Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan yeni əməkhaqqı sistemi gətirilir?- Saata görə pul…

20-06-2019, 21:58   


Azərbaycan yeni əməkhaqqı sistemi gətirilir?- Saata görə pul…

Minimum əməkhaqqı işçiyə görülmüş işə görə verilən maaşın ən aşağı həddidir.

Yəni harada işləməyindən asılı olmayaraq işəgötürən işçiyə bu həddən az maaş verə bilməz. Minimum əməkhaqqı (MƏH) hər bir dövlətin və ya sahibkarın işçi qarşısında məcburi öhdəliyidir.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, minimum əmək haqqı sistemindən imtina etmək, bunun əvəzində isə  bir çox ölkələrdə tətbiq olunan fərqli sosial standart hesab olunan saatlıq minimal əməkhaqqı sistemini tətbiq etmək lazımdır. 

Bu barədə Cebhe.info-ya danışan hüquq müdafiəçisi bildirib ki, MDB ölkələrində minimum əməkhaqqı sisteminin sahələr üzrə tətbiqi həyata keçirilir: “Elə ölkələr var ki, orada ay ərzində minimum əməkhaqqı sistemi var. Bununla yanaşı, əməyin saatlıq ödəniş qiyməti müəyyən olunub. Avropa İttifaqı ölkələrində bu sistem fərqlidir. Minimum əməkhaqqı hər ölkənin iqtisadi inkişafından asılı olaraq müəyyənləşir. Əslində minimumdan imtina etməmək də olar və sosial kateqoriya olaraq qala bilər. Amma paralel olaraq saatlıq sistemi də tətbiq ola bilər.

MDB ölkəlrindən hələ heç kəs bu sistemə doğru getmək istəmir.  Əmək ödənişinin saatlıq qiymətləri  çox aşağıdır. ABŞ-da 20 il əvvəl 5 dollar idisə, hazırda 9,5 dollardı. Amma MDB məkanında elə məbləğlər təyin edə bilmirik. Belə məbləğlər təyin olunanda ölkənin ümumi sosial-iqtisadi inkişaf göstəriciləri də nəzərə alınmalıdır. Elə ölkələr var ki, tutaq ki, orada iş saatı 10 dollardır. Düşünürük ki, bu, çox yaxşı rəqəmdir. Amma onun arxasında komunal xərclər və ya kirayə mənzil ödənişi bəlkə də elə böyükdür ki, heç o xərclər onu ödəmir. Ona görə də bu məsələnin iqtisadi əsasları hesablanmalıdır. Ölkədə xərclərin strukturu öyrənilməli və müqayisələr aparılmalıdır. Bir sözlə, bu məsələ bir qərarla həll olmur”.


İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, problem maaşların leqallaşdırılması məsələsidir:

“Maaşların leqallaşdırılması məsələsi tam həll olunanda sonra onun formalarını tətbiq etmək mümkündür. Bu, bir çox ölkələrdə də tətbiq olunur. Azərbaycanda gizli iş yerləri var. Maaşların leqallaşması tam həyata keçirilməyib. Azərbaycanda rəsmi rəqəmlərə görə, özəl sektorda cəmi 600 min insan çalışır. Amma bu çox aşağı rəqəmdir. Özəl sektorlarda çalışanların sayı bundan ən azı iki dəfə çoxdur. Maaşlar tam leqallaşmalıdır ki, bu zaman minimum əməkhaqqı anlayışından saatlıq, yaxud günlük, həftəlik qazanc sisteminə keçmək olsun. Amma bir kriteriya olmalıdır.

Minimal olaraq ödənişlərin səviyyəsini göstərən bir qanun olmalıdır. Bu baş verməsə, o zaman işəgötürənlərin işçilərlə müqavilələri tənzimlənməsi də problem ola bilər. Bu gün iş yerlərinin leqallaşması kökündən həll olunmalıdır. Hələ bu məsələ ilə bağlı ciddi problem var. Məsələn, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5,8 milyon nəfərdir. Amma muzda, yəni əmək müqaviləsi olan insanların sayı 1, 6 milyondur. 4,2 milyon əmək qabiliyyətli olan əhalinin hansı formada və necə çalışması müxtəlif suallar doğurur. Orada, təqribən 400 mindən yuxarı VOEN-lə çalışanlar var.

Kənd təsərrüfatı sahəsində çalışanların əmək müqavilələri bağlanılmır. Bütün bunların leqallaşmasına ehtiyac var. Ancaq bundan sonra ödənişlərin forması ilə bağlı dünya praktikasındakı qaydalardan istifadə etmək olar. İndiki halda, bu, ciddi bir dəyişikliyə gətirib çıxarmayacaq. Fərqi nədir ki, saatlıq, günlük və ya həftəlik olsun, amma rəsmi çalışanların sayı bilinməsin”.

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar