Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Əlinin qanı başında olan cəllad”ın seçki kampaniyası necə bərbad edilib? - Qorbaçovun alınmayan revanşı

12-02-2020, 13:55   




“Əlinin qanı başında olan cəllad”ın seçki kampaniyası necə bərbad edilib? - Qorbaçovun alınmayan revanşı

1991-ci ilin dekabrın 25-də Mixail Qorbaçov artıq mövcud olmayan SSRİ-nin prezdentlik kürsüsündən getdikdən sonra siyasi fəaliyyətində bir müddət passivlik nümayiş etdirib. Amma bu, çox da uzun çəkməyib. Artıq 1993-cü ildə SSRİ-nin ilk və son prezidenti Qorbaçov Vladislav Listyevin “Pik saatı” (Ças pika) verlişində gələcək siyasi fəaliyyəti ilə bağlı anonslar verib, 1996-cı ildə Rusiyada keçiriləcək prezident seçkilərinə qatılacağını bəyan edib.

Sabiq prezident müəyyən olunmuş dövrdə Rusiya Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizəd kimi qeydiyyata alınması üçün kifayət qədər fəallıq göstərib. 1 aprel 1996-cı ildə Mixail Qorbaçovun rəsmi olaraq Rusiya Federasiyasının prezidentliyə namizədləyi təsdiq olunub. Qarşıda isə onu böyük seçki turnesi gözləyib.

Qeyd edək ki, sözü gedən seçkilərdə Qorbaçovun əsas rəqibi həmin dövrdə Rusiyanın Federasiyasının prezidenti olan Boris Yeltsin olub.

Mixail Qorbaçov 1985-ci ildə baş katib seçildiyi ərəfədə olduğu kimi seçki kampaniyasına Sankt-Peterburq şəhərindən başlamağa qərar verib. Amma onun bu şəhərlə bağlı ümidləri 11 il əvvəlki kimi olmayıb.


Qorbaçovun Sankt-Peterburqa gəlişi ilə bağlı şəhərin əsas mehmanxanalarına qeyri-rəsmi göstəriş verilib: 1931-ci il təvəllüdlü Mixail Sergeyeviş Qorbaçova mehmanxanada yer verilməsin.

Həmçinin şəhərin böyük sənaye və istehsal müəssisələrinin, ali təhsil və mədəniyyət ocaqlarının rəhbərlərinə də sabiq prezidentlə görüşlərin keçirilməsinə şərait yaradılmaması ilə bağlı göstəriş verilib.

Qorbaçovun vəkilləri və salahiyyətli nümayəndələri bağlı qapılarla üzləşdikdən sonra Qorbaçov şəhər meri Anatoli Sobçaka müraciət etmək qərarına gəlib. Merin köməkçisinin cavabı isə qısa və konkret olub:

- Cənab Sobçak ciddi məşğuldur və onu narahat etmək olmaz.


Qorbaçov Sankt-Peterburqdakı ilk seçki kampaniyası çərçivəsində yalnız azsaylı jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirməyə nail olub. Konfransın sonunda Qorbaçova imzasız kiçik bir məktub təqdim olunub və orada göstərilib ki, Sankt-Peterburqda ona sui-qəsd ediləcək. Bu xəbərdarlıqdan sonra sabiq prezident şəhəri dərhal tərk etmək məcburiyyətində qalıb.

Moskvaya qayıtdıqdan sonra seçki qərargahında Qorbaçovun seçki marafonunun növbəti marşrutu müəyyənləşdirilib: Novosibirsk, Krasnoyarsk, İrkutsk, Kemerovo, Barnaul, Omsk.

Ümidlərini üzməyən Qorbaçov 17 aprel 1996-cı ildə müəyyən edilmiş istiqamət üzrə səfərə çıxıb.

Prezidentliyə namizəd qeyd olunan şəhərlərdə də təxminən Sankt-Peterburqda olan vəziyyətlə üzləşib. Vaxtilə SSRİ kimi bir dövlətə başçılıq edən Qorbaçovla şəhər rəhbərləri görüşməkdən imtina ediblər, yaxud da ayaqüstü görüşlər zamanı onun xahişlərini müxtəlif bəhanələrlə yerinə yetirməkdən boyun qaçırıblar.

Omskda isə vəziyyət tamam başqa bir məcraya yönəlib. Yerli orqanlarla bir neçə saatlıq mübahisə və müzakirələrdən sonra Qorbaçov şəhərdə fəaliyyət göstərən ictimai-siyasi mərkəzin akt zalında görüş keçirmək üçün razılıq əldə edə bilib. Görüş aprelin 24-ü saat 18-ə təyin edilib.


Görüşə 5-10 dəqiqə qalmış Qorbaçov, səlahiyyətli nümayəndələri və dörd nəfərdən ibarət mühafizəçiləri mərkəzin binasına gəlblər. Giriş qapısından əvvəlcə prezidentliyə namizəd, sonra vəkilləri, daha sonra isə mühafizəçilər içəri daxil olublar. Qorbaçov mərkəzin foyesində 6-7 addım irəlilədikdən sonra qarşı tərəfdən görüşə toplaşanların arasından bir nəfər çıxaraq ona tərəf gəlib. Üzə-üzə yaxınlaşanda həmin şəxs Qorbaçovun başına zərbə endirib. İkinci zərbəni endirmək istəyəndə mühafizəçilər Qorbaçovu yumruqdan xilas edə biliblər. Prezidentliyə namizədə əl qaldıran şəxs peşəkar olmadığından zərbə yetərincə güclü olmayıb. Amma buna baxmayaraq, Qorbaçov aldığı zərbədən müvazinətini itirib.

Hüquq-mühafizə orqanlarına dərhal məlumat verilsə də, onlar yalnız 15-20 dəqiqədən sonra hadisə yerinə gəliblər.

Foyedə qarışıqlıq yaranıb. Qorbaçovun ünvanına “Siyasi fahişə”, “Ölkəni dağıdan yaramaz”, “Xalqı uçuruma aparan əclaf”, “Əlinin qanı başında olan cəllad” kimi fikirlər səsləndirilib. Şahidlərin söylədiklərinə görə, aldığı zərbədən Qorbaçovun başındakı xal həqiqətən qan rənginə çevrilib. Nəhayət, Omsk vilayəti daxili işlər idarəsinin rəis müavini Baranov hadisə yerinə gəldikdən sonra mərkəzdə qayda-qanun yaratmaq mümkün olub. Qorbaçovun həmin mərkəzdə keçirdiyi görüş isə cəmi 7 dəqiqə çəkib.


Qorbaçova zərbə yetirən şəxs elə mərkəzin binasında həbs edilib. Həmin adam 1967-ci il təvəllüdlü, işsiz, heç bir siyasi mənsubiyyəti olmayan Omsk sakini Mixail Malyukov olub.

Mixail Malyukov istintaq təşridxanasına aparılıb. Onun haqqında xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin Qorbaçov bu maddə ilə razılaşmayıb və Moskvaya qayıdan kimi baş vermiş insidentlə bağlı jurnalistlərə açlqlama verib:

- Hüquq-mühafizə və istintaq orqanları əməkdaşlarının bu hadisəni xuliqanlıq kimi qiymətləndirməsi onların savadsızlığının, ədalətsizliyinin, haqsızlığının və ölkədə baş verən özbaşınalığın ifadəsidir. Şəxsin mənə qarşı düşünülmüş, şüurlu və əvvəlcədən planlaşdırılmış əməli prezidentliyə rəsmi namizəd olan bir kəsə sui-qəsd cəhdidir.

Qorbaçovun bu ifadələrinə baxmayaraq, Mixail Malyukova qarşı aşılan cinayət işinə xitam verilib. Məhkəmədə verdiyi ifadədə Malyukov öz əməlinə belə haqq qazandırıb:

- Əslində mənim onu vurmaq fikrim yox idi. Amma ona yaxınlaşanda törətdiyi cinayətlər, ölkəni necə məhv etməsi bir daha gözümün önündən keçdi və mən dözmədim, ona əl qaldırdım. Nəyə görə əl qaldırdığımı isə onun üzünə dedim. Dedim ki, bu sənin əməllərinin cavabıdır.


Məhkəmədən sonra Mixail Malyukov istintaq təcridxanasından çıxarılaraq 1 il 6 ay müddətinə psixoloji dispanserdə məcburi müalicəyə cəlb edilib. Mixail Qorbaçov isə həmin ərəfələrdə qapaz dəyən başı ilə seçki məğlubiyyətinin ağrılarını yaşayıb./musavat.com/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar