Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Terrorun yeni ünvanı: Dünya üçün növbəti fəlakət mənbəyi hazırlanır

1-12-2019, 10:20   

ABŞ-ın verdiyi son rəsmi anonsa inansaq, beynəlxalq terrorizm artıq daha bir terror təşkilatına “hamilə”dir...

Müasir dünyanın bir çox ciddi problemləri mövcuddur. Onların sırasında hərbi-siyasi xarakterli olanlardan tutmuş, sosial və maliyyə-iqtisadi məzmun daşıyanlara qədər olduqca önəmli qlobal böhran mənbələri yer alır.

Ancaq daha bir önəmli beynəlxalq problem də var. Və bu problem artıq bütün dünya üçün ən təhlükəli və dağıdıcı fəlakət mənbəyinə çevrilib.

Bəli, beynəlxalq terrorizm hazırda müasir dünyanın üzləşdiyi ən qorxunc kataklizmdir. Mövcud müasir beynəlxalq şərtləri nəzərə aldıqda, az qala qarşısıalınmaz və məğlubedilməz “düşmən” kimi görünür.

Məsələ ondadır ki, beynəlxalq terrorizm vaxtilə olduğu kimi, yalnız hansısa binaya bomba qoyub partladan, ideoloji rəqib sayılan şəxslərə sui-qəsdlər hazırlayan, günahsız insanların daha çox toplaşdığı ictimai məkanları hədəf alan gizli qruplar modelində fəaliyyət mərhələsindən artıq çoxdan çıxıb. Və əlində olan imkanların əhatə dairəsini də bir xeyli genişləndirib.

Belə ki, beynəlxalq terrorizmin “alət və oyunçu”ları artıq dəqiq idarəçilik sistemi üzrə formalaşdırılmış təşkilatlara çevriliblər. Və hədəflərinə çatmaq üçün əvvəlki dövrlərlə müqayisədə demək olar ki, hər şeyləri var.

Похожее изображение

“Kadr (peşəkar terrorçu) hazırlığı” üçün hər şeylə təmin və təchiz olunmuş düşərgələrə sahibdirlər. Bəzi nüfuzlu dövlətlərin xüsusi xidmət servislərinin peşəkar təlimçiləri sayəsində yüksək səviyyədə hazırlıq mərhələsi keçirə bilirlər.

Deməli, olduqca güclü himayədarları da var. Hər halda, bəzi supergüclərin beynəlxalq terrorizmin inkişafında xüsusi rol oynadıqları artıq heç kəsə sirr deyil. Həmin supergüclərin hərbi mütəxəssislərinin terror təşkilatlarının qurulmasında və onların “kadr hazırlığı”nda əhəmiyyətli yer tutduqları barədə kifayət qədər ciddi məlumatlar və təsdiqləyici faktlar mövcuddur.

Amma bütün bunlar da heç hamısı deyil. Belə ki, müasir terror təşkilatları geniş maliyyə resurslarına da sahibdirlər. Və həmin maliyyə resurslarının təmin edilməsində həlledici rol oynayan bəzi “qara biznes” sahələrinə birbaşa nəzarət edirlər. Çünki onlara bu imkanlar bilərəkdən və məqsədyönlü şəkildə yaradılıb.

Digər tərəfdən, terror təşkilatları müasir döyüş texnikası, silah-sursatla da təchiz olunublar. Yəni müasir terrorçular yaxşı silahlanmış vəziyyətdədirlər. Və bəzi Yaxın Şərq ölkələrinin orduları ilə az qala bərabər səviyyədə vuruşmaq imkanındadırlar.

Belə ki, əksər terror təşkilatları öz himayədarlarının hərbi xarakterli təlimləri və silah təchizatıyla az qala orduya çevrilmiş kimi görünürlər. Sahib olduqları maliyyə resursları isə terrorçuları xaos məkanına çevirdikləri ərazilərdə öz dövlətlərini qurmaq niyyətinə düşməyə həvəsləndirir. Belə himayəli terror təşkilatlarına ilk növbədə PKK/PYD və İŞİD-i aid etmək mümkündür.

Картинки по запросу terrorçu düşərgələri

Təbii ki, belə acınacaqlı durumun yaranmasının, bütün dünyanın beynəlxalq terrorizmin qarşısında sözün əsl mənasında, aciz vəziyyətə düşməsinin kifayət qədər ciddi səbəbləri mövcuddur. Və həmin səbəblərin sırasında dünyanın bəzi nüfuzlu dövlətlərinin beynəlxalq terrorizmə verdiyi səhnəarxası himayə dəstəyi xüsusi yer tutur.

Məsələ ondadır ki, bəzi nüfuzlu dövlətlər terror təşkilatlarından öz beynəlxalq maraqlarının təmin edilməsində ən təsirli alət və ya vasitə kimi yararlanmağa çalışırlar. Həmin dövlətlər öz maraqları çərçivəsində hədəfdə olan regionların xaosa sürüklənməsi üçün terror təşkilatlarının fəaliyyətindən maksimum səviyyədə istifadə edirlər. Və son illərdə Yaxın Şərq regionunda baş verənlər bunun ən bariz örnəyi ola bilər.

Eyni zamanda, terror təşkilatları dövlərlərarası rəqabətdə və beynəlxalq qarşıdurmalarda da istifadə edilir. Və bundan ən çox zərər çəkən dövlətlərin sırasında isə məhz Türkiyə ön sırada yer alır.

Çünki bəzi Qərb dövlətləri Türkiyəni zəiflətmək və küncə sıxışdırmaq üçün PKK/PYD terror qruplaşmasından istifadə edirlər. Türkiyəni parçalamağı hədəfləyən həmin dövlətlər PKK/PYD-ni həm himayə edirlər, həm də silahlandırırlar.

Hətta bəzi Qərb dövlətləri Türkiyəyə qarşı qarşıdurmada yararlandıqları PKK/PYD-ni azadlıq hərəkatı kimi təqdim etməyə də çalışırlar. Halbuki PKK/PYD Türkiyədə saysız-hesabsız terror aktları törədib, günahsız insanları, o cümlədən, uşaqları və qadınları qətlə yetirib.

Məhz belə məqamlar dünyada bəzi Qərb dövlətlərinin nəzarətində müxtəlif terror təşkilatlarının olması barədə iddialara haqq qazandırır. Və bu iddialar zaman ötdükcə inkaredilməz reallıq statusu qazanmaqdadır.

Amma artıq o da bir reallıqdır ki, himayə edilən bütün terror təşkilatları nə vaxtsa nəzarətdən çıxa bilirlər və yalnız hədəf dövlətə deyil, bütün dünyaya qarşı ciddi təhlükə mənbəyinə çevrilirlər. Buna misal kimi, vaxtilə ağalarının təsir dairəsindən çıxaraq, bütün dünyaya meydan oxumağa cəsarət etmiş “Əl Qaidə”ni göstərmək olar.

Düzdür, sonralar həddini aşmış bu terror təşkilatının bütün rəhbərləri zərərsizləşdirildi. Və bəzi iddialara görə, “Əl Qaidə”nin bazasında indiki İŞİD formalaşdırıldı.

Картинки по запросу barış pınarı harekatı

Maraqlıdır ki, Türkiyə hərbçiləri son dövrlərdə terrorçuların xeyli sayda silah-sursat və hərbi texnikasını ələ keçirib. Həmin hərbi avadanlığın hamısının ABŞ-a məxsus olduğu deyilir. Yeri gəlmişkən, terrorçu İŞİD qruplaşmasının istifadə etdiyi silah və sursatın ABŞ-da istehsal edildiyi bildirilir.

Bir çox dünya dövlətlərinin parasını ödəməyə hazır olsa belə, almağa nail ola bilmədiyi ABŞ silahlarının məhz İŞİD-in əlində olması olduqca düşündürücüdür. Bunun bir təsadüf ola biləcəyinə və ya hansısa başqa satıcıdan alındığına inanmaq isə sadəlövhlük olardı.

Çünki ABŞ-ın istehsal etdiyi silahları bu superdövlətdən satın alıb, başqasına satmaq qeyri-mümkündür. Hətta mümkün olsa belə, ABŞ-ın birbaşa razılığı olmadan kimsə buna cəsarət etməz.

Ancaq bəzi iddialara görə, İŞİD da artıq öz dövrünü doldurub və bu terror təşkilatının zərərsizləşdirilməsi prosesinə start verilib. Lideri bir müddət öncə artıq “səhnədən çıxarılan” bu terror təşkilatının əvəzinə onun bazasında bənzər yeni terrorçu qruplaşmanın yaradıla biləcəyi ilə bağlı iddialar da mövcuddur.

Картинки по запросу barış pınarı harekatı

Digər tərəfdən, ABŞ Yaxın Şərqdəki xaos məkanında İŞİD-in yenidən peyda olacağına dair xəbərdarlıq yayıb. Və bu xəbərdarlığın məzmunu İŞİD-in bazasında və fərqli ad altında yeni terrorçu təşkilatın yaradıla biləcəyi ilə bağlı iddiaları daha da aktuallaşdırır.

Məsələ ondadır ki, Pentaqonun hazırladığı son hesabatda İŞİD-in yenidən güclənəcəyi qeyd olunub. Hesabatda iddia edilir ki, Suriyanın şimal-şərqindən ABŞ-ın çəkilməsini və Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasını fürsət bilən İŞİD “yenidən təşkilatlanmağa” başlayıb.

Göründüyü kimi, yeni terror təşkilatının anonsu da artıq rəsmən verilib. Yəqin ki, prosesin davamında yeni ad da tapacaqlar və terrorun yeni ünvanını məşhurlaşdırıb, qlobal xofu dərinləşdirəcəklər.

Yəni belə anlaşılır ki, beynəlxalq terrorizm artıq növbəti terror təşkilatına “hamilə”dir. Bu “doğuş” reallaşarsa, dünyanı yeni kataklizmlərin gözləyə biləcəyi isə qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar