Ana səhifə

İSLAHATLA AYAQLAŞA BİLMƏYƏNLƏR... – İstefa verənlərin yenidən deputat olmağa mənəvi haqqı olacaqmı?

    Tarix: 02-12-2019 18:07   


Azərbaycanın siyasi tarixində Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin keçirilməsi praktikasına indiyə qədər rast gəlinmədiyi üçün YAP-ın təşəbbüsü ilə reallaşmaqda olan bu prosedur bir çox cəhətlərinə görə müxtəlif suallar doğurur. 

İlk olaraq, məsələnin hüquqi tərəfi ölkənin bir çox tanınmış hüquqşünasları tərəfindən müzakirə predmetinə çevrildi və bir çoxları parlamentin özünün istefaya göndərilməsi üçün Prezidentə müraciət etməsi, eləcə də, buraxılan parlamentin yenisinin seçiləcəyi dövrə qədər fəaliyyətini davam etdirməsi məsələlərində problemli məqamların olduğunu bildirdilər.

Lakin məsələnin hüquqi aspektilə yanaşı bir də adi məntiq, siyasi mədəniyyət və mənəvi tərəfi də var. Belə ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarında deyilir: "Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədi ilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciətlə əlaqədar Milli Məclisin sədrinə müraciət ediblər və belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər…”

Xatırladaq ki, sözügedən qərarın səsverməsində iştirak edən 101 deputatın 99-u qərarın lehinə, 1-i əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Bu əsaslandırma ilə qərarın lehinə səs verən həmin 99 deputat açıq mətnlə etiraf edir ki, “islahatların daha da genişlənməsi, dərinləşməsi prosesindən” kənarda qalıblar! Yəni ki, islahatla ayaqlaşa bilmirlər və bu səbəbdən Milli Məclisin buraxılmasını xahiş edirlər. Əslində, parlamentdəki real durum Prezidentə müraciətin mətnində göstərilənlərdən daha acınacaqlı idi. Yəni ki, bu Milli Məclislə, orada oturanların bir çoxunun təfəkkürü, düşüncə tərzi və digər keyfiyyətlərilə doğrudan da nə yenilik, nə də islahat mümkün görünürdü.

Maraqlıdır ki, Milli Məclisin buraxılmasına səs verən deputatların əksəriyyəti yenidən namizədliklərini vermək fikrindədirlər. Ancaq onların, yenidən belə bir iddia ortaya qoymağa nə dərəcədə mənəvi haqları var? Bu, mübahisəli məsələdir. Çünki adamlar özləri etiraf edirlər ki, onların toplaşdığı tərkib islahatla, yeniliklə ayaqlaşmır. Deməli, onlar peşəkar, işgüzar keyfiyyətlərinin islahatların səviyyəsinə uyğun gəlmədiyini etiraf edirlər.

O da məlumdur ki, Milli Məclis istefaya göndəriləndən sonrakı 3 ay ərzində yeni parlament formalaşdırılmalıdır. Yenidən namizədliklərini vermək istəyənlərin məntiqindən belə çıxır ki, həmin 3 ayda onların təfəkküründə və digər keyfiyyət göstəricilərində dəyişiklik baş verəcək, beləliklə də islahatlara uyğunlaşacaq və yeni parlamentdə təmsil olunmağa layiq olacaqlar...

Müraciətin sonunda isə deyilir ki, “xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir”.

Burada da “xalqın etimadının yenidən qazanılması” ifadəsi, yumşaq desək, bir qədər müəmmalıdır. Çünki sözügedən deputatların bir çoxunun indiyə qədər olmayan şeyi yenidən necə qazanacağı da sual doğurur...

Cəlal MƏMMƏDOV 

AzPolitika.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net