Ana səhifə

ABŞ PREZİDENTİNİ İDARƏ EDƏN MƏTBUAT KATİBİ:o, Çinə "İranın gizli gücü" kimi baxan əsas simalardan biridir - ARAŞDIRMA

    Tarix: 28-06-2019 20:51   

Ergün Diler

“Takvim”, Türkiyə, 27 iyun 2019-cu il

 

İnanın, baş verən bütün hadisələrə baxdığımız lupa kiçik və istifadə üçün yararsızdır. Vəziyyət belə olunca, baş verənləri anlamaq və hərəkət marşurutu seçmək məsələsində problem yaşayırıq. Bəzən lazımi qədər açıq yaza bilmədiyimi bilirəm. “Niyyətimlə nəticə üst-üstə düşməyə bilər” deyərək, balansı qorumağa cəhd edirəm. Gizlədəcək deyiləm. Ancaq heç kimi incitməmək, narazı salmamaq istədiyim üçün ad çəkmədən yazmağa çalışsam da, istədiyim mesajı verdiyimi düşünürəm.

Türkiyə, hakim kimi, bir rinqin ortasındadır. Ancaq matçda iştirak edir. Bənzəri yoxdur. Boksçulardan birini seçməlidir. Söhbət ABŞ-la Çindən gedir. Bundan qaça bilməz. Rinq də Türkiyə, Avrasiya və Orta Şərqdir. Son illərdə Vaşinqtonla aramıza qara pişiyin girdiyi sirr deyil. Hadisələr bir-birinin ardınca gəldi və Ankara ilə Vaşinqton ayrı düşdü. Türkiyə Avrasiya və Çinlə əlaqələrini gücləndirdi.

Deyəsən, ötən ayın son günü idi. Ankarada önəmli bir toplantı keçirildi. Oteldə keçirilən toplantıya CXR-in Türkiyədəki səfiri Denq Li, səfirliyin siyasi müşaviri Van Fey, ictimaiyyətlə əlaqələr müşaviri Se Sinsin və iqtisadiyyat və ticarət attaşesi Li Tsyan qatıldı. Vətən Partiyasının dəvəti ilə keçirilən bu toplantıda önəmli türklər də iştirak edirdilər. Onların başında Murad Ülkər gəlirdi. Ona çox önəm verdiyim üçün söyləyəcəkləri dəyərli idi.

O toplantıda dəqiq və aydın mövqe ortaya qoyan Murad bəy deyirdi: “Hamımız Çinin tərəfindəyik. Bu, çox mühüm bir təşəbbüsdür. Hava, quru və dəniz yolları mütləq inkişaf etdirilməli və beləliklə, “İpək yolu”ndan istifadə etməliyik”.

Murad bəy önəmli şəxsdir. O, Londonda şirkətləri olan, Türkiyənin ən öndə gələn iş adamlarından biridir. Və o, “Çin” deyirdi. Önəmli ölçüdə türk iş dünyasının yönünü göstərirdi.

Bu, qətiyyən unudulmamalı bir addımdır. Murad bəy, peşəkar əməkdaşlarının qarşı çıxmasına rəğmən, lap əvvəldən Çinə investisiya qoymaq istəyən bir şəxsdir. Mən haradasa belə oxumuşdum.

“İpək yolu” və Çin ABŞ-a qarşı qurulan yeni bir dünya idi. Gedən mübarizə bu yoldan ötrü idi. Türkiyənin önəmli investorları, xaricdəki bağlantıları kimi, Çinlə birgə yürümək istəyirdi. Bu, önəmli və həyati bir seçim idi. Çünki İngiltərədə Müdafiə naziri Qevin Uilyamson “Huawei”yə informasiya sızdırdığına görə gedir, Baş nazir Tereza Meyisə ABŞ-ın başını qatdığı üçün kreslosunda otura bilmirdi. Almaniya və Fransa da “Huawei”yə qarşı addımlar atmağa məcbur olurdu. Məsələn, ingilislərin “Vodafone” şirkəti “Huawei”lə işləməyəcəyini elan etmişdi. Bundan da önəmli hadisələr baş vermişdi. İngiltərə kəşfiyyatının sabiq şeflərindən biri olan ser Riçard Dirlav “Kommunist Partiyası ilə “Huawei” arasındakı əlaqəni unuda bilmərik. Casusluq məsələsilə bağlı ABŞ kimi düşünməliyik. 5G-nin infrastrukturunun qurulması işlərində “Huawei”dən uzaq durmalıyıq. Bizim üçün doğru yol budurdeyirdi.

Eyni zamanda kəşfiyyatçı keçmişi olan bir çox şəxs isə bunun əksini söyləyirdi. Bəlkə də, hər bir ölkə Çin məsələsilə bağlı iki yerə bölünmüşdü. Həm siyasi, həm də iqtisadi baxımdan.

ABŞ-da da durum elədir. Məsələn, Tramp “Hillari gəlsəydi, Çin burada bizi yox edərdi” deyə biləcək qədər irəli gedirdi. Ancaq öz qızının Çinlə əlaqələri də yox deyildi. Anlayacağınız odur ki, ailələr belə iki yerə bölünmüşdü.

65 ölkə “İpək yolu” ilə ticarət, pul, qazanc, sərhəd, bankirlik, vətəndaşlıq anlayışlarını yenidən müəyyən edəcəkdi. Hər şey yenidən inşa ediləcəkdi.

ABŞ-da bir məktəb (cərəyan, mərkəz – tərc.) buna qarşıdır. Mübarizənin səbəbi budur. Çin Baş konsulunun İmamoğlunu ziyarət edən ilk xarici şəxs olması təsadüfdürmü? Bu, mümkündürmü? Yaxşı, bəs ABŞ Baş konsulluğunun təbrik mesaji, İmamoğluna uğurlar diləməsi necə? “Nə olsun, bunda nə var?” deyə bilərikmi? Əsla.

Çinlə bağlı mübarizə bizdə olduğu kimi, ABŞ-da da gedir. Həm də daha şiddətli olaraq. ABŞ-da prezident çox önəmli şəxsdir, xarakterdir. Ailəsilə, həyat tərzi ilə daima ön plandadır. ABŞ-ın son üç prezidenti – Klinton, Obama və Tramp bu profilə uyğun özəl şəxslərdir. Ancaq arxa planda qalan, adı az çəkilən şəxslər dünyaya ABŞ sisteminin güclü olduğunu göstərməyə çalışırlar. Onlardan ən önəmlisi ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi və Donald Trampın xüsusi köməkçisi Qarret Markizdir.

Markiz az danışır, lakin çox təsirlidir. Bir müddət öncə o “İtaliyaya səslənirəm. Çinin “İpək yolu” layihəsinə legitimlik qazandırmaq yönündə addım atmaq onlar üçün böyük xəta olar. İtaliya önəmli bir qlobal iqtisadi güc və böyük investisiya ölkəsidir. Bunu unutmamalıdır” dedi.

Markiz yalnız İtaliyaya səslənmədi, “İpək yolu” layihəsinə dəstək verən 65 ölkənin hər birinə ultimatum verdi.

O, Trampın yanındadır. Ancaq Trampı idarə etmək üçün oradadır. Trampın özünü təkzib edən bütün açıqlamalarında Markizin imzası vardır. Yəni, o, gizli prezidentdir.

İran əməliyyatına önəm verilməsini və bu səbəblə, böyük koalisiya qurulmasını istəyən də Qarret Markizdir. O, hər bir komandanın önəmli üzvüdür.

ABŞ Xarici işlər naziri Mayk Pompeoya, onun getdiyi və gedəcəyi yerlərə baxın: Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan, Cənubi Koreya və Yaponiya. Tramp G20 sammitinə gedərkən, o, ətrafı dolaşmaqdadır. İrana qarşı “Qlobal əməliyyat koalisiyası”nı qurur. Əgər istədiyi nəticələri ala biləcəksə, deməli, İran üçün çətin günlər qapıdadır.

Çünki ABŞ-ın İranla bağlı planı hazırdır. Ya iqtisadi embarqo və rejim dəyişikliyi, ya da hərbi əməliyyat və rejim dəyişikliyi. Vaşinqton verdiyi bu iki qərardan birinə nail olanadək İran məsələsi qapanmayacaq. İran əməliyyatının altında yatan həqiqətin də Çin olduğu artıq gizli deyil.

ABŞ Çinə qarşı hər bir kozırından istifadə etməkdə qərarlıdır. İran Çinlə əldə etdiyi anlaşmaları ləğv etdiyini açıqlayarsa, elə o anda yeni bir oyun qurular. Və İran bu yeni oyunda ABŞ-ın qarşısında yer almaz. Çətin görünən bu ehtimal Tehranda da müzakirə edilir. Təbii, ölkəni idarə edən gücün bu gün Tehranda bu qərarı verməsi daxildə də ciddi çətinliklərə yol açar. İran asanlıqla hiylə edə bilən bir şahmat ustası ilə oynayır. Durum budur.

Çin Tehrana gizlicə dəstək verəcəyini söylədi. Ancaq İran əməliyyatında Pekinin Tehrana verəcəyi dəstək elə də çox əhəmiyyətli olmayacaq. Bunu Tehran da, Vaşinqton da bilir. Qarret Markiz Çinə İranın gizli gücü və ayaqda durmasını təmin edən ölkə kimi baxır. Mühasirə də bu səbəblə başladı.

Bu, həm Çini, həm də Avrasiya blokunu çatladacaq bir həmlə ola bilər. Çünki əməliyyat olarsa, neft qiymətləri sıçrayacaq. Müharibəni maliyyələşdirən neft ölkələri qazanacaq. Çin isə zərər görəcək. İran da neft sata bilmədiyinə görə sarsıntıya girəcək. Artan neft qiymətləri bizə də mənfi təsir edəcək, iqtisadi durğunluğu gücləndirəcək. Oyunun, savaşın mahiyyəti budur. Həm Avrasiya, həm də Çin hədəfdədir.

ABŞ bunu təkbaşına edə bilərmi? Bax, bu sualın cavabını kimsə bilmir. İngiltərə kimi ən ağıllı ölkə belə, işin içindən çıxa bilmir. Baş naziri istefaya göndərir, lakin “Huawei”lə bağlı son qərarı verə bilmir. Oyunçular çox həssas bir tərəzinin kəfələrində öz yerlərini tuturlar. Türkiyə Avrasiya vasitəsilə Çinlə birgə hərəkət etməkdədir.

Ərdoğan bu durumu dəyişdirərmi? Bilmirəm. Daxildə böyük bir güc bu yöndə addım atmaq istəyir. Əlbəttə, əksini istəyən güclər də var. Hər yerdə olduğu kimi…

Yaxında rollar və tərəflər dəqiq şəkildə aydın olacaq. S-400 bizim rəngimizin üzə çıxdığı sahədir. Ya Türkiyə Qərblə yollarını ayıracaq, ya da Qərb onu buraxmamaq üçün gələcək. Hadisələrə belə baxaq.

İmamoğlunun gəlməsi də belə dəyərləndirilməlidir. İmamoğlunun bir əlaqəsinin olduğunu demirəm. Ancaq iki gücün də onun arxasınca gəlməsi ortadadır. Nümunə göstərməmi istəyirsiniz? Göstərim.

Gəzi parkı hadisələri (28 may 2013-cü il – tərc.) zamanı üzərinə götürdüyü rolla diqqəti cəlb edən Kristian Amanpur (CNN-in jurnalisti – tərc.), bu dəfə ABŞ-dakı studiyadan İstanbul şəhər bələdiyyə sədri Əkrəm İmamoğlundan müsahibə götürdü. İmamoğlu, Amanpurun suallarına arxasını Taksim məscidinə, Gəzi parkına çevirərək cavab verdi.

Dünyada gedən savaş hər yerdə gedir. Çin Baş konsulu İmamoğluna “Xeyirli olsun”a necə gəlirsə, Amanpur da oradan Taksimə elə uzanır. Baş verən hadisə budur. Atılan hər bir addım Türkiyənin mövqeyini dəyişdirmək üçündür.


strateq.az/шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net