Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İranı diz çökdürmək üçün 4 senari: Ənənəvi dost düşmənə çevrilir

7-08-2019, 17:15   


İranı diz çökdürmək üçün 4 senari: Ənənəvi dost düşmənə çevrilir

Böyük Britaniyanın hərbi donanması Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək üçün ABŞ donanmasına qoşulacaq. 

Qeyd edək ki, Böyük Britaniya “Stena İmpero” tankerinin Hörmüz boğazında İran tərəfindən ələ keçirilməsinə cavab olaraq bu addımı atıb. Xatırladaq ki, bundan əvvəl, ABŞ-ın dövlət katibi Mayk Pompeo Böyük Britaniya, Fransa, Almaniya, Norveç, Yaponiya, Cənubi Koreya və Avstraliyaya bu koalisiyaya qoşulmağı təklif etmişdi. Məlumdur ki, Böyük Britaniya heç zaman İranla münasibətləri kəskinləşdirməkdə ABŞ qədər maraqlı olmayıb. Hətta müəyyən məqamlarda İranın dəstəkləyicisi də olub. Lakin bu addım artıq birbaşa İranla münasibətlərin qırılmağa başladığını göstərir. 

Maraqlıdır, Böyük Britaniyanın İran əleyhinə  bu addımı ABŞ-la rəsmi Tehran arasındakı gərginliyinin hansı həddə çatmasına səbəb olacaq? İrana qarşı bütün bu tədbirlər ölkəni nələrlə üz-üzə qoya bilər? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hazırki vəziyyətdə heç bir halda ABŞ-ın İranla açıq şəkildə müharibə etmək ehtimalının olmadığını bildirib: 

“Ümumiyyətlə, indiki məqamda hər hansı bir şəkildə ABŞ-ın istər koalisiya şəklində, istər təkbaşına İranla müharibə etmək ehtimalı yoxdur. Biz bütün mümkün senariləri nəzərdən keçirdiyimiz zaman heç bir halda ABŞ-ın İranla birbaşa açıq müstəvidə müharibəyə girəcəyini proqnozlaşdıra bilmirik. Amma ümumilikdə Amerika bir neçə istiqamətdən İranı “dizə gətirmək” üçün müxtəlif alətlərdən istifadə edir və bu alətlərdən biri də İranın güclü olduğu nöqtələrdən sıxışdırılıb çıxarılmasıdır. Hörmüz boğazı da bu nöqtələrdən biridir”. 

Vüqar Zifəroğlu mövcud şərtlərin Qərb koalisiyasını yaratma zərurətinidən söz açıb: 

“Düzdür, Böyük Britaniya və İran münasibətləri çoxəsrlik tarixə söykənir. Böyük Britaniya həmişə ABŞ-dan fərqli olaraq İranla münasibətlərinin kəskinləşməsində maraqlı olmayıb, ümumiyyətlə İngiltərənin güclü, əsaslı İran siyasəti var. Mövcud şərtlər artıq müəyyən mənada bir Qərb koalisiyasının yaranmasını zəruri edir. Amma bu açıq müstəvidə bir hərbi müdaxiləyə səbəb ola bilməz. Dolayısıyla isə artıq toqquşmalar gedir, məsələn, ABŞ koalisiyasına daxil olan ölkələrin İranın dəstəklədiyi hərbi qruplaşmalara zərbələr endirməsi əsasən Suriya və Livanda müşahidə olunur. Bu mənada toqquşmalar gedir. Bu koalisiyada olan qüvvələrin koalisiya şəklində İrana müdaxilə etməsi, İranla hərbi savaş senarisini istisna edirəm”. 

Ekspert bildirib ki, Böyük Britaniyanın bu addımı atmaqda məqsədi İranı Vyana razılaşmasına məcbur etməkdir: 

“Böyük Britaniya bu addımı ilə maksimum dərəcədə İranı bundan əvvəlki Vyana razılaşmasının şərtlərinə əməl etməyə məcbur etmək istəyir. Bununla da İrana yönəlik kompleks tədbirlər nəzərdə tutulur və bu addımlar da atılır. Birinci, siyasi təcrid məsələsidir ki, hal-hazırda faktiki olaraq İrana qarşı koalisiyanın genişləndirilməsinin şahidi oluruq. Və bu, yalnız Qərb ölkələri ilə məhdudlaşmır, Ərəb ölkələrinin koalisiyasının formalaşması da zamanla gündəmə gəlib. İkinci və mən deyərdim ki, ən önəmli məsələ iqtisadi sanksiyaların artırılmasıdır. Bununla İranı boğmağa çalışırlar. Bu, indinin özündə də effekt verir. Bu gün İran iqtisadiyyatı bərbad vəziyyətdədir. İranın daxilində işsizlərin sayı artır, müxtəlif istehsalat müəssisələri bağlanır və s. Üçüncü məsələ İranın güclü olduğu nöqtələrdən sıxışdırılıb çıxarılmasıdır ki, Hörmüz boğazı bundan biridir. Eyni zamanda biz burada Livan, Yəmən, İraq və Suriyanı qeyd edə bilərik. Harada ki, İran mövcuddur, onu oradan sıxışdırıb çıxarmağa çalışırlar. Dördüncü istiqamət isə İranın öz daxilində müəyyən etnik və məzhəbsəl qarşıdurmaların körüklənməsidir. Bu senarilərlə İranı dizə gətirtməyə və Vyana razılaşmasının şərtlərini qəbul etdirməyə çalışırlar”. 

Böyük Britaniyanın İrana qarşı birdən-birə bu qədər sərt mövqe nümayiş etdirməsinin əsas səbəblərinə gəldikdə isə ekspert məsələyə Amerika prizmasından da yanaşılmalı olduğunu qeyd edib. Həmçinin hesab edib ki, İngiltərənin bu addımı onun Yaxın Şərqdəki məsələlərdə geridə qalmadığını göstərir: 

“Böyük Britaniyanın birdən-birə İrana qarşı belə sərt mövqe qoymasına Amerika prizmasından yanaşmaq lazımdır. Çünki Britaniya-İran, eyni zamanda Böyük Britaniya-ABŞ münasibətlərini nəzərdən keçirməliyik. Məsələn, Avropa məkanında Amerikanın ən yaxın müttəfiqi hər zaman İngiltərə hesab olunub, nəinki Fransa və Almaniya. Hətta diqqət etsək, Böyük Britaniya ilə Fransa və Almaniyanın Yaxın Şərq siyasətində üst-üstə düşməyən kifayət qədər ciddi məqam var. Biz Avropa Birliyi deyəndə də həmişə Fransa və Almaniyanı nəzərdə tuturuq. Bu addımda Amerikanın təsirini qeyd etmək lazımdır. Birinci məsələ budur. İkinci məsələ odur ki, İranın Yaxın Şərqdə mövcud güclənməsi və addımlar atması İngiltərənin öz Yaxın Şərq siyasətindəki məqamlarla da üst-üstə düşmür. Çünki hər dövlətin, əsasən də aparıcı ölkələrin  Yaxın Şərq siyasəti var və bu siyasətdə daşlar yerinə oturmayanda, artıq müəyyən mənada hansısa adekvat addımların atılmasının şahidi oluruq. İranın istər neftlə bağlı son qərarları, istər Hörmüz boğazında Britaniya gəmilərilə bağlı olan insidentlər Londonun maraqlarına cavab verməyən addımlar idi. Həm bunlara görə, həm də öz maraqlarından çıxış edərək Böyük Britaniya Hörmüz boğazında öz iştirakını göstərmək niyyətinə düşdü. Çünki onun köklü Yaxın Şərq siyasəti var. ABŞ keçən əsrin 60-cı illərindən başlayaraq Yaxın Şərqdə siyasəti varsa, İngiltərənin 200 illik tarixə malik siyasəti var. Bu siyasətdə Britaniya sanki arxada qalırdı və bu addımı ilə həm də arxada olmadığını göstərdi”. 

Səyad Həsənli
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar