Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda daha bir ticarət mərkəzi yandı: AVM-lərdə təhlükəsizlik problemi

24-06-2019, 10:45   


 

Ekspert: “Bu məsələdə güzəştə getmək, hansısa məqsədlər naminə çatışmazlıqlara göz yummaq olmaz”

İyunun 23-də Bakıda “Qara Qarayev ” prospektində yerləşən “X-lady” ticarət mərkəzində yanğın baş verdi. İlkin ehtimallara görə, hadisəyə  səbəb ticarət mərkəzinin  ofisindəki printerlərdən birinin partlaması olub. Ətrafa yayılan alov qısa zamanda “X-lady” ticarət mərkəzinə də keçib.

Yanğın söndürülsə də, 3-cü mərtəbədəki ayaqqabı anbarına ziyan dəyib. Ticarət mərkəzinin dam örtüyü yanaraq, yararsız hala düşüb. Məlumata görə, yuxarı mərtəbələrdəki malların da bir qismi yanıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olundu və qısa zaman ərzində yanğın lokallaşdırıldı. Ərazidə bir neçə mağaza yerləşsə də, digər mağazalara yanğının keçməsinin qarşısı alındı.  Hadisə yerinə gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, heç bir ölkə belə hadisələrdən sığortalanmayıb: “Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq”.

Onu da qeyd edək ki, “X-lady” ticarət mərkəzi, bu ilin mart ayında yanan “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşir. “Diqlas”da baş verən yanğından sonra ticarət mərkəzlərində yanğın təhlükəsizliyinə əməl edilməsi məsələsi gündəmə gəlmişdi. Həmin ərəfədə “Yeni Müsavat”ın reportyor qrupu bir neçə mağazada olmuşdu və öyrənmişdik ki, mərkəzdən kənarda yerləşən ticarət mərkəzlərinin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarına tam əməl edilmir...

Ä°lgili resim

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov bildirib ki, ticarət mərkəzlərində baş verən yanğının səbəbi əsasən insan faktorudur:

“İlk növbədə nəzərə almaq lazımdır ki, tikinti tikilən zaman layihə hazırlanmalıdır. Layihədə göstərilməlidir ki, işıq kabelləri necə çəkilməli, hansı materialdan olmalıdır. Məsələn, alüminiumla misin naqillərini bir yerdən aparanda, qısa müddət sonra birinci material sıradan çıxır. Eyni zamanda xətlərin ”n" kəsiyinə də baxmaq lazımdır. Öyrənmək gərəkir ki, nə qədər elektrik sərf olunacaq və naqillər bu yükə necə davam gətirəcək. İlk növbədə elektrikin yükü müəyyən olunmalıdır ki, içəridə neçə vatlıq cihazlar qurulacaq. Onların hamısını nəzərə alıb, artıqlaması ilə naqillər seçilməlidir. Bütün bu proseslərdən sonra işıq xəttinə qoşulan zaman dövlət komissiyası onu qəbul etməlidir. İş prosesində həmin naqillərin yükgötürmə qabiliyyətinə uyğun olan cihazlardan istifadə edilməlidir. Əgər yükdən artıq quraşdırma olarsa, kabellər gücə düşür və qısa qapanma əmələ gəlir, yanğın olur".

Ekspert söyləyib ki,  ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına da ciddi əməl olunmalıdır:  “Yəni qaz, işıq cihazları oda davamlı olan divarlara yaxın yerdə qoyulmalıdır. Tez buxarlanan benzin, spirt və digərləri yanma təhlükəsizdən uzaq saxlanmalıdır. Obyekt tikilən zaman hər bir tikilinin qarşısında, insanların kütləvi yığışdıqları yerlərdə yanğın qolları qoyulmalı, anbarlar yaradılmalıdır. Əks halda yanğın söndürənlər gedib, iki saat su axtarırlar. Onlar gələnə qədər də obyekt külə dönür. Həmçinin obyektin içərisində plakatlar asılıb, maarifləndirmə işləri aparılmalıdır. Yanğın şitlərinin yanında bütün lazımı avadanlıqlar yerləşdirilməlidir. Bundan da əlavə obyektdə siqnalizasiya quraşdırılmalıdır. Tüstü olan zaman bu qurğular işə düşür və hətta adi insanlar da yanğın genişlənməmiş, qarşısını alırlar. Azərbaycanda əksər obyektlərdə sadaladıqlarıma əməl  edilmir. Mən xeyli sayda xarici ölkədə olmuşam. Müşahidə etmişəm ki, bütün obyektlərin qarşısında su hidrantları quraşdırılıb. Həmin hidrantların 30 metrliyində belə avtomobil saxlamağa icazə yoxdur. Kimsə maşınını hidranta yaxın saxlayırsa, onu yüksək məbləğdə cərimələyirlər. Bizdə isə görürük ki, kim haradan usta tapırsa, ona qazını, işığını çəkdirir. Yay aylarında ona görə də ölkədə yanğınların sayı çox olur. Sovet dövründə hər 3 aydan bir, müvafiq qurumun əməkdaşları qapı-qapı gəzib, yanğından mühafizə ilə bağlı profilaktik tədbirlər həyata keçirirdilər. İndi isə belə halla rastlaşmırıq. İnsanların özləri də maariflənmirlər. Ona görə də bu cür hadisələr baş verir. Yaxın günlərdə Yasamal qəbiristanlığında da yanğın baş vermişdi. Həmin yanğın nəticəsində qəbirlərə ziyan dəydi. Necə olur ki, bir iş görməmiş, qurumlar gəlirlər ki, bizdən icazə almamısız? Xüsusilə də icra hakimiyyətinin nümayəndələri gəlirlər ki, burada iş görmək üçün icradan icazə lazımdır. Bəs icra nə üçün zibilləri daşımır, ərazisinə nəzarət eləmir? Ticarət mərkəzlərində də dövlət nəzarəti mütləqdir. Baxmaq lazımdır ki, sahibkar qanuna necə əməl edir. Bu məsələdə güzəştə getmək, hansısa məqsədlər naminə çatışmazlıqlara göz yummaq olmaz. Göz yumularsa, yanğınlar daha da çox olacaq”.

Əli RAİS,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar