Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

XAÇMAZDA “ÖLÜ CANLARI” AXTARIRLAR… – “Aylıq təxminən 125 min tək başçıya çatırdı” (Yenilənib)

7-11-2019, 16:50   

 


Bu günlərdə İcra Hakimiyyəti başçısının dəyişdirildiyi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayılıb.
Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi məlumat aşağıdakı kimidir:”Hər rayona prezident aparatından (ictimi işlərə cəlb etmək üçün-red.) kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdır. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nin direktoru Qalibin, DOST mərkəzinin rəhbəri Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə maliyyənin rəisini çağırıb deyib ki, mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın. İndi Xaçmazda düşüblər küçələrə, “ölü canları” axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, kartlar Şəmsəddindədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur. Son olaraq 250 manat yuklənirdi. Aylıq təxminən 125 min tək başçıya çatırdı. Xaçmazda “ölü canların” axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.
Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi Şimali Qafqaz kurortlarının birinə istirahətə gedib”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ətrafında danışaraq, Musavat.com-a bildirib ki, Xaçmazda ictimai işlərə cəlb olunmuş şəxslərlə bağlı çoxsaylı neqativ məlumatlar var: “KİV-lərdə də bu barədə tez-tez yazılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun qarşısını almaq üçün bütün rayonlar üzrə ictimai işlərə cəlb olunmuş şəxslərin siyahısını açıqlayıb. “DOST İş Mərkəzi” MMC – nin Xaçmaz rayonu üzrə ictimai işçilərinin siyahısı var. Siyahı 2 sentyabra olan göstəricilərə əsasən tərtib edilib. Bu şəxsləri bir-bir tapıb yoxlamaq olar ki, onlar “ölü canlar”dır, yoxsa real olaraq ictimai işlərlə məşğul olurlar? Nazirlik bu siyahını tərtib etdi ki, yerlərdə icra hakimiyyəti orqanları sui – istifadə hallarına yol verməsin. Nazirlik şəffaflığın təmin olunması üçün bu siyahıları hazırlayıb”.

S.Məmmədovun sözlərinə görə, icra hakimiyyəti orqanları məşğulluq idarələri ilə hər hansı sövdələşməyə gedirsə, bunun qarşısını almağın ən yaxşı yolu ictimaiyyətin iştirakıdır: “Dövlət işsizliyin qarşısını almaq üçün böyük vəsait ayırıb. Kimsə də “ölü canlar” siyahısını düzəldib, həmin vəsaiti mənimsəyirsə, bu, artıq cinayətdir. Burada problem var ki, bu məsələ üzə çıxıb. Deməli, digər rayonlarda da bu problem yaşanır”.
***
Hazırda Dağıstanda olduğunu bildirən sabiq başçı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib: “Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.
Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb: “Harada idi o pul? (gülür) Allaha and olsun birinci dəfədir belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.
azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar