Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda sərhəddə “donuz qripi” təhlükəsi

11-12-2019, 09:34   


Tiflisdə və Batumidə biri azyaşlı olmaqla iki nəfər H1N1 virusuna yoluxub, İranda isə 81 nəfər ölüb; həkimlərimiz sərhədlərdə sanitar nəzarəti gücləndirməyi vacib sayır: “Əhalini təşvişə salmaq olmaz, amma...”

Bu, heç yaxşı xəbər olmadı. Yeni il ərəfəsində, azərbaycanlıların ən çox səfər etdiyi Gürcüstanda qışda ilk dəfə “donuz qripi”nə (H1N1) yoluxma halı qeydə alınıb. Artıq Batumidə bir nəfər virusa yoluxub. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili deyib ki, virusa yoluxan yeniyetmədir.

Bundan başqa, Tiflisdə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib. Hər ikisi ötən həftə xəstəxanaya yerləşdirilib. Nəzərə alanda ki, Azərbaycanda hər il minlərlə turist Gürcüstana gedir və Yeni il bayramında da qonşu ölkəyə axın olur, o halda həyəcanlanmağa dəyər.

Professor, tibb elmləri doktoru Adil Qeybullanın “Yeni Müsavat”a bildirdiyinə görə, ümumilikdə qrip karantin infeksiyasına aiddir və qısa vaxtda epidemiya gətirir.

Adil Qeybulla ile ilgili görsel sonucu

Onun sözlərinə görə, nəzarət olmalı, sərhədlərdə profilaktik tədbirlər görülməlidir, lakin heç də bu yolla epidemiyanın qabağını tam almaq olmur.

A.Qeybulla efirdə maarifləndirmə işlərinin aparılmasını da vacib sayır. Onun fikrincə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun iş qurmalıyıq: “Qripin 2000-dən çox ştamı var və hər il özünü müxtəlif formalarda aparır. ”Donuz qripi" də onun bir formasıdır. Qrip virusunun əlamətləri hərarət, halsızlıq və s. hallardır. Məsləhətdir ki, maskadan istifadə edilsin, soyuqdəymədən qorunmaq lazımdır".

Pediatr Vaqif Qarayev ile ilgili görsel sonucu

Pediatr Vaqif Qarayev isə xatırlatdı ki, keçən il bu vaxt Gürcüstanda vəziyyət daha pis olub. O da təsdiqlədi ki, Azərbaycandan ən çox gediş-gəliş elə bu ölkəyədir: “Ona görə bu virusun bizə keçmə ehtimalı yüksək idı və ötən il keçdi də. Həmin vaxt hər gün Gürcüstan xəbərlərini oxuyurduq və hətta ölüm faktları qeydə alınmışdı. Onlar bunu gizlətmirdilər və rəqəmlər deyilirdi. Sonra Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yaydı ki, Azərbaycanda 14 ya 16 nəfər ”donuz qripi"nə yoluxub. Onda Azərbaycan tərəfi sərhəddə sanitar nəzarəti gücləndirdi, xəstəliyi aşkarlananlar geri qaytarıldı".

V.Qarayev qeyd etdi ki, hər bayramda Azərbaycandan Gürcüstana axın olur: “İndi biz gözləməliyik, qabaqda hələ 20 gün var. Əgər bu gedişlə Gürcüstanda ”donuz qripi"inin yayılması prosesi ağırlaşsa, onda bayramda getmək məsləhət deyil. İnsanlar otursunlar evlərində, bayramlarını keçirsinlər. Sadəcə, insanları təşvişə salmaq da düzgün deyil. Əhaliyə düzgün məlumat verilməlidir. İndi Gürcüstanda turist çoxdur. Yəqin ki, onlara da haradansa keçib. Çünki viruslar tez-tez mutasiyaya uğrayır".

Bu arada publika.az yazıb ki, İranda “donuz qripi” sentyabrdan bu yana 81 nəfərin həyatına son qoyub. Bu barədə ölkənin səhiyyə nazirinin müavini Əli Rza Rəisi danışıb. Rəisi bildirib ki, son bir həftə ərzində 8333 nəfər qrip şikayəti ilə xəstəxanalara müraciət edib. Onların yarısı tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Yarısı isə ambulator müalicəyə buraxılıb. İranın Gülüstan, Mazandaran, Kirman, Əhvaz və Kəhgüliyə-Buyer Əhməd əyalətlərində H1N1 virusu (“donuz qripi”) aşkarlanıb.

donuz qripi” ile ilgili görsel sonucu

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus “donuz qripi” adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

“Donuz qripi”nin texniki adı belə qəbul olunub: A/H1/N1. “A” tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. “Donuz qripi” donuzlarda bütün il boyu özünü biruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma “quş qripi”ndən fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları tez-tez müşahidə olunmur.

“Donuz qripi”nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, “quş qripi”nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar donuz qripinə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar