Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DONBAS DA QARABAĞA OXŞAMAĞA BAŞLAYB... - Rusiya öz oyununu təkrarlayır

10-12-2019, 14:19   


Gözlənildiyi kimi, Donbas böhranının həlli ilə məşğul olan “Normand formatı” çərçivəsində – Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı.

Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar. Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür.

Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dedi ki, Donbasın xüsusi statusu Ukrayna Konstitusiyasında təsbit olunmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək.

Zelenski haqlıdır. Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa Ukraynanın başqa bölgələri də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Onsuz da Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa başlamağa qızışdırırlar.

Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunmasının vacibliyi göstərildi. Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə konkret məlumat yoxdur. Digər tərəfdən, silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlkitək haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhəddinə nəzarət etməlidir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Seperatçılar bunun əleyhinədirlər.

Buna baxmayaraq, o da aydındır ki, Ukraynanın prezidenti müharibə istəmir. Kiyevlə Moskvanın bir başqa razılaşması girovların dəyişdirilməsinin davam etidirlməsiylə bağlıdır.

Beləliklə, Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur.

Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə, Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar