Ana səhifə

Azərbaycan vətəndaşları ölkəyə necə qayıtsın? – XİN qaynar xətt yaratdı

    Tarix: 18-03-2020 16:45   

Dünyada koronavirusun kütləvi yayılması ilə əlaqədar dövlətlər təcrid rejimi və fövqəladə vəziyyət elan edərək təxirəsalınmaz tədbirlər görürlər. Bununla əlaqədar xarici ölkələrdə olan bir çox Azərbaycan vətəndaşı çətin vəziyyətə düşüb. Onlar sərhədlərini bağlayan ölkələri tərk edə bilmirlər.

Məsələn, Azərbaycan vətəndaşı Azadə Abdullayeva Hindistandan Azərbaycana gələ bilmir.

“İndi Hindistanın şimalındakı Varanasi şəhərindəyəm. Martın 29-da Qazaxıstan ərazisindən tranzitlə Azərbaycana uçmalı idim. Lakin Qazaxıstan hava yolları uçuşları ləğv etdi. Moskva üzərindən uçmaq üçün bilet almağa çalışdım, amma bu uçuşlar da ləğv edilib”, – deyə A.Abdullayeva Media.Az-a açıqlamasında bildirib.

Təəssüf ki, bir çox soydaşımız eyni vəziyyətlə qarşılaşıb. Azərbaycanın diplomatik nümayəndəlikləri vətəndaşlardan gələn çağırışlara operativ şəkildə reaksiya verməyə çalışır.

Bu gündən etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xarici ölkələrdə çətin vəziyyətə düşən vətəndaşlarımızın müraciət edə biləcəyi yeni qaynar xətti açılıb: +994 12 596 94 49.

“Vətəndaşlarımızdan xahiş edirik ki, hazırda olduqları ölkələrin COVID-19 virusu ilə əlaqədar təyin etdiyi karantin qaydalarına əməl etsinlər. Həmçinin, bu dövlətlərdəki Azərbaycanın səfirlik və konsulluqları tərəfindən verilən məlumatları izləsinlər. Lazım gələrsə, diplomatik missiyalarımızla əlaqə saxlasınlar”, – deyə Azərbaycan XİN-in məlumatında bildirilir.

Bundan əlavə, vətəndaşlar müraciətlərini Azərbaycan XİN-in elektron poçt ünvanına göndərə bilərlər: workinggroup@mfa.gov.az.

Azərbaycanın bütün diplomatik missiyalarının əlaqə məlumatlarının siyahısını təqdim edirik.

Yeni koronavirusun (COVID-19) dünyada geniş yayıldığını nəzərə alaraq, Azərbaycan XİN həmvətənlərimizə ölkə sərhədlərini tərk etməkdən çəkinməyi, yalnız ciddi ehtiyac olacağı təqdirdə xaricə getməyi tövsiyə edir.

Bununla yanaşı, Azərbaycanın Milli aviadaşıyıcısı həmvətənlərimizin vətənə qayıtması üçün çarter uçuşlarını davam etdirir.

Media.Az-a AZAL-ın Mətbuat Xidmətindən verilən məlumata görə, aviaşirkət tərəfindən artıq Rusiya, İtaliya və Türkiyədən bir qrup Azərbaycan vətəndaşı ölkəyə gətirilib. (oxu.az)

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net