Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sanksiyalarla “möhürsüz mübarizə”: İranın yeni QAYDASI

22-06-2019, 15:32   


Sanksiyalarla “möhürsüz mübarizə”: İranın yeni QAYDASI

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran arasında yaşanan gərginlik ikinci ölkəni bir sıra addımlar atmağa vadar edir. 

Artıq İran belə bir addımı ölkəyə gələcək turistlərlə bağlı verib. Belə ki, İran ABŞ-ın Tehrana qarşı sanksiyasına cavab olaraq turist axınının təşviqi məqsədilə ölkəyə giriş-çıxışa dair möhürü ləğv edəcəyini bildirib. Bu barədə hökumətin nümayəndəsi Əli Rabii mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyasına cavab olaraq ölkəyə giriş-çıxışa dair möhürün ləğvindən imtina ilə bağlı təşəbbüsü bəyənib. "Beləliklə, turistlər biləcəklər ki, İrana səfər gələcəkdə onların həyatına heç bir təsir göstərməyəcək", - o açıqlama verib.

Siyasi ekspertlər hesab edir ki, İranın bu addımı anlaşılandır. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında belə bir praktikanın başqa ölkələrdə də olduğunu deyib. E.Şahinoğlu özünün yaşadığı belə bir təcrübəni misal gətirib: 

“İranın bu addımını anlamaq olar. Çünki Amerika Birləşmiş Ştatları sanksiyaları sərtləşdirir və gələcəkdə İrana səfər edənlərə qarşı da müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Məsələn, İrana gedən şəxsin ABŞ-a girişi qadağan oluna bilər. Bu da İrana gələn turistlərin sayının azalmasına səbəb olar ki, rəsmi Tehran bunu istəmir. Əslində, beynəlxalq praktikada da belə təcrübə var. Məsələn, mən Şimali Kipr Türk Cümhuriyyətində də, Yunanıstanda da olmuşam. Şimali Kipr Türk Cümhuriyyətində də belə sistem tətbiq olunur və ölkəyə daxil olanda pasporta möhür vurmurlar. Çünki pasporta möhür vurulanda Yunanıstana getmək çətinləşir. Ona görə də pasporta marka yapışdırırlar ki, ölkədən çıxanda onu qoparmaq mümkün olsun. Əks halda, Yunanıstana giriş mümkün olmur. Çünki Yunanıstan Şimali Kipr Türk Cümhuriyyətini tanımır. İran da eyni praktikaya üstünlük verir. Turistləri, gəliri itirməmək üçün bu cür addım atır. Hesab edirəm ki, bunu normal qəbul etmək olar”.

ABŞ-la İran arasında yaşanan son hadisələrə gəlincə, Elxan Şahinoğlu bildirib ki, tərəflər müharibəyə getməyəcək: 

“ABŞ-İran arasındakı gərginlik həqiqətən də pik həddə çatıb. Dronun vurulmasından sonra gərginlik bir qədər də artdı. Artıq tankerlər də hədəf götürülüb. Vəziyyət getdikcə gərginləşən xətt üzrə gedir. Amma düşünürəm ki, son anda hər iki tərəf geri addım atacaq.  Çünki bilirlər ki, mövcud vəziyyət bölgəni fəlakətə apara bilər. Əslində hər iki tərəf geriyə addım atmağı düşünür. Bunun yolları axtarılır. Hətta mümkündür ki, hansısa üçüncü bir dövlətin vasitəçiliyi ilə aşağı səviyyədə, diplomatlar arasında görüşlər də olsun. Çünki əsas məsələ odur ki, İran nüvə silahı istehsal etmir. Bunu ABŞ-da daxil olmaqla, hər kəs bilir. Sadəcə olaraq, ABŞ-ın əsas tələbi odur ki, İran qonşu dövlətlərin daxili işlərinə qarışmasın, silahlı qruplaşmaları dəstəkləməsin, İsraili hədəf alan ballistik raketlər istehsal etməsin. Əlbəttə, İran hazırkı vəziyyətdə bununla razılaşmaz. Amma mümkündür ki, üçüncü ölkənin iştirakı ilə gələcəkdə bu məsələlər ətrafında müzakirələr olsun. Necə ki, ABŞ Şimali Koreyanı hədələdi, sonra dialoq başladıldı. Eynilə, İranla da dialoq nə zamansa başlaya bilər”.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar