Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin dövlət şurasını özü üçün hazırlamır ki?

18-01-2020, 14:02   


Qonşu Rusiyada da institusional və konstitusion islahatlar gerçəkləşməkdədir. Artıq indidən demək olar ki, onların tempi kifayət qədər yüksəkdir: bu günlərdə hökimət tam tərkibilə istefa verdi, növbəti gün isə elan edildi ki, yeni baş nazir təyin edilib və bir sıra qeyri-rəsmi internet resurslarından belə məlum oldu ki, Rusiyanın yeni baş nazirinin İrəvanla çox sıx əlaqələri var və hətta bəzi yazılanlara görə yeni baş nazir M.Mişustinin anası milliyyətcə ermənidir...

Kadr və xüsusən də ki, konstitusion islahatların digər maraqlı aspektlərinə gəlincə, burada konkret və ümumiləşdirici nəticələr etmək üçün informasiya olduqca azdır: konstitusiyaya yeni düzəlişlər müzakirə üçün Dövlət Dumasına fevralın axırında və yaxud martın əvvəlində daxil olacaq, bunlarla bağlı səsvermə-referendum isə mayın əvvəlində olacaq.

Elə bu səbəbdən də ən aparıcı, bir qayda olaraq, çox məlumatlı olan rusiyalı jurnalistlərin belə prezident V.Putinin növbəti siyasi kombinasiyaları haqqında yalnız dumanlı təsəvvürləri var və buradaca qeyd edək ki, demək olar, bütün təhlilçilər və politoloqlar bu proseslərə istisnasız olaraq hakimiyyətin tranziti prizmasından yanaşırlar, hansı ki, böyük ehtimalla 2024-cü ildə baş tutacaqdır.

Bütün bunlar da heç də təsadüfi deyildir. Artıq çoxdandır ki, həm yerli və həm də xarici mətbuatda Rusiya siyasətində post-Putin dövrü intensiv şəkildə müzakirə olunur.

Bundan başqa tamam-kamal aydındır ki, indiki hakimiyyət və ümumiyyətlə, hakim partiya, xüsusən də prezident V.Putin özlərinin yaxın siyasi perspektivləri haqqında ciddi şəkildə düşünməkdədirlər və bu, heç də sırf Rusiya fenomeni deyil, dümək olar ki, dünyanın bütün hakim partiyalarına addir.

Amma burada sırf Rusiyaya xas olan bir sıra məqamlar da var. Bəli, məlumdur ki, digər ölkələrdə oxşar problemlər mövcud konstitusion prosedurlarla və ölkənin siyasi standartlarına uyğun olaraq həll edilir.

Fəqət, Rusiyada digər praktika da var: burada mütləq hansısa istisnalar, hansısa qeyri-standart girişlər və çıxışlar olmalıdır. Odur, təsadüfi deyil ki, Rusiyanın təhlilçiləri artıq bir məqama diqqət yetirirlər: prezident Putin Dövlət Şurasına konstitusion status vermək istəyir! Elə buna görə də dərhal sual yaranır: V.Putin Dövlət Şurasını özü üçün hazırlamırmı?

Aydın məsələdir ki, burada iki məqam ola bilər. Mümkündür, Dövlət Şurası Putinə hakimiyyətin tranzitilə bağlı qərar verməyə lazım olacaq.

İkincisi, istisna deyildir ki, prezidentlikdən sonra Vladimir Vladimiroviç Dövlət Şurasının sədri olmağa hazırlaşır.

Hələlik bu konteksdə konkret söz demək çətindir. Amma qeyd etdiyimiz kimi, çox yaxın perspektivdə hər şey aydın və anlaşıqlı olacaq.

Qəti olaraq bir şeyi demək mümkündür ki, Rusiya təcrübəsində istisnalarsız keçinmək olmur və bu ölkənin başlıca müstəsnalığı da məhz budur ki, burada demək olar bütün hökmdarları əvəzolunmaz və təkrarsız hesab ediblər: nəinki həqiqətən də qüdrətli İ.Stalinlə, hətta L.Brejnevlə bağlı da belə olmuşdu, baxmayaraq ki, sonuncu ən azı müasirlərinin etiraflarına görə dəfələrlə onu istefaya göndərməyi xahiş edibmiş, çünki son illərdə demək olar zorla hərəkət edirdi. Amma yuxarı partiya elitası hər dəfə əziz Leonid İlyiçin bu xahişini rədd edirmiş, guya ki, hakimiyyət ierarxiyasında Leonid Brejnevi əvəz edə biləcək bir adam yox imiş...

Maraqlıdır, hər dəfə, bu və ya digər hökmdardan sonra Rusiyada hamı düşünürdü ki, görən, ölkə necə olacaq?

Bir qayda olaraq, qorxulu bir şey baş vermirdi, ölkə qalır, pis -yaxşı idarə olunur və inkişaf edirdi, bir dahi rəhbərin yerini digər dahi rəhbər tuturdu.

Eyni hal indi də müşahidə olunur. Politoloqlar elə hey düşünürlər ki, Putindən sonra Rusiya necə olacaq? Halbuki ağıllı adam deyər ki, əgər Putinə qədər Rusiya olubsa, deməli ondan sonra da olacaq və ən əsası da heç kim soruşmur ki, doğrudanmı bu böyüklükdə ölkədə Putini əvəz edə biləcək bir nəfər yoxdur?

Əlbəttə ki, var, özü də bir nəfər yox, yüzlərlə. Hakim partiyanın təhlilçiləri, politoloqları, təbliğatçıları və təlimatçıları özləri də gözəl bilirlər ki, əvəzolunmaz adamlar yoxdur, xüsusən də primitiv ağıldan bir azacıq artıq ağıl tələb edən bir sahədə - siyasətdə...

Amma onları da başa düşmək mümkündür. Axı bu adamlar soruşa bilməzlər ki, V.Putindən sonra bizim halımız necə olacaq? Ona görə də sualı bir az başqa cür qoyurlar: “V.Putindən sonra Rusiyanın vəziyyəti necə olacaqdır?”

 



musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar