Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

FHN ƏMƏKDAŞI DƏNİZDƏ BATAN GƏNCİ XİLAS ETMƏDİ

17-07-2018, 12:14   
 

Dənizdə batan gəncin dostu Nadir Hüseynov: “FHN əməkdaşı mənə dedi ki, bizim iş vaxtımız qurtarıb...”
Nazirlik əməkdaşının biganəliyi gəncin ölümünə səbəb olub
İyulun 12-də axşam saat 8 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsinin ərazisində dənizdə boğulub ölən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, sudan çıxarılıb, valideynlərinə təhvil verildiyi idda edilsə də, əlsində deyilən olayın tamamilə fərqli olduğu iddia edilir. Belə ki, hadisənin iştirakçısı olan Nadir Hüseynovun “Hürriyyət”ə bildirdiyinə görə, 20 yaşlı gəncin ölümünə səbəb Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının biganləyi olub. Hətta, onun sözlərinə görə, gəncin cənazəsi nazirliyin əməkdaşları tərəfindən çıxarılmayıb.
Nadir Hüseynovun sözlərinə görə, hadisə baş verən zaman 3 nəfər olublar: “Aramızda 6-7 metr məsafə var idi. Üçümüz də birdən suya girdik. Elə üçümüz də batırdıq, təkcə o, batmırdı. Mən özüm güclə çıxdım. O birisi uşağı çıxartdılar. Çıxardılan uşağı dalğa qabağa atdı, rəhmətə gedən Cavidi isə arxaya atdı. Mən qışqırdım ki, kömək edin, batan var. Camaat gəldi o uşağı çıxartdı. Dedik biri də var, nə olar, onu da gedin, tapın. Getdilər, dedilər tapa bilmirik. Bir oğlan bir az aralıdan yaxınlaşıb ki, əlindəki topu ona atıb onu xilas etsin, deyir, onu gördüm ki, ayağı yuxarı qalxdı, yavaş-yavaş batdı. Deyir, su onu apardı, mən çata bilmədim. Mən sonra fövqalədənin əməkdaşının yanına getdim. Dedim, adam batır, xilas elə. Mənə dedi ki, “bizim iş vaxtımız qurtarıb, mən də təkəm, icazə yoxdur”. Dedim, necə iş vaxtınız qurtarıb? Adam batır, “iş vaxtım qurtarıb” nə deməkdir? Sonra dedi ki, dayan ratsiya il danışım, gəlirəm. Sonradan gəldi, əlində batmamaq üçün bir şey var idi. Dedi ki, bizə bir yer göstər. Dedim yerini bilən olsam, gedib özüm tapardım, mən nə bilim su hara apardı. Bir də ki, vaxtında gedib kömək etmədi, batandan sonra nə xeyri vardı?! Batan vaxtı gedib kömək etmir, sonradan gəlib deyir, mənə yerini göstər. Soruşdum ki, qayığınız yoxdur, dedi yox”.
 
Məmmədov Cavid
Nadir deyir ki, FHN əməkdaşı vaxtında müdaxilə etsə, dostu ölməyəcəkdi: “Orada adam çox idi. Nə qədər fitlədilər.. “Fövqalədə”nin “domikləri” var idi, bomboş idi. Bir nəfər var idi, o da gəlib, kömək etmədi. O, vaxtında kömək etsə, Cavid ölməyəcəkdi. Həmin vaxt orada bir polis var idi, dedi ki, mənə fanar, ip tapın, gedim o uşağı çıxardım. Bir dənə o polis sağ olun. Polis Cavidi çəkib çıxardanda camaat başına yığışdı. Hamı durub baxırdı, başıaşağı tutduq, su gəldi, amma artıq ölmüşdü”.
 
Nadir Hüseynov
Maraqlıdır ki, FHN əməkdaşının biganəliyi gəncin ölümünə səbəb olsa da, nazirlikdən APA-ya verilən xəbərə görə, C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Halbuki, hadisənin şahidi bunun tam yalan olduğunu, dostunun cəsədinin polis tərəfindən çıxarıldığını və bununla bağlı çoxsaylı şahidlərin də olduğunu deyir. Görəsən, belə yalan kimə lazımdır?
Maraqlıdır, saat 20:00 radələrində çimərliklərdə insanları çoxluq təşkil etdiyi bir vaxtda FNH əməkdaşları harada olublar? Üstəlik, orada olan FHN əməkdaşının biganəliyi isə heç insanlığa sığmır. Necə yəni mənim iş vaxtım bitib?! Bəs, onda dənizdə batana kim kömək etməlidir?
Yeri gəlmişkən, iki gün əvvəl haqqın.az saytında gedən bir yazıda isə 2003-cü ildə anadan olan Cəbiyev Adil Müşviq oğlu və 2001-ci ildə doğulan Nəzərov Nüsrət Nəzər oğlunun ölümü ilə bağlı FHN-lə bağlı haqlı iradlar öz əksini tapıb.
Bildirilir ki, mayın 24-də Neft Daşlarının yaxınlığında, Xəzər dənizində hava ilə doldurulmuş rezin qayıqda meyitləri tapılan həlak olmuş gənclərin şəxsiyyəti müəyyən edilib. Bunlar bir ay əvvəl dənizə çıxan 2003-cü ildə anadan olan Cəbiyev Adil Müşviq oğlu və 2001-ci ildə doğulan Nəzərov Nüsrət Nəzər oğludur.
Adı çəkilən olay adi olduğu qədər də, faciəlidir. İki yeniyetmə hər kəsdən xəbərsiz qayıqla dənizə çıxır və təlatümlü dənizdə yoxa çıxırlar.
Valideynlərinin sözlərinə görə, sumqayıtlı yeniyetmələr gələcəkdə xüsusi təyinatlı dəstədə xidmət etmək arzusunda olublar və müxtəlif çətinliklərə sinə gərərək, özlərini hərbi xidmətə hazırlayırdılar. Bu, onların dənizə ilk çıxışları olmasa da, son olub...
Valideynlər yalnız axşama doğru oğlanlarının evdə olmadıqlarının fərqinə varıblar. Elə onda Nüsrətin anası xatırlayıb ki, uşaqlar qayıq haqda nəsə danışırlarmış.
Nüsrətin 17, Adilin isə 15 yaşı olub.Yeniyetmələr özlərinə xas tərzdə hərbi xidmətə, Vətənin keşiyində durmağa hazırlaşırmışlar.
İdmanla məşğul olur, qayıq idarə etməyi öyrənir, tez-tez açıq dənizə çıxırlar. Amma Xəzər məkrlidir- bir an öncə sakit, küləksiz hava bir dəqiqə ərzində fırtınaya çevrilə bilir. Həmin gün də məhz belə olub...
Əlbəttə, uşaqları diqqətsizlikdə qınamaq olar, amma nəzərə almalıyıq ki, onlar bunu ən xoş niyyət və məramla ediblər. Onlar şüurlu şəkildə özlərini ölkəmizin, vətənimizin keşiyində drmağa hazırlayırmışlar. Bəs vətən onları xilas etmək üçün nə edib?
Əslinə qalsa, valideynlərindən və dostlarından başqa heç kəs onları axtarmayıb. Nüsrətlə Adilin doğmaları elə həmin axşam polisə müraciət ediblər. Orada yol videokameralarının qeydlərini nəzərdən keçirib, müəyyən ediblər ki, yeniyetmələr hava ilə doldurulmuş qayıqla, çantalarla açıq dənizə çıxıblar. Amma FHN və Dövlət Sərhəd Xidməti üçün bu məlumat nədənsə axtarış əməliyyatına başlamaq üçün əsas verməyib.
Yalnız iki gün sonra polisin videokamera qeydləri ilə yanaşı, küləyin yeniyetmələrin qayığını açıq dənizə aparmasını görən şahidin xəbəri FHN-i hərəkətə keçməyə məcbur edib. Amma sahilboyu xətti yoxlamaq üçün nazirlik əməkdaşları nədənsə daha iki gün də gözləyiblər, nəyi və nə üçün gözlədiklərini isə ancaq özləri bilir. Axtarış zamanı heç kəsi tapmayan xilasedicilər geri qayıdıblar...
Bütün bu dəhşət dolu günlər ərzində oğlanların valideynləri sahildə axtarmadıqları yer qoymayıblar, dostları ilə qayıqlarla dənizə çıxıblar, FHN-ə dəfələrlə zəng vurub, yalvararaq, axtarış əməliyyatına vertolyotların (helekopterlərin) cəlb edilməsini xahiş ediblər.
Gəncləri, daha doğrusu, onların meyitləri ilə dənizdə üzən qayığı bir ay sonra təsadüfən dəniz qazmaçıları tapıb. Oğlanlar özlərini iplə qayığa bağlayıb, ayaqlarını gödəkçələri ilə örtüb, susuzluqlarını uzunboğaz çəkmələrinə doldurub içdikləri duzlu dəniz suyu ilə söndürürlərmiş. Ümid sonda ölür- onlar son anadək xilas ediləcəklərinə inanıblar... Göründüyü kimi, uzun müddət ölümlə mübarizə aparıblar-gənc və güclü idilər axı.
Fəhlə oğlu, ailənin sonbeşiyi Adilin və müəllim anasının təkbaşına böyütdüyü Nüsrətin arzuları ürəklərində qaldı. Onlar böyümədilər, xüsusi təyinatlı dəstədə xidmət etmədilər, ailə qurub valideynlərinə nəvə-nəticə bəxş edə bilmədilər. Dostları birgə dəfn etdilər.
Sumqayıt Polis İdarəsinin əməkdaşları övlad itirən valideynlərə başsağlığı verməklə vəzifələrini bitmiş saydı.
Peşəkar xilasedicilərin nədən bu qədər ləng tərpəndiyini aydınlaşdırmaq məqsədi ilə FHN-ə müraciət edən haqqın az-a isə nazirlikdən “bütün xilasetmə işlərinin ən yüksək səviyyədə təşkil olunduğu” bildirilib.
Nazirlik problemin yeniyetmələrlə, daha doğrusu, onların məsuliyyətsizliyi ilə bağlı olduğunu deyib. “Onlar böyüklərin icazəsi olmadan açıq dənizə çıxmamalı idilər”,- bəyan edən nazirlik, onu da əlavə edib ki, xilasetmə işləri kifayət qədər uzun müddət aparılıb və bütün mümükün olan imkanlardan istifadə edilib, nazirlik rəhbərliyi ilk gündən vəziyyəti öz nəzarəti altında saxlayıb.
Göründüyü kimi, birinci faktda FHN-nin verdiyi yalan informasiya, eyni zamanda əməkdaşının biganəliyi var. İkinici faktda insan həyatına biganəlik isə təkcə bir əməkdaşın yox, bütün Nazirliyin biganəliyindən baş verib. Hansı ki, uzun müddət dənizdə qalan yeniyetmələri tapmaq üçün FHN rəhbərliyi göstəriş verib helikopterləri cəlb etsəydi, həmin uşaqlar sağ qala bilərdilər. Görünür, valideynlərin yalvarışları belə, daşqəlbli məmurları yumşalda bilməyib. Amma həmin məmurlar unudurlar ki, kiməsə kömək etməli olduğu halda, etmirlərsə, bir gün özləri də köməyə möhtac qalacaqlar. Məsuliyyəti ölən uşaqların boynuna atmaqdansa, FHN əməkdaşları öz üzərinə düşən işi görsə, Allah qarşısında vicdan, vətəndaş qarşışında isə xidməti borclarını yerinə yetirmiş olardılar. Təəssüf ki, ölkədə məmurlar nə vətəndaş-məmur münasibətlərini nəzərə alır, nə də Allahı yada salırlar.
Şamo EMİN,
Banu OĞUZ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar