Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“MƏNƏ QƏZƏBLƏNMƏYİN…” – Putin zibildən tutmuş hərbi əsirlərə qədər…

20-06-2019, 21:49   

 



Rusiya prezidenti Vladimir Putin öz hakimiyyəti tarixində 17-ci dəfə canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırıb.
“AzPolitika.info” xəbər verir ki, bu dəfə də ölkə başçısına verilən suallar adi məişət problemlərindən tutmuş xarici siyasətə qədər, böyük spektri əhatə edib.
Bu dəfə iqtisadi və sosial problemlər daha çox qabardılıb və Rusiya prezidenti son illərdə ölkə vətəndaşlarının həyat səviyyəsinin doğrudan da aşağı düşdüyünü və gəlirlərində geriləmə olduğunu etiraf edib. Bununla yanaşı prezident bildirib ki, hazırda gəlirlərin səviyyəsi bərpa olunmağa başlayır. O, qeyd edib ki, hökumət ölkədə minimum əmək haqqını yaşayış minimumuna çatdırmağa nail olub.
“Sahələr və regionlar üzrə böyük fərq var…”
Ölkədə orta aylıq əmək haqqının 2017-ci ildəki 33200 rubldan (525 ABŞ dolları) 44000 rubla (696 ABŞ dolları) çatdığını qeyd edən Putin, elə dərhal da vətəndaşlardan bu rəqəmləri səsləndirdiyinə görə qəzəblənməmələrini xahiş edib: “Mən dərhal televiziya, yaxud internet qarşısında olan insanlara demək istəyirəm ki, bu qədər maaş ala bilmədikləri üçün mənə qəzəblənməsinlər. Bu, təbiidir. Mən orta rəqəmlərdən danışıram. Niyə? Çünki bizdə sahələr və regionlar üzrə böyük fərq var…”
Putin Rusiyadakı sosial-iqtisadi problemləri daha çox xarici iqtisadi şoklarla – sanksiyalar, dünya bazarındakı qiymətlər və s. səbəblərlə əlaqələndirib. Əvəzində hökumətin və Mərkəzi Bankın fəaliyyətini bəyəndiyini deyib. Rusiya prezidenti ölkədə ƏDV-nin 18 faizdən 20 faizə qaldırılmasını da doğru qərar hesab edib və bildirib ki, bu qərar bir çox vacib layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün əhəmiyyətli rol oynayıb.
ƏDV-nin və Mərkəzi bankın “stavkalarının” qaldırılmasından sonra inflyasiyanın artdığını, hətta istehsalın da daraldğını bildirən Putin, artıq bu prosesin dayandığını, inflyasiyanın 5 faiz civarında olduğunu, istehsalın isə bərpa olunmağa başladığını deyib. Prezidentin fikrincə, əsas problem dövlətin bu və ya digər sahəyə dəstək verməsi yox, “əmək məhsuldarlığının artırılması və iqtisadiyyatın inkişafıdır”.

Zibil böyük problemdir…

Komunal sahədəki problemlərə dair sualı cavablandıran Putin “zibil məsələsinə”xüsusi diqqət ayırmağa məcbur olub: “Bu, bizim üçün böyük problemdir. Biz on illərlə zibil, tullantılar toplamışıq və heç kim bununla lazımi qaydada məşğul olmayıb. Heç kim zibilin sənaye üsulu ilə emalıyla məşğul deyil…”
Ölkə başçısı insanların yaşayış yerlərinə yaxın ərazilərdə böyük zibilxanaların mövcudluğunun əleyhinə olduqlarını, zibilin uzağa daşınmasının isə baha başa gəldiyini xüsusi qeyd edib: “Heç kim istəmir ki, evinin yaxınlığında zibilxana, poliqon olsun. Deməli, onu uzağa aparmaq lazımdır, bu isə puldur. İndiyə qədər heç kim hesablamayıb ki, zibilin daşınması neçəyə başa gəlir…”
Zibil problemilə bağlı uzun-uzadı danışan və onun həllində təkcə dövlətin deyil, biznes strukturlarının da iştirakını vacib sayan Putin dolayısı ilə etiraf etmiş olub ki, dünyaya meydan oxuyan, kosmosdan tutmuş planetin ən ucqar nöqtələrinə qədər silah çatdıran Rusiya kimi nəhəng ölkə adi zibil probleminin qarşısında aciz qalıb…

Rusiya 50 milyard dollar itirib, Avropa isə…

2014-cü ildən başlayaraq geniş şəkildə tətbiq olunan beynəlxalq sanksiyalar barədə danışan Rusiya prezidenti bunun iqtisadiyyata təsirsiz ötüşmədiyini deyib. Lakin onun sözlərinə görə, həmin sanksiyalar Rusiyadan çox Avropaya və digər ölkələrə ziyan vurub: “Ekspertlərin hesablamalarına görə, Rusiya bu məhdudiyyətlər səbəbindən 2014-cü ildən indiyə qədər 50 milyard dollardan məhrum olunub. Avropa İttifaqı 240 milyard dollar, onlarla ticarət dövriyyəmiz az olduğu üçün ABŞ 17 milyard, Yaponiya isə 27 milyard dollar itirib. Bu, özünü həmin ölkələrdəki iş yerlərində göstərəcək. Onlar bizim bazarı itirirlər…”
Beynəlxalq aləmdə “hamı ilə barışmaq” barədə təklifə cavab verən Rusiya prezidenti heç kimlə dalaşmadıqlarını və ümumiyyətlə belə bir iddialarının olmadığını söyləyib. Ukrayna və Donbasla bağlı suala cavab verən Putin Rusiyanın Donbası işğal etməsinə dair itihamları “yalan və uydurma” adlandırıb. Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin geri qaytarılması məsələsinə gəlincə, Putin deyib ki, “biz hələ düşünməliyik, görək bizim laqeyid yanaşmadığımız şəxslərin, həmçinin Rusiya vətəndaşlarının taleyi necə olacaq”. Rusiya başçısının bununla Ukrayna tərəfinin həbs etdiyi Donbasdakı hərbi əməliyyatlarda iştirak edən separatçıları və rusiyalı hərbçiləri nəzərdə tutduğu güman olunur.
Putin digər MDB ölkəsi olan Belarusla Rusiyanın birləşməsi perspektivinə isə nikbin baxmadığını və bu məsələnin gündəlikdə durmadığını söyləyib.
Maraqlı suallardan biri isə 20 il bundan əvvəl Boris Yeltsinin ona ölkə başçısı postunu təklif etməsilə bağlı olub. Putin deyib ki, 20 il öncəyə qayıtmaq mümkün olsaydı, yenə də bu təklifə müsbət cavab verərərdi…
Tahir
“AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar