Ana səhifə

Parlament nə vaxt buraxılacaq, seçkilər nə zaman olacaq?

    Tarix: 29-11-2019 09:26   


OrucFotonun müəllifiİSMAYİL NUR

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının əvvəllərində keçirilə bilər.

Bu ehtimalı BBC News Azərbaycanca ilə söhbətində Milli Məclisin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin rəhbəri Zahid Oruc söyləyib.

Cümə axşamı günü Milli Məclisdə çoxluğa malik, hakim partiyadan olan deputatlar parlamentin buraxılması üçün prezidentə müraciət edib. Bu səbəbdən yaxın günlərdə parlamentin buraxılacağı və növbədənkənar seçkilərin təyin ediləcəyi gözlənilir.


Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar qərarlarının "islahatlar coğrafiyasının" genişlənməsi məqsədi daşıdığını deyib.

Təhlilçilər isə bunun 2016-cı il referendum ilə yaradılmış vitse-prezidentlik postuna təyin olunmuş Birinci Ledi Mehriban Əliyevanın prezident kimi hakimiyyətə gəlməsinin mümkün ssenarisilə bağlayırlar.

Bəzi təhlilçilər ehtimal edir ki, bundan bir qədər sonra növbədənkənar prezident seçkiləri keçirilə və Mehriban Əliyevanın prezidentliyə gətirilməsi məsələsi həll oluna bilər.

Hakim partiya bu iddialarla razılaşmayıb və bunun "bu gün və sabah" gündəmdə olmadığını deyir.

Seçki Məcəlləsindəki seçkinin təyin edilməsiylə səsvermə günü arasındakı 60 günlük müddətə istinad edən Zahid Oruc qeyd edib ki, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi qərarı dekabrın əvvəllərində elan edilərsə, bu, növbədənkənar seçkilərin 2020-ci ilin fevral ayının əvvəllərində keçiriləcəyinə dəlalət edəcək.

"Amma bütün hallarda bu qərarı müəyyənləşdirmək prezidentin səlahiyyətləri altındadır", - Zahid Oruc deyib.

Millət vəkili hakim partiyanın təşəbbüsün keçməli olduğu hüquqi prosedurları sadalayıb.

"Əvvəlcə Milli Məclis bu məsələni plenar iclasda müzakirəyə çıxarır, həmin təşəbbüsə imza etmiş insanların çağırışı dinlənilir. Təşəbbüs ətrafında müzakirələr aparıla bilər və ya belə bir təklif edilə bilər ki, təşəbbüs səsə qoyulsun.

Ondan sonra parlamentin qərarı qanun qüvvəsini alması üçün dövlət rəhbəri tərəfindən imzalanır və bu avtomatik olaraq parlamentin buraxılması sayılır, parallel şəkildə yeni seçkilər təyin olunur."

Zahid Oruc qeyd edib ki, yeni tərkibli Milli Məclisin 1-ci iclasına qədər əvvəlki Məclisin səlahiyyətləri uzadılır ki, hüquqi boşluq yaranmasın.

Onun ehtimalına görə, bu hadisə dekabrın əvvəllərində baş verə bilər.


"Növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkədə hər hansı bir fövqəladəlikdən irəli gəlmir. Müəyyən mənada, bu hadisə siyasi islahatların davamlılığı baxımından öz yerindədir. Bütün proseslər hüquqi müstəvidədir, - o qeyd edib. - Onsuz da dekabr ayı başa çatan kimi qış sessiyası bitirdi, Milli Məclis bir aylıq tətilə getməli idi".

Zahid Orucun fikrincə, hakim partiya tərəfindən irəli sürülmüş təşəbbüs Milli Məclisin plenar iclasında irəli sürüləcəyi təqdirdə yekdilliklə qəbul olunacaq.

"Hesab edirəm ki, yeni seçkilərin elan olunması onu sübuta yetirir ki, Milli Məclis bir sıra parametrlərə görə ölkə rəhbərini qane etməyib.

Onun sözlərinə görə, "belə reallıqda" yeni seçkilər "xalqın etibarını və etimadını özlərinə [Milli Məclisə -red.] qaytarmasını təmin etmək baxımından böyük imkanlar deməkdir.

Zahid Oruc əlavə edib ki, belə təşəbbüs təkcə hakim partiyadan, onların təmsilçilərindən gəlməyib.

"Dəfələrlə müxalif qüvvələrdən də biz belə çağırışlar eşitmişik. Bu üzdən hesab edirəm ki, yeni parlament təkcə yeni müasibətləri, yeni qanunvericilik orqanı, yeni hakimiyyət qolunu yox, həm də yeni siyasi müxalifətin formalaşmasına da imkanlar açacaq. Bu, legitim müxalifətin də formalaşması üçün yaxşı bir fürsət olardı", - deputat vurğulayıb.

Azərbaycanda növbəti parlament seçkilərinin 2020-ci ilin payızında keçirilməsi nəzərdə tutulub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net