Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tələbələrin 70 faizi pullu oxuyacaq: Universitetlər PULSUZ təhsilə PUL tapmır

13-07-2018, 18:23   




Bu il ali məktəblərə qəbulda dövlət sifarişli plan yerlərinin sayında xeyli azalma müşahidə olundu. Abituriyentlərə təqdim olunan 45 000 plan yerindən cəmi 30 faizi ödənişsiz, 70 faizi isə ödənişli əsaslarla olub. Ötən illə müqayisədə ümumi ixtisaslar üzrə 20 faiz plan yeri artırılsa da, dövlət sifarişli plan yerləri 16 faiz azaldılıb. Dövlət sifarişi hesabına təqdim olunan plan yerlərində qruplar üzrə bir çox ixtisaslarda azalma müşahidə olunub.

Cebhe.info azalmanın hansı ixtisaslar üzrə baş verdiyini araşdırmaq və bunun səbəblərini aydınlaşdırmaq üçün təhsil eksperti Kamran Əsədova müraciət edib.

Təhsil eksperti bildirib ki, hər il ali məktəblərə plan yerlərində ciddi formada fərq olur. Bu il təqdim olunan dövlət sifarişli plan yerlərinin sayını ötən ilkilərlə müqayisə edən təhsil Kamran Əsədovun sözlərinə görə, I ixtisas qrupu üzrə aqromühəndislik ixtisası üzrə ötən il 100, bu il 45, aqronom ixtisası üzrə ötən il 95, bu il 90, çoxkanallı radio və trafasfer ixtisası üzrə ötən il 20, bu il 15, ekologiya mühəndisliyi ixtisası üzrə ötən il 165, bu il 120, elektroenergetika mühəndisliyi üzrə ötən il 125, bu il 120, fizika müəllimliyi ixtisası üzrə müvafiq olaraq 200 -190 plan yerləri təqdim olunub. Bu qrupda azalma ilə yanaşı artım olan ixtisaslar da var. Ötən il fizika ixtisası üzrə qəbul planı 75 olub, bu il isə 80 -a qədər artırılıb. II ixtisas qrupunda ümumi plan yerlərində artım olsa da, bəzi ixtisaslar üzrə azalma müşahidə olunub. Biznesin təşkili ixtisası üzrə ötən il qəbul planı 70 olub, bu il 60-a endirilib, coğrafiya müəllimliyi ixtisası üzrə ötən il 130 olan plan yerləri bu il 120-ə qədər azalıb. Ötən il iqtisadiyyat ixtisası üzrə 210, bu il 200 plan yeri olub. Bu qrupda coğrafiya ixtisasında 35 olan qəbul planı artırılaraq 50-yə çatdırılıb. III qrupda xüsusi azalma Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasında nəzərə çarpıb. Ötən il 280 plan yeri olub, bu il isə 240-a qədər endirilib. Filologiya ixtisası üzrə cüzi azalma olub. IV qrupda ümumi ixtisaslar üzrə artım olsa da dövlət sifarişli yerlərdə kəskin azalma olub. 

Ekspert bu cür durumun müəyyən səbəblərdən yarandığını desə də, yanaşmanı doğru hesab etməyib: “Bu düzgün deyil. Çünki Azərbaycanda hər kəsin maddi imkanı yoxdur ki, ödənişli təhsil alsın”. 

Ekspert bildirib ki, ölkəmizdə ən yüksək təhsil haqqı 6500, ən aşağı təhsil haqqı 1000 manatdır: “Ortalama 2500 manatdır. Universitetlərdə təhsilin daha çox ödənişli olması universitet xərclərinin artması ilə bağlıdır. Nəzərə alsaq ki, ölkədə iki dəfə devilivasiya olub, elektrik daşıyıcılarının qiyməti artırılıb, bunlar universitetlərin xərclərinin artması deməkdir. 4 universitetin də dövlət büdcəsindən maliyyələşməsi dayandırılıb. Bunları nəzərə alaraq, dövlət hesabına olan ixtisasların azaldılmasını normal hesab etməsəm də, baş verən proseslərin nəticəsi kimi qiymətləndirirəm”. 

Kamran Əsədov xatırladıb ki, dövlət sifarişli ixtisaslar dövlətin ehtiyacı olan yerlərin sayına uyğun olaraq müəyyənləşdirilir: “Dövlət 4 ildən sonra ehtiyacı olan kadrların sayına uyğun olaraq, plan yerlərini maliyyələşdirir. Digərləri isə rəqabət mühitində öz hesablarına təhsil alır və nəticədə öz vəsaiti ilə əmək bazarına daxil olur”. 

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar