Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"ŞƏHİDİN NƏŞİ DÖYÜŞ BÖLGƏSİNDƏ QALIB" - Atışma davam edir (Yenilənir)

24-02-2020, 14:34   



Bu gün şəhid olan İbrahim Vəliyev kəlbəcərli vəkil Əziz Qənbərlinin qohumudur.

Bu barədə Modern.az-a danışan Əziz Qənbərli şəhidin ailəsi haqqında məlumat verib. O qeyd edib ki, əsgərimizin nəşini Qazaxdan çıxarmaq hələlik mümkün olmayıb:

“Hazırda döyüş bölgəsində yenə atışma səngimək bilmir. Şəhidimizin nəşi də döyüş bölgəsindədir. Ona görə, ailəsinə təhvil verilməyib. Yəqin ki, yaxın vaxtda dəfn haqqında məlumat veriləcək.

Əsgərin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündürlər. Hazırda Zərdabda yaşayırlar. İbrahimin özündən kiçik bir qardaşı və bacısı var”.

Vəkil onu da bildirib ki, şəhidin atası ağır xəstədir: “Atası müalicə üçün İrana getməli idi. Oğlunun şəhid xəbərini çatdırdılar, yoldan qayıtdı. Ailə təsərrüfatla məşğuldur, maddi durumları o qədər də ürəkaçan deyil.

Üzücü xəbər olsa da, vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər bizim qürurumuzdur”. 



* * *

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar