Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ ÇAT YARANIR:İdlibdə türk ordusunun mövqelərinə hücum Putin-Ərdoğan dialoqunu qaçılmaz edib - TƏHLİL

21-08-2019, 12:42   

Sedat Ergin

“Hürriyet” (Türkiyə), 20.08.2019

 

Ötən şənbə bu köşədə çıxan məqaləmizin adı “İdlibdə Türkiyə və Rusiya arasında mürəkkəb durum” idi. Biz qeyd etmişdik ki, İdlibdəki hadisələr S-400-ün Türkiyəyə gəlişi fonunda Türkiyə-Rusiya münasibətlərinin ağlasığmaz yaxınlaşması dövründə bu mənzərə ilə təzad təşkil edir və iki ölkə burada dolayısı ilə bir-birinə qarşı durur.

İdlib bölgəsində hərəkət edən Türkiyə silahlı güclərinə dünən, avqustun 19-da hava hücumu ilə döyüş meydanında onsuz da təşvişli durum təhlükəli yeni həddə yaxınlaşıb, biz həmin məqalədə diqqəti buna da yönəltmək istəyirdik.

***

Dünənki hadisələr misilsizdir: Türkiyə konvoyu İdlibdə ilk dəfə havadan hücuma məruz qalıb.

Əsəd rejimi keçən mayda İdlibdə Rusiyanın açıq dəstəyi ilə radikal qruplara münasibətdə sistemli hərbi əməliyyatlara başlayandan bəri Türkiyənin bu bölgədəki hərbi bazaları dəfələrlə hücum hədəfi olub. Lakin əvvəlki hücumlar artilleriya atəşi tətbiq etməklə həyata keçirilib. Məsələn, Suriya ordusu iyunun 27-də Türkiyənin İdlibin cənubunda Zaviyədə yerləşən onuncu müşahidə məntəqəsini artilleriya atəşinə tutub. Bir türk hərbçi bu hücum nəticəsində həlak olub, üçü ziyan çəkib.

Əsəd rejiminin belə əməlləri Türkiyə-Rusiya münasibətlərini hər dəfə stress-testə məruz qoyub. Türkiyə hər bir insidentdən sonra Rusiyadan döyüş meydanında öz müttəfiqinin cilovunu çəkməyi xahiş edib, amma Dəməşqin davranışı dəyişməyib. Bəlli olub ki, Dəməşqə belə təsiri olan Moskva istəsəydi, çətinlik çəkmədən ona təsir edə bilərdi, amma rejimə fəaliyyət sərbəstliyi verir.

Bu durum Ankarada açıq üzə çıxmayan, S-400-ün yaratdığı isti atmosferdə kölgədə qalan inam problemi yaradıb. Bu problem dünən döyüş meydanında hadisələrin təhlükəli inkişafı ilə bağlı yenidən üzə çıxıb. Türkiyənin hərbi dəstəsinə zərbə endirildiyi, Rusiyanı isə qabaqcadan məlumatlandırdıqları faktı durumu bütün baxış nöqtələrindən ciddiləşdirir. Türkiyə milli müdafiə nazirinin dünənki bəyanatının tonu səciyyəvidir, baş verənlərə görə məsuliyyət örtülü şəkildə Rusiyanın ayağına yazılır.

***

Əslində, bu inam böhranına prezident Rəcəb Tayib Ərdoğan və Rusiya lideri Vladimir Putinin 2018-ci il sentyabrın 17-də imzaladıqları Soçi memorandumunun faktiki olaraq qüvvədən düşdüyünün nəticəsi kimi baxmaq daha düzgün olar.

Bu memorandumun birinci bəndində deyilir ki, “Türkiyənin müşahidə məntəqələri möhkəmlənəcək və fəaliyyətini davam etdirəcək”. Bu gün müşahidə məntəqələri hücuma məruz qalır.

Rusiya memorandumun ikinci bəndinə uyğun olaraq “İdlibdə hərbi əməliyyat və hücumlardan yayınmaq üçün gərəkli bütün tədbirləri görəcək”. Bu bənddə habelə qeyd olunur ki, “İdlibdə indiki status-kvo saxlanacaq”.

Həmin memorandumun üçüncü bəndinə görə, İdlibdə “15-20 km dərinlikdə hərbsizləşdirilmiş zona” yaradılmalıdır. Beşinci və altıncı bəndlər “(2018-ci ilin oktyabrı ərzində) bütün radikal qrupların və eyni zamanda tank və artilleriya silahlarının bu zonadan çıxarılması”nı nəzərdə tutub.

***

Amma Rusiya əməldə Suriya ordusunun bu ilin mayında başladığı hərbi əməliyyatı dəstəkləyir, Rusiya hərbi-hava gücləri də faktiki olaraq savaşa qatılıb və bu, açıq göstərir ki, memorandumun ikinci bəndi yerinə yetirilmir.

O biri yandan, memorandumun icrası haqda Rusiya tərəfinin öz şikayətləri var idi. Qeyd olunurdu ki, radikal qruplar hərbsizləşdirilən zonadan çıxmır, Rusiyanın Xmeymim bazasına hücumlar davam edir.  Rusiya belə bir qarşılıqlı tənqid şəraitində İdlibin rejimin nəzarətinə keçməyini, yəni status-kvonu dəyişməyi sürətləndirmək üçün öz nüfuzundan istifadə edib. Bunun ardınca Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna bağlı qruplar İdlibdə daha açıq şəkildə səhnəyə çıxıblar. Bu, siqnal verib ki, Ankara İdlibdə status-kvonu dəyişdirməyi qəbul etməyəcək.

***

Və budur, hansısa müddətdə yığılmış gərginlik böhranlı həddə çatıb: rejim ötən həftə İdlibin güneyində Xan-Şeyxuna hücuma başlayıb. Böhranlıdır, çünki Morikdə, təxminən, Xan-Şeyxundan cənubda on kilometrlikdə Türkiyə SQ-nin doqquzuncu müşahidə məntəqəsi yerləşir. Rejim Xan-Şeyxunu öz nəzarətinə götürərsə, bu müşahidə məntəqəsi hər tərəfdən çənbərə alınacaq, Türkiyə ilə yerüstü əlaqə də kəsiləcək.

Müşahidə məntəqələri Astana prosesi çərçivəsində Rusiya ilə bağlanmış memoranduma uyğun qurulub, belə ki, onların saxlanması Rusiyanın öhdəliklərinə aiddir. Sərhədin qarşı tərəfindən təhlükəsizlik zonaları onun da müşahidə postlarıdır.

Dünənki hadisədən sonra gözləmək olar ki, Türkiyə və Rusiya arasında incə, böhran önəmli diplomatik proses başlanar. Bu mövzunun ən yaxın günlərdə prezident Ərdoğan və Rusiya lideri Putin arasında formalaşmış məhrəm dialoqun gündəliyinə daxil ediləcəyi təəccüblü olmaz.

Burada baş verən böhranı növbəti ayın ortalarında Türkiyədə Ərdoğan, Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə baş tutacaq Suriya üzrə üçtərəfli sammitin taleyi baxımından da nəzarətə götürmək önəmlidir.

Böhranı nəzarətə götürmək baş tutmazsa və İdlibdə dünənki kimi həyəcanlı hadisələr baş verəcəksə, bu, Rusiya və Türkiyənin yaxınlaşması prosesinə hökmən kölgə salacaq.

Görünür ki, İdlibdəki durumu çox diqqətlə yönəldilməsi gərəkən yüksək risklər müşayiət edir.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar