Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BERDIMƏHƏMMƏDOVUN ÖLÜM-DİRİM MƏSƏLƏSİ:Türkmənistan prezidenti Əzrayılla rəsmən görüşübmü?

22-07-2019, 11:37   

Reid Standiş

“Foreign Policy”, 22.07.2019

 

Şrödingerin pişiyi kimi, Türkmənistan prezidenti də həftəsonunu həyat və ölüm arasında keçirib və nəticələrin heç biri qəti deyil.

Xəzər dənizi boyunca uzanan dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına malik, Mərkəzi Asiyanın təcrid olunmuş və qapalı bir ölkəsi olan Türkmənistanda məlumat almaq çətindir. İnternetə giriş sıx nəzarətdədir və senzuraya məruz qalır, müstəqil media yoxdur. Türkmənistanda yaşayan sakinlər və xarici müşahidəçilər rəsmi təbliğat xəbərləri oxuyur, məlumat aclığını dedi-qodularla aradan qaldırılar.

Bazar günü şayiələr Türkmənistanın 62 yaşlı avtokrat prezidenti Qurbanqulu Berdıməhəmmədovu sarıyıb, sosial media, saytlar və onlayn kahinlər onun ölüm xəbərləri ilə qaynayıb. Moskvadakı Türkmənistan səfirliyi, nəhayət, Bazar günü gecə dedi-qoduları “yalan” adlandırıb. Ancaq söz-söhbət evdən çölə çıxıb və səfirliyin cavabı Rusiyada türkmən liderinin ölümüylə əlaqədar məlumat şişərək partladıqdan sonra verilib.

Berdıməhəmmədov indiyə qədər üzə çıxmayıb və səfirlik onun anasının xəstəliyi ilə qayğılandığını bildirib.

Bu epizod əksər analitiklərin Şimali Koreya ilə eyniləşdirdiyi 5.7 milyon insanın ölkəsindən dəqiq məlumat əldə etmənin qədər çətin olduğunu göstərir.

Qlazqo Universitetində Türkmənistan üzrə mütəxəssis olan Luca Anceşi deyib: “Bu, məlumat inhisarı olan dövlətdə meydana gələn problemdir. Hökumətə güvənmək istəyirsinizsə, heç kimə güvənməməlisiniz”.

Qəsdli qeyri-şəffaflıq Türkmənistanda rejimin ekssentrik və qapalı xarakteri ilə güclənir. O, onlayn informasiyanın yayılmasına mane olur və bu, müxtəlif söz-söhbətlərə şərait və onlara inam yaradır.

“Sərhədsiz reportyorlar”ın Şərq Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yohann Bir deyir ki, “ölkə prezidentinin demək olar ki, heç bir bəyanat olmadan ölümü xəbəri belə yetərincə nümunəvidir”.

Berdıməhəmmədovun sağlamlığının pisləşməsinə dair söz-söhbətlərin müəyyən əsası var. Buna qədər bir sıra qeyri-adi hadisə baş verib. Prezidentin ölümü haqqında ilk məlumatlar Şənbə günü Avropada sürgün həyatı yaşayan türkmən müxalifət qrupu ilə əlaqəli bir “YouTube” kanalıyla ortaya çıxıb.

Bu iddia daha böyük Rusiya KİV-ləri vasitəsilə geniş yayılıb. Şayiələr Berdıməhəmmədovun rəsmən tətilə çıxması və 10 gün ictimaiyyətin qarşısına çıxmaması ilə üst-üstə düşüb. Bundan əvvəl, may ayının əvvəlində Aşqabadda türk həkimlər qrupunun gəlişi, habelə Türkmənistandan Almaniyaya bir neçə reys haqqında onlayn şayiələr də peyda olmuşdu.

Ölkə xaricində yerləşən “Türkmənistan Salnamələri” müxalif internet saytı Berdıməhəmmədovun anasının ağır vəziyyətdə olduğunu, müalicə üçün Almaniyaya aparıldığını və bunun prezidentin tətili və uçuşlara izah ola biləcəyini bildirib.

“Söz-söhbət xaricdə ortaya çıxıb, amma ölkənin özü qiymət artımı, neft və qazın qiymətləri ilə bağlı şayiələr və dezinformasiyalarla doludur, – Yohann Bir deyib. – Bu, etibarlı məlumatlar çatışmazlığı olan bir ölkənin təbii inkişafıdır”.

Prezidentin sağlamlığına dair xəbərlərdən başqa, Türkmənistanın artan iqtisadi böhranın ortasında olduğu düşünülür. 2019-cu ilin əvvəlində rejim tərəfindən kəmərsıxma əlaməti olaraq, hökumət, su, qaz və elektrik daxil olmaqla, kommunal xidmətləri artırıb – bunların hamısı bir zamanlar pulsuz idi.

“Foreign Policy Centre“-nin (“Xarici Siyasət Mərkəzi” – London) iyul araşdırmasında deyilir ki, “ölkə uçurumun kənarındadır, hiperinflyasiya və ərzaq çatışmazlığı ilə üzləşən rejim təzyiqləri daha da gücləndirir”.

Ölkənin valyuta ehtiyatlarının azalmasının qarşısını almaq üçün hökumət 2018-ci ildə yerli “Visa” kartlarının istismarını dayandırıb və pul köçürməyə yeni məhdudiyyətlər qoyub. Nəticədə, yalnız ən imtiyazlı və ən yaxşı dolanan vətəndaşlar xaricə gedə biləcək və ya artan iqtisadi təzyiqləri azaltmaq yollarını tapacaqlar.

İqtisadi vəziyyət pisləşsə də, Türkmənistanın dövlət mediası tez-tez Orta Asiya xalqını, maoçu və ya Şimali Koreya təbliğatına oxşar şəkildə, rifahlı və çiçəklənən kimi təsvir edir. Teleproqramlarda Berdıməhəmmədovun fabrikləri və məktəbləri ziyarət etməsi, prezidentin nəvəsi ilə mahnı oxuması, rəsmilərin coşğulu alqışları altında hədəfləri dəqiq nişan almasına dair qəribə videolar göstərilir.

İyun ayında Türkmənistana səfər edən “Chatham House”-un analitiki Keyt Mallinson bildirib ki, ölkə əhalisi iqtisadi məhbuslardır. “İnsanların necə yaşaması və TV ekranında gördükləri arasında boşluq böyüyür və o, ümidsizlik hissini qidalandırır”.

Berdıməhəmmədov 2006-cı ildən etibarən, şəxsiyyətinə pərəstiş yaratmış Saparmurat Niyazovun ölümündən sonra Türkmənistana rəhbərlik edir. Niyazov özü və anasından adını ilin aylarına vermiş, qızıl heykəlini ucaltmışdı. Diş həkimdən səhiyyə nazirinə çevrilmiş Berdıməhəmmədov da prezident olandan sonra özünə pərəstiş yaradıb. 2015-ci ildə at belində qızıl heykəlini yüksəldib.

Mallinsonun sözlərinə görə, Türkmənistan prezidenti enerji daşıyıcılarına yüksək qiymətlər hesabına iqtidarını gücləndirib, amma dərinləşən iqtisadi böhran rejimin ayaqlarını titrədib.

Analitik deyib: “Bu epizod Türkmənistanın gələcək problemlərinə pis hazırlaşdığını göstərir”.

Tərcümə:Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar