Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan etdi ki, parlament seçkilərinin demokratik keçirilməsində maraqlıdır.

Əslində dövlət başçısının seçki prosesinin şəffaflığında maraqlı olmasını anlamaq üçün dərin politoloq olmağa ehtiyac yoxdur. Ötən ildən başlayaraq ciddi kadr və struktur islahatları başlayıb – aydın görünür ki, hakimiyyət xalqın zəifləmiş etimadını qaytarmağa can atır, imici təmiz olan gənc və işgüzar kadrları yüksək vəzifələrə təyin edir. Seçki prosesinin demokratikliyi də bu yolda vacib addım olacaq – həm xalqın inamını möhkəmləndirəcək, həm də dünya birliyinin Azərbaycana münasibətini müsbətə doğru əsaslı şəkildə dəyişəcək.

Amma maraqlar nə qədər aydın görünsə və nə qədər anlaşıqlı ifadə olunsa da, israrlı xəbərlər gəlməkdə davam edir: Filankəsin deputatlığına “dobro” verilib. Hazırda “dobro” texnologiyasının nə dərəcədə effektli işlədiyini dəqiq deyə bilmərik. Ancaq belə görünür ki, həqiqətən də kimlərsə kimlərdənsə “dobro” alıblar.

“Dobro” alanlardan birinin də qalmqallı jurnalist və bir o qədər də anlaşılmaz siyasətçi olan Rauf Arifoğlu olduğu deyilir. Görüntülərin təhlili də deməyə əsas verir ki, adam həqiqətən də “dobro” alıb və “millət vəkili” təyin olunacağına tam arxayındır.

Yox, bizim üçün məsələnin maraqlı tərəfi heç də R.Arifoğlu deyil, ona “dobro” verənlərdir. Doğrudanmı hakimiyyətin hansısa qanadı bu dərəcədə “prinsipsizlik” uçurumuna yuvarlanıb. Hakimiyyətdə o hansı şəxsdir ki, müasir, başqa sözlə yeni Azərbaycanın ən möhkəm ideoloji dayağını, “Heydər Əliyev” adını bütün mümkün variantlarla təhqir edən birisinə “dobro” verib? Mərhum Prezident, Ümummilli Lider Heydər Əliyevi nə əvvəllər, nə də sonradan heç kim R.Arifoğlu qədər qeyri-etik tonda təhqir etməyib. “Gələcək millət vəkili” eyni münasibəti indiki ölkə başçısı İlham Əliyevə qarşı da nümayiş etdirib.

Belə çıxır ki, kimsə xaricdə oturub hakimiyyəti, ölkənin indiki rəhbərliyini ən ağır leksikonla təhqir edənlərə mesaj verir: Söyməyinizdə olun, sonra nə vaxt istəsəniz, gəlib deputat ola bilərsiniz.

Məsələnin ən vacib məqamlarından biri odur ki, hakimiyyət və R.Arifoğlu qarşılıqlı olaraq bir-birlərini bağışlamayıblar. Hər iki tərəf bir-birinə qarşı elə addımlar atıblar ki, belə münasibətlərdən sonra bağışlanma mümkün deyil.

Prinsipcə, bu hakimiyyət Əli Kərimliyə heç nə etməyib – AXCP lideri o dərəcədə alçaldılmayıb, öz mövqeyini danıb öz tərəfdarlarını söyməyə məcbur edilməyib, hakimiyyətin “sirk”ində oynadılıb özünə söyüş də qazanmayıb. Amma bunu R.Arifoğlu haqqında demək olmaz. Əgər R.Arifoğlunun bu hakimiyyəti bağışladığını düşünürsünüzsə,  yanılırsınız. Belə şeylərdən sonra kimsə kimisə bağışlaya bilməz. Şübhəniz olmasın ki, əgər bu hakimiyyətin sol ayağı büdrəyəcəksə, onun sağ ayağını hamıdan əvvəl R.Arifoğlu baltalayacaq. Başqa sözlə, Əli Kərimlinin bu hakimiyyətlə düşmənçiliyi R.Arifoğlunun dostluğundan qat-qat təhlükəsizdir.

Görünür, hakimiyyətdə kimlərinsə gizli məqsədləri var. Bu məqsədlərin nə olmasından asılı olmayaraq R.Arifoğlunun deputat olaraq Milli Məclisdə görünməsinin nəticələri bəri başdan bəllidir. Hamı yaxşı bilir ki, R.Arifoğlu indiki imici ilə seçici səslərinin real olaraq heç 2 faizini də ala bilməz. Amma belə başa düşülür ki, kimsə onu “deputat” etmək üçün “dobro” mexanizmini tam gücü ilə işə salıb. Bu plan baş tutacaqsa, hakimiyyətin qazanmaq istədiyi islahatçılıq imici alt-üst olacaq. Xalqla dialoq cəhdlərinin səmimiliyi şübhə altına düşəcək, müəyyən qüvvələr hakimiyyətdən “biz söyüş müharibəsini davam etdirməkdə israrlıyıq” mesajı alacaq. Əks halda belə “deputat”larla insanları qıcıqlandırmaq kimin nəyinə lazımdır?

Bəli, parlament seçkiləri demokratik olmaya da bilər. Amma bu o demək deyil ki, deputat siyahısı ilə mütləq xalqı təhqir etmək lazımdır. Siyahını təhqirsiz ardıcıllıqla da tərtib etmək olardı. “Qızıl orta”nı tapmaq – həm hakimiyyətin, həm də xalqın “dobro” verdiyi bir parlament formalaşdırmaq o qədər də mürəkkəb məsələ deyil. Görünür, kimlərsə variantların arasında ən mürəkkəb olanları seçir…

Hikmət Ağayev, AzToday.az