Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kürdlər yəhudilərin yolunu gedir? – “İsrail Stalinin istəyi ilə yarandı”

12-10-2019, 15:56   

Terrorçuluq haqda bütün dünyada, o cümlədən bizdə də yanlış təsəvvürlər çoxdur.

Bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.

Ə. Həsənov hesab edir ki, siyasət çirkin şeydir, biz isə siyasətçilərin təlqin obyektiyik:

“Türkiyənin Suriyadakı terrorçu kürdlərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar aparıcı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Rəsmi mövqeləri faktiki belədir: həmin kürdlər terrorçu deyil. Əslində isə təxmini belə düşünürlər ki,  kimin terrorçu olub-olmadığını biz müəyyən edirik. Türkiyə kimdir ki, buna özü qərar versin?! Hətta hüquqşünasların da böyük əksəriyyəti terrorçuluğun adekvat tərifini verə bilmir. Çünki terrorçuluğun universal tərifi yoxdur. “Terrorçuluq” sadəcə sizin dəstəkləmədiyiniz zorakılıqdır. Burada hərənin öz baxışı ola bilər. Kimə necə sərf edir, bu termindən elə də istifadə edir. Xüsusilə Qərb siyasətçiləri hansı ki, riyakarlıqda onların tayı yoxdur. Eyni əməlləri törədənlərin birinə terrorçu deyirlər, amma digərinə yox. İsveçrəli tarixçi Daniele Ganser sual verir: Axı niyə II Dünya Müharibəsi zamanı Fransanı istila etmiş almanlara qarşı olan zorakılıq qəhrəmanlıq, amma hazırda müsəlmanların öz azadlığı uğrunda törətdiyi zorakılıq terrorçuluqdur?!”.

Ə. Həsənov kürd terrorçularının tələblərində haqlı olub-olmadığına da münasibət bildirib:

“Kürd terrorçular kürd dövlətini yaratmaq istəyir. Onların buna haqqı varmı? Bu məsələdə hərənin öz fikri ola bilər. “Haqqı yoxdur” deyənlərə sual: Hər hansı xalqın dövlət qurmağa haqqının olub-olmadığını hansı meyarla müəyyən edirsiniz?”. “Haqqı var” deyənlərə sual: Onda yer üzündəki bütün etnosların dövlət yaratmağa hüququ var?. Əslində hər hansı separatçılıq kənardan dəstəklənməsə, uğur qazana bilməz. Erməni separatçılığından bunu bilirik. Hətta ABŞ-ın özü də fransızların dəstəklədiyi separatçılıq nəticəsində yaranıb. Amma, məsələn, Kataloniya 2 il əvvəl heç nəyə nail ola bilmədi: xarici dəstəyi olmadı”.

Ə. Həsənov bildirib ki, faktiki olaraq kürdlər yəhudilərin yolunu gedir:

“Çünki İsrail də məhz belə yaranıb. İsrail hazırda terrorçuluğun əleyhinə danışsa da, özü də terrorçuluq fəaliyyəti nəticəsində yaranıb. ABŞ və İngiltərə bu dövlətin yaranmasını istəmirdi. İsrail sırf Stalinin istəyi nəticəsində yaranıb. Keçmiş terrorçu Stalinin. Ötən əsrin əvvəlində Fələstində ərəblər yəhudilərdən xeyli çox idi. Yəhudilər yavaş-yavaş ora köçməyə başladı. II Dünya Müharibəsindən sonra Fələstin ingilislərin hakimiyyəti altında idi. Buna görə də yəhudilər ingilislərə qarşı terror aktları törətməyə başladı və nəticədə 1948-ci ildə dövlətlərini yaratdılar. Belə ki, məsələn, 22 iyul 1946-cı ildə Qüdsdə “Çar Davud” mehmanxanasını partlatmışdılar, xeyli ingilis və ərəb ölmüşdü. 2006-cı ildə İsrail həmin terror aktının 60 illiyini təntənəli qeyd etmişdi və indiki baş nazir Binyamin Netanyahu da orada iştirak etmişdi. Təbii, yəhudilər bunu terror aktı hesab etmir. Buna görə də Fələstin müsəlmanları da indi eyni yolla öz dövlətlərini yaratmaq istəyirlər. Məntiq sadədir: axı niyə yəhudilər gəlib bizim ərazidə terror yolu ilə dövlət yarada bilər, biz isə yox? Kürdlər də eyni məntiqdən çıxış edir. Buna görə də hətta ABŞ da onları silahlandırır. Ona görə ki, onları terrorçu hesab etmir”.

Ə. Həsənov vurğulayıb ki, baş verən proseslərdən çıxan yeganə nəticə var:

“Güclü olmaq lazımdır. Beynəlxalq hüquq, ümumbəşəri dəyərlər, insan haqları və s. yaxşı şeylərdir, amma reallıqda əsasən işləmir. Əksinə, bütün bunlardan gözdən pərdə asmaq üçün istifadə edirlər. İnsanları ilk növbədə maddi durumları maraqlandırır. Dövlətləri də həmçinin. Buna görə də dünyada maddi resurslar uğrunda amansız savaş gedir. Burada haqlı-haqsız axtarmaq əbəsdir. Sadəcə güclü olmaq lazımdır. Tarix sübut edir ki, meydanda güclü qalır. Prinsip etibarilə biz, daha çox zor və şiddət törədənlərin nəsilləriyik. Onlar belə etməsəydi, hazırda biz deyil, onları məhv edənlərin törəmələri yaşayardı. XXI əsrdir, elm belə gəldi, mədəniyyət elə getdi – boş söhbətlərdir. İnsan elə həmin insandır, dəyişməyib. Ona görə də heç kəsin şirin dilinə və təbliğatına aldanmayaq. Güclü olaq! Türkiyə də güclü olsun! Qardaş ölkəyə dəstək olaq!”.   /Redaktor.az/


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar