırılmasının təbiətə böyük zərbə olacağını söyləyir. Deyir, əvvəla, burada nə qədər heyvan yaşayır. İkincisi də, bu kolluqlar sel və daşqın olmasını əngəlləyir:

"Burada fındıq bağı salan hər halda çayın önünə bənd tikəcək ki, gələcəkdə sel daşqını problemi ilə üzləşməsin. Bu zaman da sel həmin kolluqları, meşəlikləri yox, gedib başqa yeri, kəndi, yaşayış məntəqələrini basacaq. Üstəlik, həmin ərazilər kəndlilərin örüş sahələridir. Heyvandarlığa da ciddi ziyan dəyəcək. Bundan da pisi meşələrin qırılmasının başlanğıcı olacaq. Ərazi kiçik deyil, gələcəkdə hərə bir tərəfini kürüyüb böyük bir ərazinin yaşıllığını məhv edəcəklər. Buna səssiz qalmaq olmaz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar