Ana səhifə

Yunis Səfərov məhkəməsində videoçəkiliş istəyir

    Tarix: 17-01-2020 08:33   
 

“Vətəndaş məmura xəsarət yetirib, xalq bunun səbəbini bilməlidir”
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərovun müdafiəsinə yeni vəkil qoşulub. Onun istədiyi vəkil Elçin Sadıqov prosesə buraxılmadığından yaxınları Bəxtiyar Hacıyevlə müqavilə bağlayıb. B.Hacıyev yanvarın 16-da Y.Səfərov və daha 11 nəfərin məhkəməsində bu barədə sənədləri hakimlərə təqdim edib.
Y.Səfərovgilin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev və daha iki hakimi baxır.
Ötən məhkəmə iclasında Y.Səfərov ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevdən imtina etmişdi. Budəfəki məhkəmədə Cəfər Zalov və Firudin Zeynalov da dövlət hesabına vəkillərdən imtina ediblər. Bildiriblər ki, ailələrinin müqavilə bağladıqları müdafiəçiləri var. Lakin hakimlər onların imtinasını qəbul etməyib. Dövlət hesabına vəkilləri də bu prosesdə müdafiəçi kimi saxlayıblar: “Keyfiyyətli müdafiə üçün imtina qəbul olunmur”.
Cəfər Zalovun ailəsinin müqavilə bağladığı vəkil buna etiraz edib: “Əgər şəxs kimisə vəkili kimi görmürsə, ona etibar eləmirsə, hansı keyfiyyətli müdafiədən söhbət gedə bilər? Siz də qərar verirsiz, amma əsaslandırmırsız. Zəhmət olmasa, əsaslandırın görək, qanunun hansı normasını rəhbər tutub imtinanı qəbul etmirsiz?”
Vəkilə çıxışını başa çatdırmağa imkan verilməyib.
Vəkil Nazim Musayev məhkəmə iclaslarının audioyazı ilə aparılması barədə vəsatət qaldırıb: “Mən bundan əvvəl də Gəncə hadisələrilə bağlı məhkəmələrdə vəkil olmuşam. Təcrübə göstərir ki, audioyazıya ehtiyac var. Çünki məhkəmədə bir söz deyilib, protokola başqa söz yazılıb. Xahiş edirik, audioyazılar cinayət işinin materiallarına da əlavə olunsun, zərurət yaransa, protokollarla müqayisə edə bilək. Məhkəmələrin audioyazı ilə aparılması prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” fərmanında da əks olunub”.
Digər vəkillər, təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Hətta təqsirləndirilən Firudin Zeynalov məhkəmədə jurnalistlərə videoçəkiliş aparmağa şərait yaradılmasını istəyib: “Bu, şəxsi proses deyil, ictimai prosesdir. Adamlar nə baş verdiyini bilməlidir. İctimaiyyəti məlumatlandırmaq üçün videoçəkilişə ehtiyac var”.
Prokuror məhkəmədə audio və videoyazıya ehtiyac olmadığını söyləyəndə Y.Səfərov etiraz edib:
“Azərbaycanda 20-30 il ərzində belə hadisə olmayıb. Vətəndaş məmura xəsarət yetirib, öldürmək istəyib. Adamlar bunun səbəbini bilməlidir. Bu, xalqı maraqlandıran məhkəmədir. Fövqəladə məsələdir..”
Hakim onun sözünü kəsib. Məhkəmə icraçılarına “Kəsin onun səsini, söndürün mikrofonu” (təqsirləndirilən şəxslərin olduğu şüşə kabinədəki mikrofon), - deyə göstəriş verib.
Hakimlər audio və videoyazı haqda vəsatəti təmin etməyib.
Təqsirləndirilən Firudin Zeynalov qanuna istinad edərək, məhkəmə iclasları bitəndən sonra hər iclasın protokolu ilə tanış olmaq istədiklərini bildirib.
“Bu cür böyük işlərdə, aylarla davam edən məhkəmələrdə ehtiyat hakim olmalıdır. Bunu qanun deyir. Həyatdır, hər kəsin başına bir iş gələ bilər. Sonra işlə yenidən tanış olmaq, bir də başdan məhkəmə keçirmək zərurəti yaranmasın”, - bunu da F.Zeynalov deyib.
Daha sonra Y.Səfərovun dövlət hesabına vəkili Elman Ağayev onun müdafiəsindən uzaqlaşmaq istədiyini deyib. Səbəb kimi isə Yunisin özünün ondan imtina etməsini göstərib: “Bu adam mənə etimad göstərmirsə, mənim müdafiəçi kimi qalmağım doğru deyil”.
E.Ağayev bu haqda vəsatətini yazılı versə də, qəbul olunmayıb. Hakim deyib ki, bir nüsxədə vəsatət kifayət deyil, işdə iştirak edən təqsirləndirilən şəxslər, onların hüquqlarını müdafiə edən 23 vəkil, prokuror və üç hakimin hamısına verilməlidir.
Ardınca təqsirləndirilən Y.Səfərov müdafiəsini qura bilməməsindən danışıb. Deyib ki, hüquqları məhdudlaşdırılır: “Mən bu işdə əsas təqsirləndirilən şəxsəm. Amma hüquqi müdafiəmi qura bilmirəm. Çünki müdafiəmi qurmaq üçün müəyyən imkanlarım olmalıdır, onu da məhdudlaşdırıblar. İl yarımda bir dəfə də nə telefona çıxmağa qoyublar, nə də görüşə. Belə olan halda, bu məhkəmə nə dərəcədə ədalətli keçirilə bilər?”
Hakim cavabında deyib ki, dustağın görüş, telefon danışığı hüququ cəza yerlərində daxili rejim qaydasına aid məsələdir, onlar qarışa bilməz: “Narazılığınız varsa, ərizə yazın, biz sorğu verib araşdırarıq”.
Y.Səfərov bu cavabla razılaşmayıb: “O hüquqlarım təmin olunmadan bu məhkəmə necə davam edə bilər? Axı mənim özümü müdafiə etmək imkanım yoxdur”.
Hakim “otur aşağı” deyərək, onun çıxışını dayandırıb.
Təqsirləndirilən Firudin Zeynalov hakimin davranışına etiraz edib. O bildirib ki, hakimin hərəkətləri onun ədalətli məhkəmə araşdırması aparmaq niyyətində olmadığını göstərir: “Biz sizə etiraz edirik”.
Vəkillər Cavad Cavadov, Vamiq Şükürov və digərləri də hakimlərə etiraz edərək, bunu yazılı şəkildə təqdim etmək üçün vaxt istəyiblər.
Vəkil Bəxtiyar Hacıyev də prosesə yeni qoşulduğunu, cinayət işinin materiallarıyla tanış olmaq, Y.Səfərovla təcridxanada görüşmək istədiyini bildirib.
Natiq Əliyev məhkəmə prosesini 1 ay təxirə saldığını açıqlayıb. Y.Səfərov və digərlərinin məhkəməsi fevralın 17-də davam edəcək.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net