Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AVROPADA TOQQUŞAN MARAQLAR:TANAP-ın açılışı ilə Türkiyə qaz tranzitində əsas oyunçu halına gəlib

10-12-2019, 14:15   

Dmitar Beçev

“Əl-Cəzirə”, 09.12.2019

 

Dekabrın 3-4-də Londondakı NATO sammiti üzv ölkələr arasında daxili dava ilə yadda qalıb. Bununla birlikdə, 2 günlük toplantının sonunda bir məsələdə konsensus əldə edilib: Rusiya Alyans üçün böyük problem yaradır.

“Rusiyanın təcavüzkar hərəkətləri Avroatlantik təhlükəsizlik üçün təhdiddir”, – deyə yekun bəyannamədə qeyd olunur. Hətta ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Tayyib Ərdoğan və Macarıstanın baş naziri Viktor Orban kimi Vladimir Putin heyranları sənədə imza atıblar.

Rusiya ilə qarşıdurma təkcə hərbi və müdafiə sahəsində deyil, enerji sektorunda da baş verib.

10 il və ya daha çox müddətdə ABŞ və Şərqi Avropadakı bir çox müttəfiqləri Moskvanı təbii qaz ixracatı ilə postsovet qonşularını hədələmək və Qərbdə nifaq salmaq üçün bir vasitə kimi istifadə etməməyə çağırıblar.

Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verdiyi üçün tətbiq edilən sanksiyalarla Aİ enerji təchizatından asılılığını azaltmağa çox çalışır. Keçmişdə karbohidrogenlər Qərblə Sovet İttifaqını, daha sonra Rusiya Federasiyasını birləşdirməyə və tərəfdaşlığa kömək edib. Ancaq bu gün enerji əlaqələri olduqca mürəkkəbləşib.

Cənub-Şərqi Avropa bu rəqabətin gücləndiyi bölgələrdən biridir. NATO dekabr ayının əvvəlində Birləşmiş Krallıqdakı toplantısına çağırış edərkən, Serbiya prezidenti Aleksandar Vuçiç Soçidə Putinlə görüşüb. Səfər zamanı Vuçiç “Türk Axın”ının və ya “Balkan Axını”nın Serbiya qolunun tamamlanması ilə öyünüb.

Qara dəniz, Türkiyə və Cənub-Şərqi Avropadan keçən təbii qaz boru kəməri “Qazprom”un Ukrayna vasitəsilə tranzitini azaltmaq üçün uzunmüddətli strategiyasının bir hissəsidir. “Türk Axını-2” olaraq da bilinən “Balkan Axını” Türkiyə şəbəkəsini Bolqarıstan, Serbiya və Macarıstan vasitəsilə Avstriyanın Baumqarten bölgəsindəki qaz mərkəzinə bağlayır. O həm Balkanlara, həm də Mərkəzi Avropaya xidmət edəcək.

Bu, 5 il əvvəl Rusiyanı Balkanlarla birləşdirəcək başqa bir sualtı boru kəməri – “Cənub Axını”nın ləğvindən sonra təklif edilib.

“Balkan / Türk Axını” təxminən 4 qat gücü olan “Nordstream 2” ilə birlikdə Rusiya qazının Avropanın əsas istehlakçı ölkələrinə fasiləsiz nəqlinə və bunun nəticəsində yaranan bütün ticari və geosiyasi qazanclara zəmanət verir. Bu cür layihələr Kiyevlə danışıqlarda, o cümlədən qaz tranzitinin gələcəyi ilə bağlı, həm də dekabrın 9-da Şərqi Ukraynadakı münaqişə ilə bağlı çoxdan gözlənilən Putin və Zelenski arasında görüşdə Moskvanın əlini gücləndirir.

Rusiya Balkanlara qaza tədarükündə yeganə oyunçu deyil. Yerli ölkələr, hətta Kremlə rəğbət bəsləyənlər alternativ tədarük üçün addımlar atır. İlk dəfə 1990-cı illərdə Xəzər regionu və Yaxın Şərqdən alternativ enerji mənbəyi kimi təklif olunan Cənub Qaz Dəhlizi nəhayət, reallığa çevrilir.

Noyabrın 30-da Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Trans-Anadolu Boru Kəmərinin (TANAP) tamamlandığını vurğulayan Türkiyə və Yunanıstan qaz şəbəkələrini birləşdiriblər. Şübhəsiz, onun Avropaya tədarükü – ildə 10 milyard kubmetr – Aİ-nin Rusiyadan aldığı həcmlə müqayisədə (2018-ci ildə 176 milyard kubmetr) okeanda bir damcıdır. Ancaq ildə 3 kubmetr Rusiya qazını idxal edən Yunanıstan və Bolqarıstan kimi ölkələr üçün əhəmiyyətli alternativ bir mənbədir.

İki ölkənin TANAP arxasında duran şirkətlərlə – “Şahdəniz”, BP beynəlxalq konsorsiumu, Azərbaycanın ARDNŞ, Türkiyənin TPAO, Norveçin “STATOIL” və digərləri ilə bir milyard kubmetr üçün müqavilələri var.

Bu, həmin ölkələrin əsas tədarükçü – Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”la münasibətdə gücünü artırır. TANAP, bundan əlavə, Yunanıstan-Türkiyə sərhədi ilə İtaliya arasında olan Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq və qazı Albaniyaya, bəlkə də Qərbi Balkanlardakı digər ölkələrə çatdıracaq.

TANAP Türkiyə üçün strateji nailiyyətdir. Uzun müddətdir ki, o, Avropanın neft və qaz istehsalçıları və əsas idxalçıları arasındakı mövqeyini əsas götürərək daha böyük bir istehlakçıdan tranzit ölkəyə keçmək üçün səy göstərib. Azərbaycan qazının Balkanlara gəlişi bu mənzərəni nəticəyə çevirir.

Azərbaycanın özü ixracat istiqamətlərini şaxələndirməyə çalışıb. Sovet İttifaqından müstəqillik qazandıqdan sonra ölkə Rusiyaya bağlı olmayan neft və qaz infrastrukturuna sahib olub.

2006-cı ildə Türkiyənin Ceyhanın strateji dəniz limanına axan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin açılışı ilə Azərbaycan öz neftini beynəlxalq bazarlara çıxara bilib. Elə həmin il açılışı olan Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəməri Azərbaycan qazının Gürcüstan və Türkiyəyə tədarükünə imkan verib.

İndi TANAP-la Azərbaycan təbii qazını Aİ-yə sata və “Qazprom”dan bazar payının bir hissəsini ala bilər.

Ankaranın çoxdan bəri davam edən ambisiyası TANAP-ın 16-31 milyard kubmetrə qədər artırılması, qazın Türkmənistan, Şimali İraq və İran kimi digər istiqamətlərdən almasıdır. Kartlarını düzgün oynasa, Türkiyə özünü ticarət mərkəzi və ən yaxşı enerji gücü edə bilər.

Ancaq belə bir nəticə uzaq perspektiv olaraq qalır. Həm istehsal problemləri, həm də təhlükəsizlik problemləri ilə əlaqədar istehsalçı ölkələrdə tədarük problemi, həmçinin Avropada gələcək tələblə bağlı qeyri-müəyyənlik, geosiyasi risklər, tənzimləmə maneələri və daxili qeyri-sabitlik Ankaranın ambisiyalarını məhdudlaşdırır.

Rusiyadan asılılıq da mühüm amildir. Yanvarın 8-də Putin Türkiyə bazarına xidmət edən “Türk Axını”nın ilk açılışında iştirak etmək üçün İstanbula gələcək. Ancaq bu dəfə Ərdoğanın əli daha güclüdür. TANAP-ın təhvil verəcəyi 6 milyard kubmetr Rusiya ixracının dörddə birinə bərabərdir. Daha ucuz qiymətlər Türkiyəyə ABŞ, Əlcəzair, Nigeriya və Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) alışını artırmağa imkan veruib.

Türkiyənin enerji muxtariyyətinə can atması onu həm Aİ, həm də ABŞ üçün xoş tərəfdaş halına gətirir. Tramp administrasiyası ABŞ-ın Avropadakı LNG satışlarına güvənir. Türkiyə Amerika qazının İspaniyadan sonra Avropa və Asiyada ikinci ən böyük müştəri olub.

Qonşular da ABŞ idxalının artmasında maraqlıdırlar. LNG idxalı Bolqarıstan baş naziri Boyko Borisovun noyabrın 25-də Ağ Evdə müzakirə mövzulardan biri olub.

TANAP / TAP bağlantısının açılması Yunanıstan və Bolqarıstanın şəbəkələrini birləşdirən əlaqə quruculuğu üzərində irəliləməyə kömək edib. İGB olaraq bilinən, əlaqələndirici, eyni zamanda, ABŞ-ın dəstəklədiyi bir layihə olan Yunanıstanın şimal-şərqindəki Aleksandrupoli limanında planlaşdırılan üzən reqazifikasiya bölməsinə xidmət edəcək.

Cənub-Şərqi Avropada transsərhəd enerji bağlantısı həm ABŞ, həm də Türkiyənin maraqlarına uyğundur. Aİ də, Ərdoğanla gərgin və tez-tez qarışıq münasibətlərinə baxmayaraq, Cənub Qaz Dəhlizinin möhkəm tərəfdarı olub. Bu, Rusiyanın 2006 və 2009-cu illərdə Ukrayna vasitəsilə qaz tədarükünü müvəqqəti olaraq dayandırmasından sonra başlanan diversifikasiya səylərinə uyğundur.

Cənub-Şərqi Avropaya qaz tədarükü mövzusunda rəqabət qızışır və TANAP-ın açılışı ilə Türkiyə əsas oyunçu halına gəlib. Suriya münaqişəsi kimi digər məsələlərdə olduğutək, enerji məsələsində bəxti gətirsə, Ankara ən yaxşı razılaşma əldə etmək üçün Qərblə Rusiya arasında tarazlaşdırmanı davam etdirəcək.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar