Ana səhifə

PUTİN AZAD İNTERNETİN QARŞISINA “DƏMİR PƏRDƏ” ÇƏKİR- Rusiya hökuməti yeni "təcrid sisteminə" 30 milyard xərcləyəcək

    Tarix: 05-11-2019 09:09   

Noyabrın 1-də Rusiyada “Suveren internet qanunu” kimi tanınan qaydalar qüvvəyə mindi. Yeni qanunun müəllifləri senatorlar Andrey Klişas və Lyudmila Bokova, həmçinin deputat Andrey Lugovoydur. Qanunun məqsədi internetin Rusiya seqmentini xarici təhdidlərdən qorumaqdır. Sənəd Rusiyada internetin rahat işləməsi üçün yeni infrastrukturun yaradılmasını nəzərdə tutur.

Təhdidlərin siyahısını hökumət müəyyən edəcək. Sənəd bütün rabitə operatorlarının üzərinə şəbəkələrinə xüsusi avadanlıq quraşdırılması öhdəliyi qoyur. İnternetin bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə təhdid olduqda “Roskomnadzor” trafik marşrutlarını mərkəzləşdirərək idarə edə biləcək. Quraşdırılmış avadanlıq eyni zamanda Rusiyada qadağan olunmuş mənbələrə girişi məhdudlaşdıran trafikləri də süzgəcdən keçirəcək.

“Rəqəmsal İqtisadiyyat” proqramına görə, bu qanun layihəsi üzrə xərclər 30 milyard rubldan çox olacaq ki, bunun da üçdə ikisi avadanlıqların alınmasına sərf olunacaq.

Fevral ayında jurnalistlərlə görüşündə Vladimir Putin qanun layihəsinin Rusiyanın qlobal şəbəkədən ayrılmasının qarşısını almaq üçün lazım olduğunu demişdi. Putinin fikrincə, bu ssenaridə ən çox əziyyət çəkənlər Qərb xüsusi xidmət orqanları olacaq:

“Onlar sizin dediklərinizi dinləyir, görür, oxuyur və bu məlumatları toplayırlar. Bu halda isə edə bilməyəcəklər. Rusiya özünü qlobal internetdən arırmaq niyyətində deyil. Amma hər şey ola bilər”.

Suveren internetin təfərrüatları normativ aktlardan asılı olacaq, uzun müddət tam gücü ilə işləməyəcək. Bəzi sistemlər 2021-ci ilə qədər hazır olmalıdır. Bu payızda qüvvəyə minməli olan qanunverici aktlar da hələ hazır deyil.

“Roskomnadzor”un fəaliyyətini izləyən internet mütəxəssisi Filip Kulin deyir ki, oktyabrda nəzərdə tutulduğu kimi, 28 yox, cəmi normativ akt qəbul edilib. Halbuki qrafikə görə, hamısı avqustda təsdiqlənməli idi. Oktyabrın əvvəlində sənədlərdən birinin qəbulu ləğv edildi, ayın sonunda isə daha iki sənəd təsdiqləndi.

Eyni zamanda, trafikin filtrdən keçməsi üçün operatorlar və provayderlərin lazım olan avadanlıqları necə alacağı da müəyyən edilməyib. Bu günə qədər bazar iştirakçıları yalnız sınaqlarda istifadə olunan avadanlıqları işlədir və heç bir xərc çəkmirdilər. Digər bir həll olunmamış məsələ, trafiki süzgəcdən keçirən cihazların sertifikatlaşdırılmasıdır.

“Roskomnadzor” və FTX uzun müddətdir trafikin sürətli, etibarlı filtrasiyası və ekranlaşdırılmasını təmin edən, eyni zamanda “Telegram” messencerini bloklaya bilən bir podratçı axtarırdı. Tenderi DPI (deep packet inspection) texnologiyası əsasında işləyən “RDP.ru” (Rostelekomun törəmə şirkəti) uddu.

Sentyabrın 24-də “Roskomnadzor”un rəhbəri Alexander Jarov bildirdi ki, sentyabrın sonu və ya oktyabrın əvvəlində təhdid yaranacağı təqdirdə, izolyasiya edən avadanlıqlar sınaqdan keçiriləcək.

Məlumatlı mənbə yerli mətbuata bildirib ki, avadanlıq bütün nəhəng rabitə operatorlarınn şəbəkələrinlə quraşdırılır: “Test əsasən sabit xətt şəbəkələrində aparılır, yəni ev internet istifadəçilərinə təsir göstərir. Mobil rabitəyə, yəni mobil internetə hələlik elə də toxunmurlar”.

“The Bell” adlarını açıqlamadığı telekommunikasiya şirkətlərinə və vəzifəli şəxslərə istinadən xəbər verir ki, Ural Federal dairəsində DPI avadanlığı sınaqdan keçirilərkən uğursuzluqlar qeydə alınıb: “Avadanlıqlar gecə sınaqdan keçirildi, şəbəkə zəiflədi”.

Nəşrin bildirdiyinə görə, bəzi hallarda bloklanacağı ehtimal olunan resursla yanaşı, digər mənbələrin və ya provayderin də xidmətləri ləngiyib. Ural Federal Dairəsini əhatə edəcək dərin trafik filtri cihazlarının köçürülməsinə dair sınaqlar ilin sonuna qədər tamamlanacaq. Sonra digər regionlara keçid ediləcək.

Bu proses təkcə dairənin sakinləri üçün ağrılı olmayacaq. Ural trafik mübadiləsi məntəqələrindən keçən siqnalın xüsusiyyətləri pisləşəcək. Çünki əsas nöqtələrə əlavə filtrasiya avadanlığı əlavə ediləcək ki, bu da ümumilikdə etibarlılığı azaldır.

Dünya uzun müddətdir ki, milli kibertəhlükəsizlik məsələsini həll etməyə çalışır. Hökumətlər terrorçuların kommunikasiyasını şəffaf edə bilmək üçün güclü şifrələmənin məhdudlaşdırılmasını tələb edirlər. Bütün təhdidləri idarə etməkçün daxili rabitə əlaqələrini nəzarət altına alır, xaricidən olanları isə təcrid edirlər.

Məsələn, Çin əhali tərəfindən güclü şifrələnmənin istifadəsinə imkan vermir. Populyar WeChat messencerindəki söhbətlər şifrələnmir, bütün yazışmalar oxunur. Daxili rabitə ciddi şəkildə idarə olunur, internetin Çin seqmenti demək olar ki ayrıdır.

ABŞ və Avropa eyni anda həm insanların yazışmalarının məxfiliyinin qorunması hüququnu təmin etmək, həm də kiberterrorizmin qarşısını almaq yollarını müzakirə edir. Əsas kompromis belədir: ölkə seqmenti dünyadan təcrid olunmamalı, kommunikasiya hüququna hörmət edilməlidir. Xarici təhdidlərdən qorunma ilə bağlı vəzifə isə dövlətin üzərinə düşür və bu, kəşfiyyatı gücləndirməklə olmalıdır.

Qazaxıstan və Hindistanda bəzi trafik növləri (məsələn, səsli) qapadılır. Belə ölkələrin qanunvericiliyində çox vaxt aydın qaydalar göstərilmir.

Rusiya “Çin yolu”nun yumşaq versiyasını izləyir. Lakin Telegram və VPN ilə mübarizə təcrübəsi göstərir ki, hökumət kütləvi şəkildə güclü şifrələməni idarə etmək iqtidarında deyil və ya bunu istəmir. Beləliklə, Telegram, komandanın fəal müqaviməti sayəsində bir il yarım ərzində mövcuddur.

Telegram-a qoşulmaq bir brauzerdəki veb səhifəyə qoşulmaqdan fərqlidir. Əvvəlcə onun IP-si bağlandı, sonra trafiki şifrəsiz bir tuneldə gizlətməyə başladılar, sonra Telegram MTProto protokolu üzrə işləyən proxy serverləri təqdim etdi.

Downdetector xidmətinin hesabatlarına əsasən, “Roskomnadzor” sentyabrın 12-dən gecədən səhərədək, həmçinin sentyabrın 16-da günorta Telegram-ın bloklama sistemini həqiqətən sınaqdan keçirib. Lakin ciddi bir qapanma baş verməyib. Buna baxmayaraq, blok etmək cəhdləri davam edəcək və bu da aparıcı sosial şəbəkələrə təsir göstərə bilər.

Qanun “Roskomnadzor”a resursların bloklanması və bloklanmanın aradan qaldırılması üçün daha geniş səlahiyyətlər verir. Bloklama Rusiya məhkəmələrinin qərarlarına tabe olmayan texnoloji şirkətləri təhdid edir. Məsələn, “LinkedIn” nümunəsində olduğu kimi: rusiyalı istifadəçilərin fərdi məlumatlarını Rusiya ərazisinə ötürməkdən imtina edirlər.

Əksər hallarda, provayderlər bloka görə məsuliyyət daşımırlar. “Roskomnadzor” provayderlərə quraşdırılmış avadanlıqdan istifadə edərək girişi blok edəcək. Texniki olaraq VPN-dən istifadə ilə internetdə hər hansı bir fəaliyyəti gizlətmək asandır. Lakin VPN-nin anonimliyini təmin etmək qadağandır. Onlara “Roskomnadzor” reyestrlərində olan səhifələrə və IP ünvanlarına giriş verməmək öhdəliyi qoyulub. Lakin bir çox hallarda xidmətlər bu tələblərə məhəl qoymurlar.

Nəticədə, noyabr ayında VPN təminatçıları üçün bazar qanuni və qanunsuz olaraq iki yerə bölünəcək. Birincilər “Roskomnadzor”un göstərişlərini yerinə yetirəcək və böyük ehtimalla bloklanmış mənbələri keçməyə imkan verməyəcək.

İkincilər serverlərinin daim bloklanması ilə qarşılaşacaq. Onların köməyi ilə bloklanmış mənbələrə daxil olmaq mümkün olacaq, ancaq əlaqə qeyri-sabit olacaq və VPN ünvanları daim dəyişəcək.

Anonim Tor brauzerindən istifadə edərək kilidləri aşa bilərsiniz (əsas çatışmazlığı yavaş sürətdir). Bundan başqa, sorğunun ad serverinə şifrələnməsi üçün xüsusi olaraq yaradılan texnologiya DNS-over-HTTPS (2020-ci ilin əvvəlinə qədər populyar brauzerlərdə tətbiq olunacaq) də var. Hazırda oxşar DoH prosedurunu tətbiq edən Cloudflare 1.1.1.1 tətbiqi (bu günə qədər yalnız mobil cihazlarda olub və öz protokolundan istifadə edib) də mövcuddur.

Qanun “Roskomnadzor” və ya trafikə nəzarət edən başqa bir səlahiyyətli agentliyin timsalında bilmədiyiniz və etibar etməməli olduğunuz bir vasitəçi yaradır. Bu, vətəndaşları şifrələməyə daha sıx müraciət etməyə, izləyiciləri blok etməyə, anonimizatorlardan və digər oxşar texnologiyalardan istifadə etməyə məcbur edəcək.

Bəzi saytlar istifadəçi anonimliyinə zəmanət verən qaranlıq şəbəkədə öz versiyalarını yaradacaqlar. Məsələn, bu yaxınlarda Tor-da bir güzgü açan Britaniya korporasiyası BBC kimi.

Qanunun icrası şəbəkənin ümumi pisləşməsini qaçılmaz edəcək. Provayderlərin şəbəkə parametrləri “Roskomnadzor”un “qara qutuları” nın konfiqurasiyası ilə heç də həmişə uyğunlaşmayacaq. Filtrləmə sistemləri üçün saxta işləmlər qaçılmaz olacaq ki, bu da sürəti məhdudlaşdıracaq və yaxşı kanallar tələb edən “ağır” məzmunu vuracaq. Üstəlik istifadəçilərin ziyarət edilən saytları gizlətmək cəhdləri demək olar ki, həmişə internetin yavaşlamasına gətirib çıxaracaq.

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net