Ana səhifə

“REGAL”MTK və ona havadarlıq edənlər evimi qəsdən uçurub” - Evi qanunsuz sökülən həkim prezidentdən kömək istəyir

    Tarix: 14-05-2019 00:17   
 


Tibb Elmləri üzrə Fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin, Avropa Endockopic Cərrahlar Birliyinin üzvü, həkim-cərrah kimi xaricdə çalışan İskəndərov Qafar Bədəlxan oğlu prezident İlham Əliyevə açıq məktub yollayıb. Məktubunun bir surətini də “Azadlıq”a göndərən həkim Bakının Nəsimi rayonu, N.Yusifbəyli 25/27 saylı ünvanda yerləşən, “qanunsuz dağıdılmış və talan olunmuş” evinə görə açıq məktubla müraciət etməyinin səbəbini də yazır:

“İndiyə qədər ünvanladığım müraciətlərin sizə çatdırılmasının qarşısını kimlərsə alır, bu üzdən aidiyyəti dövlət organları şikayətlərimə baxmır. Sizə müraciət edən bu ziyalı həkim-cərrahın Bakı şəhərində olan yeganə evini 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “REGAL”MTK rəhbərliyi və sahibləri razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurub, yerlə bir edib. Bu, sıradan adi sayılan hadisə deyil, bu bir faciədir. Bu, evini ölkəsinə və dövlətinə əmanət edərək ruzi qazanmaqla yanaşı, millətini və ölkəsini xaricilərə tanıtdırmaq üçün müxtəlif  ölkələrə üz tutan bir həkimin faciəsidir.

Bu məktubumda mülkiyyət hüquqlarımın müdafiəsi ilə bağlı bir hüquqi normanın adını belə çəkməyəcəyəm. Təəssüf ki, bu anlayış öz dəyərini artıq itirib, yaxud bəzilərinin gözündə dəyərsizləşib. Düşünürəm ki, ölkəmizdə mülkiyyətin toxunulmazlığı və qorunması, bu anlayışın “müqəddəsliyi” təkcə normativ qanunlarla deyil, düşüncə və yanaşmalarımızla, söz və əməllərimizlə təmin olunmalıdır. Mülkiyyətin qorunması, başqalarının mülkiyyətinin toxunulmazlığı, başqalarının malına, mülkünə göz dikilməməsi, başqasının mal-mülkünə hörmət qoyulması bu gün əsas ictimai və fərdi müzakirə mövzusu olmalıdır. Əks halda, mal-mülklə bağlı məhkəmə çəkişmələrinin sonu görünməyəcək. Qənaətimcə, başqasının mal-mülkünə, onun toxunulmazlığına qarşı düşüncə təkcə Konstitusiya norması ilə deyil, ailə tərbiyəsi mövzusu və ictimai tərbiyə yanaşması ilə də formalaşdırılmalıdır.

Özlərini sahibkar adlandıranlar, özlərini xüsusi dini titullarla “bəzəyənlər” (“hacılar “, “seyidlər”) bir ziyalının, ömrünün böyük bir hissəsini elmə, peşəyə həsr edən bir həkimin evini nə üçün, hansı düşüncə ilə uçurublar? Milyonlara sahib olmaq üçünmü? Axı bu cür necə milyonlara sahib olmaq olar ki, bu milyonların bünövrəsi birilərinin lənəti, ah-naləsi, mənəvi sıxıntıları və ruhi sarsıntıları üzərində qurulsun? Birinin mülkiyyətinə qəsd edəninin, yaxud qəsd etmək düşüncəsində olanın, düşünürəm ki, bunu dərk etməsi lazımdır. Yoxsa, məhkəmə cəzası, dövlət tədbiri bu insanlara nə tərbiyə verəcək? Öncə bu insanların düzgün tərbiyəsinə, düşüncə və baxışlarını dəyişmələrinə nail olmamız lazımdır. Əlbəttə ki, müvafiq cəza da yerində olmaqla, yoxsa təkcə tərbiyə ilə də bu məqsədlərə nail olmaq mümkün deyil.

Şirkətin mənə vurduğu zərər 843 min 726 manatdır. Bəlkə də evim məhkəmə qərarı ilə, yaxud hər hansı qanuni əsaslarla sökülsəydi, mənə bu qədər təsir etməzdi. Amma məsələ tamamilə fərqlidir. Mənim evim sökülməyib, yaxud özü uçmayıb, “REGAL”MTK-nın rəhbərliyi, bu tikinti şirkətinin sahibləri və ona havadarlıq edənlər məhz qəsdən uçurub və bilərəkdən məhv edib. Özü də Bakıda olmadığım müddətdə, xarici ölkələrdən birində müqavilə əsasında işlədiyim vaxtda. Onlar bir həftə sonraya biletim olduğunu bilirdilər, MTK rəhbərliyi müqavilə əsasında işlədiyimdən məlumatlı idi. Bir həftə sonra Bakıda olacağımdan xəbərdar edilmişdilər və bunu qəbul da etmişdilər. Bəs nə idi onları mənim gəlişimi bir həftə belə gözləməyə, səbirli olmağa imkan verməyən? Bu, onları uçuruma aparan nəfsləri və təkəbbürləri, mənəm-mənəmlikləridir. Onlar sanki mənimlə – ölkələrinin bir ziyalısı ilə döyüşürlərmiş kimi davranıblar, o üzdən mən Bakıya çatanacan masada döyüş üstünlüyü qazanan tərəf kimi oturmaq düşüncəsi ilə evimi uçurublar. Yəni artıq evin yoxdur, nə edə biləcəksən, barışmaq məcburiyyətindəsən. Yəni biz buyuq, güclüyük, məhkəmə qərarı olmadan belə evinizi yox edə bilirik. Hətta evini sökdükdən bir sutka sonra 13 saylı dövlət notariusu ilə səlahiyyəti olmayan şəxslə sənin adına müqavilə bağlaya bilirik. Bizim gücümüzlə hesablaşmaq məcburiyyətindəsən. Bunların mənə vermək istədikləri mesajlar bu idi. Havadarlarını da sadalamaqdan çəkinmirlər: rayon İH başçısı, şəhər və rayon prokurorları, şəhər və rayon polis idarəsi rəisləri, DİN-nin bəzi baş idarə rəisləri və s. Görün, bir həkim-cərrahın qarşısına öz evinin əlindən alınması üçün kimləri çıxarıblar. O həkimin ki, öz əlləri ilə hər gün iş başında neçə-neçə insanın həyatda qalmasına səbəb olur.

Hazırda işim Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinə təkrar baxışa qaytarılıb. Özüm isə xarici ölkələrdən birində iş başındayam. Məhkəmədə şəxsən iştirak etmək niyyətindəyəm. Sizdən bir ziyalı vətəndaşınız kimi umduğum başıma gətirilənlərlə bağlı mübahisəyə məhkəmələrimizin ədalətli yanaşmağının təmin olunmasına göstəriş verməyinizidr. Eyni zamanda, araşdırılmalıdır ki, nədən Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon polisi, Nəsimi rayon prokurorluğu bu qanunsuzluğa göz yumublar? Nədən asayiş keşikçimiz olan polisimizin 102 xidməti hadisə zamanı və hadisədən dərhal sonra zənglərə əhəmiyyət verməyib? Nə üçün prokurorluq orqanları əmlakımın məhv edilməsi ilə bağlı indiyə kimi heç bir tədbir görməyib? Necə olub ki, qanunsuz tikintiyə icazə verməyən Fövqəladə Hallar Nazirliyi qanunsuz söküntünü diqqətdən yayındırıb? Ölkə Prezidenti məmurları xalqa xidmətə çağırdığı bir şəraitdə bu qurumları mənə qarşı haqsızlıq ətrafında birləşməyə vadar edən,yaxud maraqlandıran nə olub? Hansı maraqları naminə bu qanunsuzluğa göz yumublar?”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net