Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elçibəyin tarixi proqnozu və Rauf Arifoğlunun 9 fevral iflasının 9 səbəbi

24-01-2020, 10:35   
 
Mərhum liderimiz Əbülfəz Elçibəyin bir çox gələcəyə yönəlik proqnozları zaman-zaman gerçəkləşib. Onuntək proseslərlə bağlı deyil, şəxslər haqqında dediklərinin də illər sonra təsdiqini tapmasının şahidi olmuşuq. İndi bu yazıya başlarkən da bu böyük şəxsiyyətin “Günaydın” qəzetinin 5-6 avqust 1999-cu il sayında dərc olunan müsahibəsindən bir hissəni yada saldıq. “Yeni Müsavat” qəzetinin ona qarşı açıq kampaniya aparmasından danışan Elçibəy deyir: “ Rauf Arifoğlunun uğurdan başı gicəllənib, o bilmir ki, nə edir. Onun axırı yaxşı olmayacaq”.  Deyəsən bu axır çatıb...
Hərəkatçı Rauf Arifoğlu tükənib, inqilabçı yazar Rauf Arifoğlu yoxa çıxıb, müxalif siyasətçi Rauf Arifoğlu məhv olub... bir balaca dost, yoldaş Rauf Arifoğlu qalmışdısa o da 35-ci dairə seçki komissiyasına namizədlik haqda ərizə veriləndə keçindi. İndi bütün bu tükənib, məhv olmanın təsdiqi prosesi gedir. Ola bilər yuxarıda deyilən axırın konkret günü 9 fevral olmayacaq. Amma 9 fevral R.Arifoğlunun son illər zirvədən üzüaşağı yuvarlanmasının bitmə nöqtəsi olacaq. Gözlənilən bir iflasın labüd sonluğu...  Bu haqda uzun uzadı danışmağa da dəyməz əslində. Döyüşdə həlak olanlara ağı deyilər. Bilərəkdən əsir düşüb, yaxud dosta atəş açarkən yıxılıb ölənlər haqda ancaq səbəblərdən danışmaq olar. O da qısaca. Beləliklə, 9 fevral iflasının 9 səbəbi:
Birinci səbəb Rauf Arifoğlunun İqbal Ağazadəyə alternativ olmasıdır. Əvvəla. Azərbaycan mentaliteti səbəbin nə olmasından asılı olmayaraq və demokratiya qaydalarında yazılmasa belə  hər kəsin yaxın dost bildiyi, keçmiş məhbəs yoldaşına bilərəkdən rəqib olmanı qəbul etmir. Yaxşı, ya pis hələ ki, düşüncə budur! İkincisi, baş redaktorun ağaları illərlə çiyin-çiyinə yol gəldiyi dostuyla  bir mandata görə qladiator döyüşünə girməyə razılıq verən şəxsin sabah onların özlərini “beş quruşa” satacağının fərqindədirlər.
İkinci səbəb Rauf Arifoğlunun 35-ci dairəni seçməsidir. Burda namizəd olan İqbal Ağazadə ilə heç bir münasibət olmasaydı belə, ölkənin ictimai siyasi həyatından, son 4 çağırış parlament seçkilərindən az-çox xəbərdar olan hər kəs Ümid partiyasının sədrinin bu dairədə məğlubedilməz olduğunu bilməliydi. Bunu ən yaxşı bilən isə elə Rauf Arifoğlunun özü olmalıydı. Bəlkə də bu faktoru ciddiyə almayan baş redaktor indi görüşlərində və seçici sorğularında yanlış qərarının fərqindədir.
Üçüncü səbəb Rauf Arifoğlunun əvvəlindən səhv taktik seçməsindədir. Seçkini Qarabağ adına şou yapan Akif Nağı, media camiəsindən uğursuz millət vəkili olan qalmaqallı teleaparıcı Etibar Hüseynov və eyni reputasiyalı Turan İbrahimovla başlamaq böyük səhv idi. “Yeni Müsavat” tribunasını itirməmək üçün süni şəkildə tərif söyləyənləri dinləməkdənsə seçki dairəsində seçici rəyini öyrənib ona uyğun addım atmaq lazım idi.
Dördüncü səbəb Rauf Arifoğlunun yer aldığı cəbhədir. Açıqdan açığa görünür ki, sürətlə baş verən kadr dəyişikliyi və idarəçilik islahatı prosesində R.Arifoğlu onu prezidentdən medal almağa qədər ucaldan Əli Həsənov komandasından ayrıla bilmədi. Bu gün “Yeni Müsavat” rəhbərinə həm inzibatı, həm media xətti ilə dəstək göstərən istənilən qüvvənin bir ucu məhz Əli Həsənova gedib bağlanır. Bu isə heç şübhəsiz əks effekt verir.
Beşinci səbəb Rauf Arifoğlunun zamanla çiyin-çiyinə durduğu insanlara qarşı çıxmasıdır. Əslində İqbal Ağazadə birinci deyil və bu gedişat sonuncu olacağını göstərir(çünki daha nə şans olacaq, nə də inam).  2003-cü ildə həm media, həm siyasət adamı kimi karyerasının zirvə nöqtəsində olan Rauf Arifoğlu o gündən bu günə Müsavat başqanı İsa Qəmbərdən tutmuş media müəsisəsinin sıravi əməkdaşına qədər çoxlarını yarı yolda buraxdı. İctimai rəydə bunun tək adı deyil nəticəsi də yaxşı olmur.
Altıncı səbəb Rauf Arifoğlunun son illərdə oxucusunun yanında olmamasıdır. Özünün bütün iddialarına rəğmən bu faktdır. Azərbaycan insanı səfalət içində yaşadığı zaman “Yeni Müsavat” iqtisadi və sosial inkişafıdan bəhs edib; Azərbaycan insanı küçədə, idarələrdə haqqını ayaq altda görərkən “Yeni Müsavat” ölkədə demokratiya və qanunçuluğun təntənəsindən yazıb; Azərbaycan insanı həsrətlə yurd naləsi çəkərkən “Yeni Müsavat” Qarabağın bu gün sabah azad olunacağını manşet edib. Həmin insanlar susa bilər, amma onların dərdindən bixəbər görünməni bağışlamaz!
Yeddinci səbəb Rauf Arifoğluya inzibati resursların belə kömək etməməsidir. 35 saylı Xətai üçüncü seçki dairəsinin 39040 seçicisi var. Bu seçici 2000-ci ildən İqbal Ağazadəni öz deputatı kimi tanıyır. Ötən bütün seçkilərdə bu təsdiq edilib. Ərazidəki inzibati resurslara tabe seçici qüvvəsi hərbçilərlə birlikdə uzağı 6-7 min təşkil edər ki, bunun da ən azı yarısı YAP namizədinə yönələcək. Başqa sözlə, R.Arifoğlunun rəqibinə üstün gələcəyi səs fərqini ən yaxşı halda bütövlükdə seçki nəticəsi olaraq qazana bilər.
Səkkizinci səbəb Rauf Arifoğlunun yeni parlamentin elan olunan parametrlərinə uyğun gəlməməsidir. Bir neçə dəfə teleekrana çıxışlarında da adamın “yuxarılarda” doğurduğu antipatiya onun nə baxış, nə də əməl olaraq islahatlarla yanaşı duracaq parlamentdə yer almayacağını düşünməyə əsas verir.
Doqquzuncu səbəb Rauf Arifoğlunun bu gün arxa çevirdiyi keçmişidir. Bu gün Avropadakı mühacirlərə siyasi əxlaq dərsi keçən R.Arifoğlu Azərbaycan siyasətinə təhqir və qarşışı gətirən şəxslərdən biridir. Heydər Əliyevin səhhəti və şəxsiyyəti ilə qeyri-əxlaqi ifadələr üzərindən yazılar tirajlayan Raauf Arifoğlunun bu gün İlham Əliyev siyasətinə sədaqətindən danışması Roma Papasının Həcc ziyarətinə getməsi qədər absurd və bayağı görünür.
Sonda yazının əvvəlində deyilən 21 il öncəki uzaqgörənliyi bu günün formatında ifadə etmək qalır: Bu da axırı...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar